AZ

Gəncədən Nyu Yorka: Azərbaycanlı Röyal Cəfərov ABŞ də necə tanınmış tatu ustası oldu

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Röyal Cəfərov ABŞ-də fəaliyyət göstərən peşəkar tatu ustasıdır.

Oxu.Az Gəncədən Nyu-Yorka köçən və yaradıcılığı ilə tanınan azərbaycanlı ilə söhbət edib. Onun klassik və müasir rəssamlıq elementlərini özündə birləşdirən realist ağ-qara və rəngli tatu işləri təkcə ABŞ-də deyil, ölkə hüdudlarından kənarda da populyarlıq qazanıb.

Röyal Cəfərovla müsahibəni təqdim edirik:

- Sizin işləri görəndə anlayırsan ki, incəsənət təhsiliniz var. Maraqlıdır, hansı təhsil almısınız?

- Mənim formalaşmağımda əsas rol oynayan şəxs Gəncə Dövlət Dram Teatrının baş rəssamı Vahab Cəfərov olub. Ondan klassik rəssamlığın əsaslarını, kompozisiya və forma düşüncəsini öyrənmişəm. Daha sonra ABŞ-də müxtəlif rəssamlıq məktəblərində və atelyelərdə çoxsaylı master-klaslarda iştirak etmişəm. Bu proses mənim üslubumu həm texniki, həm də fəlsəfi baxımdan zənginləşdirib.

- Necə qərara gəldiniz ki, tatu ustası olasınız?

- Tatu sənəti rəssamlıq sahələri arasında ən çətinlərdən biri hesab olunur. Məhz bu çətinlik məni cəlb etdi. Həmişə mürəkkəb işlərə maraq göstərmişəm. Bundan əlavə, insanlarla birbaşa ünsiyyətdə olmağı çox sevirəm. Buna görə də tatu sənətini özümə ən uyğun yaradıcılıq forması hesab etdim.

- İnsan dərisi çox mürəkkəb bir kətan təsiri bağışlayır. Dəridə rəsmin xüsusiyyətləri barədə danışmağınız maraqlı olardı.

- Dəri adi kətandan tamamilə fərqlənir və olduqca mürəkkəb struktura malikdir. İynə dərinin qatlarına çox dayaz yeridilərsə, tatu iki-üç il ərzində silinə bilər. Əksinə, çox dərinə vurulduqda isə rənglər yayılır, xətlər kobud və qeyri-dəqiq görünür. Dərini, sadəcə, texniki yox, hiss edərək başa düşmək lazımdır. Mənə görə, dəri canlı bir orqanizmdir, sanki insanla danışır. Onu "dinlədikdə" həm işin keyfiyyəti yüksəlir, həm də müştərinin hiss etdiyi ağrı azalır.

- Hər bir tatunu bodi-art adlandırmaq olarmı?

- Bu, tamamilə şəxsi yanaşmadan asılıdır. Bəzən bədəndə yazılan tək bir hərf belə bodi-art sayıla bilər. Amma tatu mədəniyyətinin daha çox inkişaf etdiyi ölkələrdə kiçikölçülü tatular bəzən, sadəcə, xatirə və ya suvenir kimi qəbul olunur.

- ABŞ-yə köç etməyinizin hekayəsi də maraqlıdır. Ölkə dəyişməyə nə vaxt qərar verdiniz?

- Mən Gəncə Dövlət Universitetində təhsil alırdım. İkinci kursda həyatımda kəskin bir dönüş edərək Moskvaya köçdüm və tatu sənətini daha dərindən öyrənməyə başladım. Sonra uşaqlıqdan xəyalım olan Nyu-Yorka köçmək qərarına gəldim.

- Miqrasiyada hansı çətinliklərlə qarşılaşdınız?

- Açığı, miqrasiya prosesi düşündüyüm qədər çətin olmadı. Əlbəttə, adaptasiya dövrü var idi, amma həmin mərhələni nisbətən rahat keçdim.

- ABŞ və Azərbaycanda tatuya münasibət necə fərqlənir? Döyməyə olan tələblərdə də fərq varmı?

- Burada münasibət köklü şəkildə fərqlidir. Ümumiyyətlə, Nyu-York dünyanın ən liberal şəhərlərindən biri hesab olunur. Buna görə də tatuya qarşı, demək olar ki, heç bir neqativ yanaşma yoxdur. İnsanlar sərbəst şəkildə istədikləri döyməni bədənlərinə etdirə bilirlər. Azərbaycanda da tatu mədəniyyətinin inkişaf etdiyini görürəm və bu məni sevindirir. Arzu edərdim ki, daha da inkişaf etsin. Bunun üçün insanların daha açıqfikirli olması və fərqlilikləri qəbul etməyi öyrənməsi vacibdir.

- Rəngli tatular qara tatulardan rəngdən başqa nə ilə fərqlənir?

- Rəngli tatular texniki baxımdan daha mürəkkəbdir. Onlar, adətən, bir qədər daha dərinə vurulur, nöqtələr daha sıx yerləşdirilir və daha çox zaman tələb edir. Qara tatular isə adətən, daha uzunömürlü olur, Günəş şüalarına qarşı daha davamlıdır.

- Sizin ən çətin sifarişiniz hansı olub?

- Ən çətin sifariş "Veneranın doğulması" əsəri əsasında hazırlanmış bütöv qol tatuajı olub. Bu iş təxminən 150 saat vaxt aldı və tam şəkildə iki il ərzində tamamlandı.

- Bədəndə klassik obrazlar müştəri tələbidir, yoxsa sizin təklifiniz?

- Əksər hallarda bu, müştərinin istəyindən irəli gəlir.

- Sizdən istənilən ən qəribə döyməni xatırlayırsınızmı?

- Ən qəribə sifariş amerikalı bir xanımın dünyanın ən məşhur seriyalı qatillərinin portretlərini belinə tatu etdirmək istəməsi olub.

Firəngiz Ağalarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
oxu.az

2Mənbələr