AZ

Vaşinqtondan mesaj: Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik!

Ceyms Vensin Bakıya səfəri ölkəmizin əsas tərəfdaş və etibarlı regional statusunu təsdiqləyir

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bir neçə gündən sonra regiona səfəri reallaşacaq. Son reallıqlar, xüsusilə ABŞ-Azərbaycan münasibətlərinin yeni dönəmdə yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından bu səfər olduqca vacib xarakter daşıyır. Səfər iki ölkə arasında mövcud əməkdaşlığın müzakirəsi ilə yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair Vaşinqtonun siyasi iradəsinin açıq nümayişi kimi diqqət çəkir. Qlobal geosiyasi transformasiyaların sürətləndiyi, ənənəvi güc balanslarının yenidən tənzimləndiyi bir dövrdə ABŞ-ın Cənubi Qafqazda məhz Azərbaycanı əsas tərəfdaş və etibarlı regional aktor kimi qəbul etməsi mühüm siyasi mesaj kimi qəbul olunur.

Klassik əməkdaşlıqdan strateji tərəfdaşlığa...

Azərbaycan müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasəti ilə regional təhlükəsizlik, enerji təminatı və nəqliyyat-logistika marşrutlarının formalaşdırılmasında aparıcı rol oynadığını faktiki olaraq sübut edib. Enerji təhlükəsizliyi sahəsində Avropanın əsas tərəfdaşlarından birinə çevrilən, postmüharibə dövründə sülh və əməkdaşlıq təminatçılarından birinə çevrilən Bakı artıq qlobal gündəlikdə də söz sahibidir. Məhz bu reallıqlar ABŞ-ın Azərbaycanın regional lider statusunu qəbul etməsini və açıq şəkildə dəstəkləməsini şərtləndirən əsas amillər sırasındadır.

Vensin səfəri fonunda aparılacağı proqnozlaşdırılan müzakirələr genişspektrlidir - xüsusilə, Vaşinqton Azərbaycanı Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və dayanıqlı inkişafın əsas dayağı kimi görür. Bu yanaşma ABŞ-ın bölgəyə baxışında yeni siyasi xəttin formalaşdığını, ikitərəfli münasibətlərin isə klassik əməkdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini təsdiqləyir. Yeni mərhələdə Azərbaycan-ABŞ əlaqələrinin təhlükəsizlik, enerji, nəqliyyat, rəqəmsal transformasiya və regional sülh gündəliyi üzrə daha sistemli və dərin məzmun qazanacağı artıq real perspektiv kimi önə çıxır.

Sülh, enerji, təhlükəsizlik əməkdaşlığı və “907”-ci düzəlişin ləğvi...

Sirr deyil ki, Donald Trampın hakimiyyətə gəlişi ilə Ağ Ev administrasiyasının prioritetləri də dəyişib - artıq ABŞ əvvəlki adminitrasiyaların apardığı ənənəvi dünya hegemonluğa, regionları nəzarət altına saxlamaq niyyəti ilə hərəkət etmir. Yeni dövrdə münasibətlər sisteminin mahiyyəti iqtisadi əməkdaşlıqdan, biznes mühiti formalaşdırmaqdan, iqtisadi dividentlər əldə etməkdən gedir ki, bu da təsadüfi deyil. Amerika dünyanın yeni nizamında əməkdaşlıq prinsiplərini ön plana çəkir. Amerikanın strateji maraqlarını Cənubi Qafqazda yönəldən ən mühüm amil də məhz budur - yeni nizamın ən mühüm faktoru kimi ortaya çıxmış tranzit nəqliyyat dəhlizləri (Orta dəhliz, Zəngəzur dəhlizi (TRIPP), eləcə də, ABŞ-ın geosiyasi durumu düzgün qiymətləndirməsi. Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyətində maraqlı olan ABŞ aparıdığı siyasətlə bu dəhlizin qlobal bağlantıya çevrilməsində maraqlı olduğunu ortaya qoyur. ABŞ-ın Azərbaycana artan marağına gəldikdə isə, rəsmi Bakının müstəqil xarici siyasət apararaq iqtisadi inkişafa diqqət ayırması, beynəlxalq layihələrə müəlliflik etməsi burada ilkin şərt kimi ön plana çıxır. Beləliklə, ABŞ-ın vitse-prezidentinin regiona səfərinin Azərbaycan üçün faydalı olacağı şübhəsizdir. Əvvəla, Ermənistan ilə sülh prosesi sürətlənəcək və sülh müqaviləsi imzalanarsa, dayanıqlı olacaq. Digər tərəfdən Azərbaycanın müttəfiq seçilərək onun daha da inkişafına nail olmaq məqsədilə 907-ci düzəlişin aradan qaldırılması aktuallaşacaq, Zəngəzur dəhlizinin (TRIPP) infrastrukturu üçün sərmayə ayrılması təmin olunacaq.

Yeni strateji situasiya...

Bakı ilə Vaşinqton arasında ötən ilin avqustun 8-də Azərbaycan və ABŞ liderləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, birgə işçi qruplarının formalaşdırılması və institusional əməkdaşlığın dərinləşdirilməsi ABŞ-Azərbaycan münasibətlərinin taktiki deyil, strateji xarakter daşıdığını göstərir. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunmasına və yeni iqtisadi imkanların açılmasına xidmət edir. ABŞ üçün Azərbaycan təhlükəsiz və proqnozlaşdırıla bilən tərəfdaşdır, Azərbaycan üçün isə ABŞ qlobal sistemdə mühüm siyasi və iqtisadi dayaqlardan biridir. Vurğulandığı kimi, artıq Bakı yeni qlobal nizamda fəal və məsuliyyətli aktor kimi seçilir. Azərbaycanın xarici siyasət fəlsəfəsinin mərkəzində əməkdaşlıq, sülh və təhlükəsizlik tezisləri dayanır. Rəsmi Bakı qlobal və regional proseslərdə qarşıdurma deyil, dialoq və uzlaşma xəttini təşviq edir. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və onu yeni dünya nizamının əsas söz sahiblərindən biri kimi çıxış etməsinə şərait yaradır.

ABŞ -ın rəsmi mövqeyi...

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlamasında bildirilir ki, Vaşinqton Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir. “2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında keçirilən tarixi sülh sammitinə əsaslanaraq, ABŞ Prezident Trampın sülh və rifah vizyonunu inkişaf etdirmək və Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”,- deyə açıqlamada qeyd olunur.

Dövlət Departamentinin ortaya qoyduğu bu mövqe son bir ildə ABŞ administrasiyasının rəsmi mövqeyini tam ifadə edir. Təsadüfi deyildi ki,  hələ ötən ilin əvvəlində Trampın Prezident kimi fəaliyyətə başlamasından az sonra Prezident İlham Əliyevə ünvanladığı “Novruz” bayramı ilə əlaqədar təbrik məktubunda da bildirilirdi ki, “ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Bu kimi faktlar bir daha sübut edir ki, Vaşinqtonun Cənubi Qafqaz siyasətində müşahidə olunan dəyişikliklər Azərbaycanın regional və qlobal roluna verilən önəmin artdığını göstərir. Tərəfdaşlıq formatının yenilənməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və siyasi dialoqun intensivləşdirilməsi bu münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını deməyə əsas verir. Bakı-Vaşinqton münasibətlərindəki bu ukomponentlər isə kompleks şəkildə Cənubi Qafqaz regionu üçün həm geostrateji, həm geoiqtisadi, həm də geosiyasi mənada yeni üfüqlər açır.

Pərviz SADAYOĞLU

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr