AZ

Azərbaycanın bölgələrində bir günlük istirahət neçəyə başa gəlir? – Qiymətlər

Son illərdə Azərbaycanda qış turizmi sürətlə inkişaf edən və turistlərin maraq göstərdiyi əsas səyahət və istirahət sahələrindən birinə çevrilib. Qış mövsümündə yerli və xarici turist axını mehmanxana infrastrukturuna olan tələbatı əhəmiyyətli dərəcədə artırır.

Bu dövrdə hotellərlə yanaşı, günlük kirayə mənzillər də turistlər üçün alternativ və çevik yerləşmə imkanı yaradır. Xüsusilə ailəvi istirahətə üstünlük verən və daha sərbəst şərait axtaran turistlər üçün kirayə mənzillər həm qiymət, həm də rahatlıq baxımından cəlbedici hesab olunur. Hotellər isə beynəlxalq standartlara uyğun xidmət səviyyəsi, təhlükəsizlik və əlavə istirahət imkanları ilə qış turizminin əsas dayaqlarından biri olaraq qalır.

Qış mövsümündə Azərbaycanda hotel və fərdi evlərdə günlük kirayə qiymətləri hansı aralıqda dəyişir?

Turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycanda turizm sektoru 2025-ci ili təxminən 2%-lik geriləmə ilə başa vurub.

“Hazırda qış fəslindəyik və mövsümə uyğun olaraq ölkəyə xaricdən gələnlərin sayı az olsa da, ölkə daxilində dinamika qalmaqdadır. Yerli sakinlərin hesabına ölkə daxilində turizm sahəsində aktivlik müşahidə edilir. Daha çox paytaxta yaxın ərazilərə yerli turistlərin səfərləri müşahidə olunur”.

Ekspert bildirib ki, turistlər hazırda daha çox qış təsisatlarının olduğu Quba, Qusar və Qəbələ istiqamətlərinə səfərlər edirlər.

“Bu bölgələrdəki beşulduzlu hotellərdə bir gecəlik qalmaq haqqı 200-300 manat, fərdi evlərin bir günlüyü 50 manatdan 150 manatadək, villalarda isə qiymətlər 100-500 manat aralığında dəyişir. Təbii ki, qeyd etdiyim qiymətlərə həftəsonları, bayram günləri də təsirini göstərir. Bu bölgələrlə yanaşı, Lənkəran, İsmayıllı, Gəncə, Naftalan istiqamətlərinə də gedən turistlərimizin sayı az deyil. Həmin bölgələrdə hotel və mənzillərin günlük istifadə haqqı daha aşağı olur”, – deyə o əlavə edib.

Turizm eksperti Əziz Şiriyev bildirib ki, regionlarda qış günlərində dincəlmək üçün insanların bəziləri yalnız beşulduzlu hotellərə, bəziləri isə müalicəvi istirahət mərkəzlərinə üz tuturlar.

Onun sözlərinə görə, Qalaaltı hazırda təmirdədir deyə, insanlar Lənkəran istiqamətinə yönəlirlər. Hazırda hotellərdə qismən durğunluq dövrüdür deyə müxtəlif endirim kampaniyaları təklif edilir.

Ə.Şiriyev vurğulayıb ki, hazırda turizm cəhətdən Qəbələ və Qusar istiqaməti də populyardır:

“Qusarda Şahdağ turizm kompleksi, Qəbələdə isə Qəbələ Tufandağ turizm kompleksləri xizək və kanat xətlərinə görə məşhurdur”.

Mütəxəssislərin fikrincə, qış turizminə marağın artması regionlarda yerləşmə xidmətləri bazarında rəqabəti gücləndirir və qiymətlərin mövsümə uyğun formalaşmasına səbəb olur. Gözləntilərə görə, qarşıdakı aylarda daxili turizm axınının davam etməsi bu sahədə aktivliyi qoruyub saxlayacaq.

MənbəREPORT
Seçilən
12
12
banker.az

10Mənbələr