AZ

Ermənistanda ABŞ-Rusiya qarşıdurması başlayır

Amerika mühəndislik və konsaltinq şirkəti AECOM-dan olan bir qrup ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından Ermənistana səfər edib.

Amerikalı mütəxəssislərin “TRIPP layihəsi”nin inşası üçün ərazi araşdırmalarına başlayacaq. Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

“Bu araşdırmalara Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastrukturun tikintisi üçün texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanması daxil olacaq”,-deyə məlumata bildirilir. 

Qeyd edək ki, “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”ndan keçən avtomobil və dəmir yollarının idarəedilməsi üzrə ABŞ və Ermənistan birgə “TRIPP Development” şirkətini təsis edib. Şirkətin səhmlərinin 76 faizi ABŞ-yə, 24 faizi isə 49 il müddətinə Ermənistana məxsus olacaq. Növbəti 50 il müddətinə dair razılaşma üzrə Ermənistanın payının 49 faizə çatdırılması nəzərdə tutulur.

“TRIPP layihəsi”nin icra çərçivəsinə əsasən, ABŞ-Ermənistan şirkəti tranzit dəhlizi boyunca dəmir yolu, avtomobil yolu, enerji təchizatı xətləri və digər infrastruktur obyektləri inşa edəcək, onlardan əldə olunan gəlirləri azı 49 il müddətində idarə edib toplayacaq. ABŞ-nin vitse-prezidenti CeymsDevidVensin fevralın 9-da Ermənistan səfəri zamanı Zəngəzur dəhlizinin “TRIPP Development” birgə şirkəti tərəfindən inşası və idarə edilməsi ilə bağlı müqavilənin imzalanacağı gözlənilir. ABŞ-dən olan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondunu təmsil edən mütəxəssislərin Ermənistana səfər etməsi də Vensin səfərinə hazırlıq məqsədi daşıyır.

Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmaya görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz və təhlükəsiz keçidi təmin ediləcək. Avtomobil və dəmir yollarının keçdiyi ərazilər üzərində suverenlik hüququ Ermənistana məxsus olacaq. ABŞ mühəndislik və konsaltinq şirkəti nümayəndələrinin Ermənistana səfəri Zəngəzurdan keçəcək dəmir yolunun inşası və yenidən qurulması işlərinin amerikalılar tərəfindən həyata keçiriləcəyini göstərir.

Lakin son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolunun Arazdəyən-Naxçıvan MR sərhədi, Axurik (Türk Qarakilsəsi)-Türkiyə sərhədi və Razdan-İcevan( Karvansaray)-Qazax-Ağstafa istiqamətlərində bərpası və tikilməsi ilə bağlı Rusiyaya müraciət edib.

Ermənistanın ərazi və infrastruktur naziri DavidXudatyan bu məqsədlə Rusiya tərəfi ilə danışıqlar aparıldığını bildirib. Nazir sözügedən ərazilərdə bərpa işlərinin Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacağını deyib. Rəsmi İrəvanın dəmir yolunun bərpasını Moskvadan tələb etməsi Cənubi Qafqaz Dəmir Yollarının Rusiyanın konsessiyasında olması ilə bağlıdır. 2008-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya tərəfi dəmir yolunun inşası, təmiri, modernləşdirilməsi, fəaliyyətinin səmərəliləşdirlməsinə dair öhdəlik götürüb. Buna əməl edilməyəcəyi təqdirdə, Rusiya Ermənistana 57 milyon dollar ödəməlidir. Xudatyan Rusiya tərəfinin bunu etməyəcəyi halda bərpa-tikinti işlərini Ermənistanın özünün etməli olduğunu vurğulayıb. Yəni Ermənistan Rusiyadan öhdəliyə əməl etmədiyinə görə təzminat ödəməyi tələb edə bilər. 

DavidXudatyanınaçıqlamasının arxasında dayanan ikinci mesaj isə Ermənistanın Rusiya ilə konsessiya müqaviləsinə xitam vermək istəyi ola bilər. 2027-ci ildə 30 illik müqavilənin ilk 20 ili başa çatır. Sazişə əsasən, 20 ildən sonra tərəflərdən biri konsessiyanı 10 il müddətinə uzatmasa, Rusiya dəmir yolları üzərində idarəçilik hüququnu itirəcək. Böyük ehtimalla, Nikol Paşinyan hökuməti 2027-ci ildə Rusiya ilə müqaviləni ləğv etməyə hazırlaşır. Rusiyanın Ermənistan ərazisində dəmir yollarının bərpası və yenidən qurulması ilə bağlı müraciətə müsbət cavab verməməsi konsessiya müqaviləsinə son qoyulması üçün yaxşı fürsət ola bilər. Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttini isə ABŞ şirkəti bərpa edəcək. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsindən gedir. AECOM-dan olan mühəndis və menecerlərin bu məqsədlə İrəvana gəldiyi bir vaxtda Paşinyan hökumətinin Rusiyaya müraciətə müraciət etməsi paradoksal görünür. Çox güman ki, ABŞ-nin və Ermənistanın bu addımı Moskvada etirazla qarşılanacaq. Rusiya dəmir yolunun bərpası təklifindən imtina etməklə yanaşı, Ermənistana qarşı əlavə təhdid vasitələrini işə sala bilər. 

Məsələn, 2019-cu ildə Nikol Paşinyan hökuməti CQDY-da korrupsiya və vergidən yayınma faktlarına görə cinayət işi açmaq istədikdə, Rusiya mülkiyyətində olan bütün vaqonları və avadanlıqları çəkib aparacağını bildirmişdi. Bu zaman dəmir yolu relslərinin boş qalacağını görən Ermənistan rəhbərliyi cinayət işini bağlamalı oldu.

Ermənistanda dəmir yollarının bərpası prosesinin ABŞ-nin ixtiyarına keçməsinə mane olmaq üçün Rusiya yenidən analoji təzyiq mexanizmindən istifadə edə bilər. Digər tərəfdən, Ermənistanın nəqliyyat sistemi Avrasiya İqtisadi İttifaqına aiddir. ABŞ şirkətinin Aİİ ərazisində dəmir yolu inşa etmək və fərqli gömrük proseduraları tətbiq etmək istəyi bəri başdan Rusiyanın narazılığına səbəb olub. Rusiya Ermənistanın bu qərarını Aİİ-nınparçalanmasınayönəlik addım hesab edir. Ona görə də amerikalı mütəxəssislərin Ermənistana gəlişi Ermənistanda ABŞ-Rusiya qarşıdurmasını artıra bilər.

Seçilən
23
cebheinfo.az

1Mənbələr