AZ

Tərtərin yaraları sağaldılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tərtər uzun illər düşmənin mərmi yağdırdığı torpaqlardan biri idi. Lakin bu yenilməz rayon sinəsini sipər edərək düşmənə boyun əymədi, əksinə, əzmi ilə gələcəyə yol açdı. Müharibənin izlərinin aradan qaldırıldığı küçələr, dağılan binalar bu gün dirçəlişin, yenidən doğuluşun rəmzinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Tərtər yenidən nəfəs aldı, qürurla ayağa qalxdı.

Yanvarın 13-də Prezident İlham Əliyev bir vaxtlar ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Tərtər Elektromexanika Zavodunun əsaslı təmirdən sonra yenidən açılışını etdi. Həmin gün dövlət başçısı Aşağı Oratağ kənd sakinləri ilə də görüşdü; Böyük Qayıdış proqramı çərçivəsində 31 ailə – 119 nəfər öz doğma torpağına qovuşdu.

Yanvarın 22-də isə rayona daha bir müjdəli xəbər gəldi – Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialı istifadəyə verildi. Vaxtilə düşmən mərmilərinin dağıtdığı bina bu gün vətəndaş məmnunluğunun ünvanına çevrilib. Yeni inzibati binada gün ərzində onlarla insana xidmət göstərilir, bu isə dövlətin sosial siyasətinin real nəticəsidir.

2025-ci il Tərtər üçün tikinti və abadlıq dövrü oldu. Şəhərin küçələri yenidən qurulur, istinad divarları bəzək daşları ilə üzlənir, gecə işıqları Tərtərin yeni simasını parlaq şəkildə göstərir. Heydər Əliyev parkında aparılan əsaslı təmir nəticəsində buradakı açıq səhnə yenilənib, yeni oturacaqlar 8 Noyabr Zəfər Gününə hədiyyə kimi təqdim olunub.

Tərtərin torpaqları da bu dirçəlişə öz töhfəsini verir. 2025-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 128,4 milyon manata çatıb. Minlərlə hektarda taxıl, pambıq, tərəvəz, meyvə becərilib. Baramaçılıq yenidən dirçəlib – kümçülər 6.5 ton ipək baraması tədarük ediblər. Rayonda tingçilik sürətlə inkişaf edir; milyonlarla meyvə və dekorativ ting yetişdirilib, yeni bağlar salınıb.

Tərtərdə suvarma və içməli su sistemlərinin təkmilləşdirilməsi ilə bu həyat daha da gücləndirilib. Hidrotexniki qurğular təmir olunub, kanallar lildən təmizlənib, yeni qurğular inşa edilib. İçməli su 7168 sakinə və 198 qeyri-əhali abonentə çatdırılır – bu, dövlətin ən ucqar nöqtəyə qədər uzanan qayğısıdır.

Sosial infrastrukturda da böyük dönüş var. Məktəblər, uşaq bağçaları əsaslı təmir olunub və yeniləri tikilib. Təhsildə uğur artmaqdadır – keçən il 727 məzundan 217-si ali məktəblərə qəbul olunub. Səhiyyə sahəsində də ciddi addımlar atılıb: 86 həkim və 268 tibb işçisi 48 yaşayış məntəqəsində xidmət göstərir. Rabitə və internet şəbəkəsi bütün rayonu əhatə edir, bank xidmətləri isə müasir tələblərə cavab verir.

Amma Tərtərin dirçəliş salnaməsində ən həssas yer şəhid və qazi ailələrinə göstərilən diqqətdir. 379 ailə mənzil növbəsinə götürülüb, bəziləri yeni mənzil və torpaq sahəsi ilə təmin olunub. 51 küçəyə şəhid adı verilib, 23 şəhidin barelyefi ucaldılıb. Qazilərə avtomobillər, sahibkarlıq dəstəkləri verilib, yüzlərlə ailəyə sosial yardım göstərilib. Bu qayğı həm şəhidlərin əziz xatirəsinə, həm də yaşayan qəhrəmanlara minnətdarlığın ifadəsidir.

Vəli VƏLİYEVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr