AZ

Separatçılara hökm

"Qarabağdakı keçmiş separatçı rejiminin  rəhbərləri və digər cinayətkar ermənilərlə  bağlı Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazda postmünaqişə məkanı üçün mühüm hüquqi və siyasi hadisədir. Burada söhbət nə simvolik addımlardan, nə də “tarixi yenidən yazmaq” cəhdindən gedir. Məhkəmə konkret şəxslərin konkret əməllərinə hüquqi qiymət verib. Bu, prinsipial məqamdır. Məsuliyyət xalqlara və ya dövlətlərə deyil, məhz hərbi cinayətlərdə rolu prosessual qaydada sübuta yetirilmiş şəxslərə yönəlib".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, bu məhkəmə qərarlarına xaricdə müəyyən dairələr tərəfindən yanlış şərhlər verilir. Bununla bağlı vurğulamaq lazımdır ki, bu proses milli yurisdiksiya çərçivəsində, toplanmış sübutlar əsasında və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun aparılıb. Hökmü “siyasi təzyiq” kimi təqdim etmək cəhdləri isə əsas faktı nəzərdən qaçırmağa yönəlib. Söhbət dinc əhaliyə, mülki infrastruktura və dövlətin suverenliyinə qarşı törədilmiş cinayətlərdən gedir. Bu qərar həm də hərbi cinayətlərin illərlə diplomatik və beynəlxalq ritorika arasında “boz zonada” qalması praktikasına verilən cavabdır. Azərbaycan fərqli yanaşma nümayiş etdirib: postmünaqişə nizamlanması hüquqi məsuliyyəti istisna etmir.
Millət vəkilinin sözlərinə görə, oxşar presedentlər müasir tarixdə də mövcuddur. Məsələn, Yuqoslaviyanın dağılmasından sonra bir çoxları Balkan münaqişələrinin rəhbərlərinin heç vaxt məhkəmə qarşısına çıxmayacağını düşünürdü. Lakin sonradan beynəlxalq məhkəmə instansiyalarında Slobodan Miloşeviç, Radovan Karaciç və Ratko Mladiç cavab verməli oldular. Bu proseslər göstərdi ki, siyasi iradə və hüquqi baza mövcud olduqda, illər keçsə belə məsuliyyət mexanizmi işə düşə bilər.

Deputatın fikrincə, Azərbaycan bu gün postmünaqişə ədalət mühakiməsinin modelini formalaşdırır. Bu model emosiyalar və kollektiv ittihamlar üzərində deyil, fərdi məsuliyyət prinsipinə əsaslanır. Bu, həm region, həm də beynəlxalq tərəfdaşlar üçün mühüm siqnaldır: davamlı sülh törədilmiş cinayətlərin tanınması və onların hüquqi qiymətləndirilməsi olmadan mümkün deyil.
Bakı Hərbi Məhkəməsinin hökmünə daha geniş kontekstdə baxılmalıdır. Ölkəmiz ardıcıl şəkildə normallaşma gündəliyini, azad edilmiş ərazilərin bərpasını və regionun yeni iqtisadi və nəqliyyat layihələrinə inteqrasiyasını irəli aparır. Bununla paralel olaraq aydın mövqe qorunur: sülh münaqişənin nəticələrini, ağrı - acıları unutmaq demək deyil.

Deputat hesab edir ki, bu  məsələni siyasi bəyanatlar və ya beynəlxalq təzyiq müstəvisinə çıxarmaq cəhdləri baş verənlərin mahiyyətini dəyişmir. Məhkəmə qərarı suveren dövlətin daxili hüquqi prosesinin tərkib hissəsidir və fundamental prinsipi əks etdirir: törədilmiş əməllərin ağırlığı hüquqi nəticələr doğurmalıdır.

"Azərbaycan eyni vaxtda regional sabitliyə doğru irəliləyən və hüququn aliliyini möhkəmləndirən yetkin dövlət yanaşması nümayiş etdirir. Bu mürəkkəb balans məhz uzunmüddətli sülhün əsasını formalaşdırır. Beynəlxalq siyasətdə ədalət nadir hallarda dərhal bərqərar olur. Lakin təcrübə göstərir ki, dövlət hüquqi arxitekturanı ardıcıl şəkildə qurduqda, məsuliyyət qaçılmaz olur. Bakı Hərbi Məhkəməsinin qərarı da Cənubi Qafqazda cəzasızlıq dövrünün tədricən geridə qaldığını təsdiqləyən növbəti nümunədir"-deyə, Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
24
ikisahil.az

1Mənbələr