Qazaxıstanın eGov və e-Otinish portallarında ümumxalq müzakirəsinə çıxarılmış yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Konstitusiya Komissiyasının sədri, Konstitusiya Məhkəməsinin rəhbəri Elvira Azimova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə məlumat verib.
Görüşdə həmçinin, Konstitusiya Komissiyası sədrinin müavini, dövlət müşaviri Erlan Karin, komissiyanın üzvü, prezidentin hüquq məsələləri üzrə köməkçisi Erjan Jiyenbayev də iştirak edib.
E.Azimovanın sözlərinə görə, vətəndaşlar müraciətlərində layihəyə dəstək ifadə edir, onun müasir reallıqlara uyğun olduğunu və cəmiyyətin maraqlarını əks etdirdiyini qeyd edirlər. Yeni Konstitusiyanın qəbulunu siyasi partiyalar, respublika və regional ictimai birliklər də dəstəkləyir.
Dövlət başçısı Konstitusiya Komissiyasının işinin açıq formatda davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu yanaşma vətəndaşlara müzakirələrin gedişindən xəbərdar olmağa və ölkənin yeni əsas qanununun məzmunu ilə daha ətraflı tanış olmağa imkan verir.
E.Azimova bildirib ki, Konstitusiya Komissiyasının üzvləri yeni əsas qanunun ayrı-ayrı maddə və bəndləri üzrə redaktə işlərini davam etdirəcəklər. Komissiyanın növbəti iclaslarının gələn həftə keçirilməsi planlaşdırılır.