AZ

Omanda ABŞ–İran danışıqlarının pərdəarxası

Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatdı. ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələri isə davam edir.

İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə danışıqlar müsbət məcrada keçib. O, danışıqları “yaxşı başlanğıc” adlandırıb: “Danışıqların davamı barədə razılıq əldə etdik”.

Nazir danışıqların yeri və vaxtının sonra müəyyən ediləcəyini vurğulayıb.

İran–ABŞ xəttində uzun müddətdir donmuş görünən dialoqun faktiki olaraq yenidən işə düşməsi müsbət hadisədir. Danışıqların məhz Omanda başlaması və İran tərəfinin bunu “yaxşı başlanğıc” kimi təqdim etməsi Tehranın bu mərhələyə taktiki yox, strateji yanaşdığını göstərir. Burada əsas məqam ondan ibarətdir ki, İran bu danışıqlara zəif mövqedən deyil, regional təsir imkanlarını qoruyaraq və paralel diplomatik kanalları açıq saxlayaraq daxil olur.

ABŞ nümayəndə heyətinin tərkibi diqqət çəkicidir. Stiv Uitkoffla yanaşı, Trampın ailəsinə yaxın fiqur olan Cared Kuşnerin prosesdə iştirakı danışıqların klassik diplomatik formatdan kənara çıxdığını göstərir. Bu, Vaşinqtonun İranla təmasları yalnız Dövlət Departamenti xətti ilə deyil, birbaşa siyasi qərarvericilərə yaxın kanallar vasitəsilə aparmaq istədiyini ortaya qoyur. İran üçün bu, riskli, amma eyni zamanda fürsət yaradan bir formatdır. Xüsusi ilə hər şey qaydasında gedərsə, razılaşmalar daha sürətli ola bilər. Lakin hələ də zəmanət mexanizmləri zəifdir. Məhz buna görə Tehran paralel olaraq region ölkələri ilə, xüsusilə də Azərbaycan kimi həssas coğrafi mövqeyə malik qonşularla təmaslarını gücləndirir.

Abbas Əraqçinin açıqlamaları diqqətlə seçilmiş ifadələr üzərində qurulub. “Müsbət məcrada keçdi” və “yaxşı başlanğıc” ifadələri nə euforiya yaradır, nə də gözləntiləri şişirdir. Bu, İran diplomatiyasının klassik üslubudur. Yəni prosesə ümid var, amma etimad hələ formalaşmayıb mesajı verilir. Danışıqların yeri və vaxtının sonradan müəyyən ediləcəyinin vurğulanması isə onu göstərir ki, tərəflər hələ çərçivə mərhələsindədir və əsas mübahisəli mövzular – sanksiyalar, nüvə proqramı və regional təhlükəsizlik məsələləri qarşıdakı raundlara saxlanılıb.

Hesab edirəm ABŞ–İran danışıqlarının başlaması müsbət hadisə olsa da, gərginliyin dərhal aradan qalxacağı anlamına gəlmir. Əksinə, tarix göstərir ki, belə proseslər tez-tez olur və nəticəsiz də qala bilir.

Politoloq Turan Rzayev

 

 

Seçilən
29
nocomment.az

1Mənbələr