AZ

Orta təhsildə qazanc pulla ölçülür, yoxsa biliklə?

Məktəbi bağlanmış kənddə sakin qalacaqmı?

Milli təhsil sistemində mühüm dəyişikliklər edilir. Elm və təhsil naziri Emin Əmrullayev son açıqlamalarında şagird sayı az olan ucqar kənd məktəblərinin fəaliyyətində yeni modelin tətbiq olunacağını bildirib. Qeyd edilib ki, dövlət vəsaitlərinin səmərəli idarə olunması təhsil keyfiyyətinin yüksəldilməsi məsələsini aktuallaşdırıb.

Açıqlamada deyilir ki, bəzi bölgələrimizdə adambaşına bir şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yüksəkdir. Belə kənd məktəblərinin sayı yüzlərlədir. Kiçik məktəblərdə olan ciddi keyfiyyət problemi və pedaqoji heyətin şagird sayından çox olması tədris prosesinin səmərəliliyinə xələl gətirir. Bu səbəbdən, cari ilin sentyabr ayından etibarən şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlaşdırılır.

Ən məhdud imkanlar daxilində belə, elm yolunda böyük uğurlar qazanmaq mümkündür. Bunun ən parlaq nümunələrindən biri dünya şöhrətli alim, təbiətşünas Mixail Lomonosovdur. Ucqar kənddə aldığı ilk dərslər alimin daxilində elə bir elm-irfan atəşi yandırıb ki, balıq daşıyan karvana qoşularaq piyada qarlı-şaxtalı yollarla Moskvaya üz tutmuş, zəkası ilə universitetlər yaratmış, fizika və kimya elmində inqilablar etmişdir. Lomonosovun bu mübarizəsi göstərmişdi ki, kimin qəlbinə elm toxumu düşərsə, o toxum ən çətin şəraitdə belə cücərəcək.

Müasir dövrün uşaqları Lomonosov kimi kilometrlərlə yol qət edərək, sərt sınaqlardan keçməklə elmin zirvəsinə çatmaq məcburiyyətində deyil. Lakin təhsil ocaqlarının əsas mahiyyəti kollektiv təfəkkür mühiti yaratmaqdır. Elm öyrənmək müəllim təfəkkürü ilə canlanan, həmyaşıd rəqabəti ilə cilalanan prosesdir. Məktəb mühiti şagirdə həm də cəmiyyətdə yer tapmağı, sosial iyerarxiyanı, etik normaları və ortaq dəyərləri aşılayır.

Rəqəmsal formada keçirilən dərslərdən şagirdə bilik öyrənə bilər, bəs elm ocağındakı kollektiv təfəkkür ruhunu ekrandan ötürmək mümkündürmü? Bu mövzuya yanaşma isə birmənalı deyil.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov bildirdi ki, onlayn təhsil, bəlkə də, savad verə bilər, amma o məktəbi əvəz edə bilməz:

– Şagirdlərə keyfiyyətli təhsil, sürətli internet, lazımi avadanlıq təklif edə biləcəyikmi? Ucqar bölgələrdə yaşayan uşaqlara bilik vermək üçün müxtəlif modellər mövcuddur ki, onlardan biri onlayn, digəri modul tipli təhsildir. İnternetin sürəti normal olsa, şagirdləri kompüterlə təmin edə bilsək, müəllimlər dərsləri onlayn formada keçə bilərlər. Amma uşaqlara dost mühiti yarada bilmərik. Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər? Mənə elə gəlir ki, bizim o kəndlərə onlayn təhsildənsə, daşımalı təhsili aparmağımız daha düzgün olar.

Pandemiya dövrünün təcrübəsi göstərdi ki, distant təhsil təklif edilsə belə, bütün şagirdlər bu prosesə cəlb oluna bilmədi. Şagirdlərin bir çoxu müxtəlif səbəblərdən təhsildən kənarda qaldılar. Şagirdlərin maddi durumu, ailələrin iqtisadi və sosial vəziyyəti və s. amillər bu prosesə birbaşa təsir göstərirdi. Elə şagirdlər var idi ki, ümumiyyətlə, kompüterdən istifadə etməmişdi, təcrübəsi yox idi. Bu halda onların distant təhsilə uyğunlaşması və prosesdən effektiv şəkildə faydalanması ciddi çətinlik yaradırdı.

Əslində, distant təhsil daha çox yuxarı sinif şagirdləri üçün effektiv model hesab oluna bilər. Çünki bu mərhələdə şagird artıq məsuliyyətini dərk edir, niyə oxuduğunu, nə üçün öyrəndiyini anlayır və müxtəlif resurslardan istifadə etməyi bacarır. Məhz bu səbəbdən distant təhsil modeli yuxarı siniflərdə daha dolğun və səmərəli nəticə verir. Aşağı siniflərdə isə distant təhsil bir o qədər də uğurlu olmur.

Təhsil eksperti Məzahir Məmmədli isə şagird sayı az olan məktəblərdə onlayn tədrisə keçidin üstün tərəflərini qeyd etdi:

– Elə məktəblər var ki, orada 3, 5, 10, hətta 20 nəfərə qədər şagird təhsil alır və bu cür məktəblərin sayı yüzlərlədir. Məhz bu reallıq fonunda Elm və Təhsil Nazirliyinin tədbirlər planının tərkib hissəsi kimi optimallaşma prosesi başlanıb və artıq müəyyən sayda məktəb birləşdirilib. Nəqliyyat xərcləri dövlət tərəfindən qarşılanır və azsaylı şagirdlərin daha geniş imkanlara malik təhsil müəssisələrində oxuması təmin edilir.

Təsəvvür edin ki, bir sinifdə birinci və üçüncü, yaxud ikinci və dördüncü sinif şagirdləri birlikdə təhsil alır. Birinci sinifdə 2, dördüncü sinifdə isə cəmi 1 şagird olduğu halda, 3 nəfər üçün ayrıca müəllim cəlb olunur və əlavə xərclər yaranır. Üstəlik, bu şəraitdə uşaqların sosiallaşma imkanları da ciddi şəkildə məhdudlaşır. Eləcə də ucqar kəndlərdə kimya, biologiya, coğrafiya, fizika kimi fənlər üzrə müəllim tapmaq çətinləşir. Dərs saatlarının az olması səbəbindən müəllimlər həmin bölgələrdə işləməyə maraq göstərmirlər.

Gənc müəllimlər üçün müəyyən həvəsləndirici mexanizmlər – H1, H2 əlavələri mövcud olsa da, bu da hər zaman kifayət etmir. Buradakı H - həvəsləndirmə sözünün ilk hərfi kimi götürülür. H1-də 35 yaşa qədər gənc müəllim şəhərin mərkəzindən 3 kilometrə qədər məsafədə olan məktəbdə dərs keçirsə, onun ümumi maaşına 60 manat, H2-də isə 3 kilometrdən daha uzaq məsafədə fəaliyyət göstərirsə, maaşına 160 manat əlavə olunur. Lakin müəllimlər bununla da razılaşmaq istəmirlər. Burada vacib məqam odur ki, şagirdlər evdən deyil, məktəbdən onlayn dərslərə qoşulacaqlar.

Bu məsələdə internetin olmaması, texniki imkanların çatışmaması kimi bəzi narahatlıqlar yaranmışdı. Bu problemlərin qarşısını almaq üçün şagirdlərin məktəbdə texniki vasitələrlə təmin olunması, prosesə nəzarət edən şəxslərin olması nəzərdə tutulub.

Məktəb mühitinin rəqəmsal ekranlarla əvəzlənməsinin şagirdin psixoloji inkişafına və sosial adaptasiyasına təsiri isə ayrıca müzakirə mövzusudur.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ucqar kənd məktəblərində distant təhsilə keçid mərhələli şəkildə, yerli şəraitə uyğun, psixoloq, pedaqoq və valideynlərin iştirakı ilə həyata keçirilməlidir:

– Müasir dövrdə distant təhsil dünyada bir çox ölkədə tətbiq olunan alternativ təhsil modellərindən biridir və xüsusilə ucqar ərazilərdə təhsilə çıxışın təmin olunmasında mühüm rol oynayır. Lakin bu modelin tətbiqi zamanı uşaqların psixoloji, sosial və emosional inkişaf xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Beynəlxalq təcrübə göstərir ki, distant təhsil əsasən müvəqqəti və dəstək mexanizmi kimi effektiv nəticə verir. Məsələn, Finlandiya, Kanada və Avstraliya kimi ölkələrdə ucqar bölgələrdə onlayn təhsil tətbiq olunur, lakin uşağın yalnız ekran qarşısında qalması deyil, real sosial mühitlə əlaqəsinin qorunması əsas prinsip kimi saxlanılır.

Şagirdin sinif yoldaşları ilə birgə fəaliyyət göstərməsi, müəllimlə canlı ünsiyyəti, müxtəlif tədbirlərdə iştirakı onun şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Məktəbin tamamilə fəaliyyətinin dayandırılması həmin kəndin sosial həyatında zəifləməyə, gənc nəslin şəhərə axınına və mədəni passivliyə səbəb ola bilər.

Uzun müddət distant formatda təhsil alan uşaqlarda diqqət dağınıqlığı, motivasiya azalması, emosional yorğunluq və sosial təcrid riski arta bilər. Xüsusilə inkişaf mərhələsində olan uşaqlarda ekran asılılığı, aqressiv davranış meyilləri və ünsiyyət çətinlikləri müşahidə olunar. Bu hallar beynəlxalq psixoloji tədqiqatlarda da öz əksini tapır və mütəxəssislər uzunmüddətli onlayn təhsilin mütləq balanslaşdırılmasının vacibliyini vurğulayırlar.

İbtidai sinif şagirdləri üçün canlı ünsiyyət xüsusilə önəmlidir. Bu dövrdə empati, əməkdaşlıq, emosiyaların tanınması, konfliktlərin həlli kimi bacarıqlar əsasən real sosial mühitdə formalaşır. Uşaq bu mərhələdə sinif mühitində sosial rolları öyrənir və şəxsiyyətinin əsas sütunları yaranır. Canlı ünsiyyətin azalması bu prosesin zəifləməsinə səbəb olar.

Bununla yanaşı, distant təhsili tamamilə mənfi model kimi qiymətləndirmək də düzgün olmazdı. Əgər bu sistem düzgün qurularsa, psixoloji dəstək mexanizmləri, mütəmadi sosial tədbirlər, müəllimlərin fərdi yanaşması və valideynlərlə əməkdaşlıq təmin edilərsə, müsbət nəticələr əldə etmək mümkündür.

Bir çox ölkələrdə hibrid model – yəni distant və əyani təhsilin kombinasiyası effektiv yanaşma kimi qəbul edilir. Əsas məqsəd uşağın sağlam şəxsiyyət kimi formalaşmasıdır.

Məktəbin sosial mərkəz funksiyası qorunmalı, uşaqların kollektiv mühitdən tam uzaqlaşmasına yol verilməməlidir.

İndi əsas məsələ imkanları elə tənzimləməkdir ki, nə təhsil xərcləri çox olsun, nə də uzaq kəndlərdəki məktəblər səmərəlilik adı ilə bağlansın.

Bəs məktəbi bağlanmış kəndin sakinlərinin köçüb başqa yerlərə getməsi bizə nə verəcək?

Fidan ƏLİYEVA
XQ

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr