AZ

Sülh gündəliyi: Azərbaycan və erməni diasporları görüşə bilər

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistanın sülh sazişi mətnini paraflamasında sonra iki ölkə arasında etimad quruculuğu istiqamətində işlər sürətlənib. Liderlər səviyyəsində görüşdən sonra XİN başçıları, deputatlar, QHT və jurnalistlər arasında da görüşlər baş tutub.

Lakin məlumdur ki, etimad yalnız hər iki ölkədə yaşayan əhali arasında qurulmaqla kifayətlənə bilməz. Eyni zamanda dünyanın dörd bir yanında yaşayan azərbaycanlılarla ermənilər arasında da bir-birinə qarşı inam, etimad yaranmalıdır. Burada isə ən böyük vəzifə diaspor təşkilatlarının üzərinə düşür. Bu baxımdan növbəti mərhələdə diaspor nümayəndələrinin də görüşlərinin baş tutması məsələsi labüd görünür.

“Modern Media Qrup”un direktoru Elşad Eyvazlı Modern.az-a açıqlamasında ilk növbədə Azərbaycan və erməni diasporlarının indiyə kimi sərgilədiyi yanaşmaya diqqət çəkib:

“Azərbaycan diasporu fəaliyyətini hər zaman sivil dəyərlər, humanizm və qarşılıqlı hörmət prinsipləri üzərində qurub. Xarici ölkələrdə yaşayan azərbaycanlılar cəmiyyətlərə inteqrasiya etməyə, qanunlara əməl etməyə və yaşadıqları ölkələrin sosial həyatında faydalı rol oynamağa üstünlük veriblər. Diaspor fəaliyyətinin əsas xətti milli kimliyin qorunması ilə yanaşı, münaqişə ritorikasından uzaq durmaq olub. Hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı uzun illər ərzində belə bu xətt dəyişməyib. Azərbaycan diasporu emosional reaksiyalardan uzaq dayanıb, səbr və təmkin nümayiş etdirib. Onlar öz mövqelərini hüquqi, mədəni və informasiya müstəvisində ifadə etməyə çalışıblar.

Bunun əksinə olaraq, erməni diasporunun fəaliyyəti daha çox aqressiv və destruktiv xarakter daşıyıb. Hər zaman işğalçılıq siyasətinin ideoloji əsasları xarici ölkələrdə də təbliğ edilib. Tarixi faktların saxtalaşdırılması sistemli şəkildə aparılıb. Azərbaycan xalqına məxsus mədəni irsin mənimsənilməsi cəhdləri geniş vüsət alıb. Bu cəhdlər təkcə akademik və informasiya sahəsi ilə məhdudlaşmayıb. Müxtəlif ölkələrdə ictimai asayişi pozan davranışlar da müşahidə olunub.

Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı bu aqressiya açıq formada özünü göstərdi. Ermənistanın hərbi məğlubiyyətini qəbul edə bilməyən qruplar fiziki zorakılığa əl atdılar. Azərbaycanlılara qarşı hücumlar beynəlxalq medianın da diqqətindən yayınmadı. Bu hadisələr dünya ictimaiyyətinə erməni diasporunun real mahiyyətini nümayiş etdirdi. Bütün bunlara baxmayaraq, xaricdəki azərbaycanlılar təmkinlərini qoruyaraq hüquq çərçivəsində mövqe ortaya qoymağı üstün tutdular.

Bu gün isə tamamilə yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan qalib dövlətdir və ərazi bütövlüyünü bərpa edib. Bu fakt diasporun psixoloji və siyasi mövqeyinə də təsir göstərir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar qürur hissi keçirirlər. Artıq müdafiə mövqeyində deyillər. Nəticə əldə etmiş dövlətin nümayəndələri kimi çıxış edirlər”.

E.Eyvazlı vurğulayıb ki, belə bir şəraitdə ermənilərlə müxtəlif platformalarda təmasların mümkünlüyü təbii görünür:

“Dövlət başçıları, xarici işlər nazirləri, iqtisadi qurumlar, QHT və media nümayəndələri, deputatlar dialoq aparırlarsa, diaspor səviyyəsində də ünsiyyət olmalıdır. Təbii ki, bu görüşlər keçmişi silmək anlamına gəlmir. Tarixi yaddaş qorunur, lakin gələcək daha rasional yanaşma tələb edir.

Odur ki, mən ayrı-ayrı ölkələrdə azərbaycanlı və erməni diaspor nümayəndələrinin görüşlərinin keçirilməsinə qarşı deyiləm. Ancaq bir daha vurğulamaq istərdim ki, keçmişi heç bir zaman yaddanı çıxarmamalıyıq. Hətta elə etməliyik ki, erməni diasporu Ermənistanın işğalçılıq siyasətini, insanlığa qarşı addımlarını, soyqırımları törətmək xislətini özləri qınasın. Mediamız bu istiqamətdə də çalışmalıdır”.

Milli Məclisin deputatı Azər Allahverənov isə qeyd edib ki, ilk baxışda diasporlar arası təmasların  cəmiyyətlərin ayrı-ayrı seqmentləri arasında münasibətlərin qurulmasına,intensivləşməsinə və inkişaf etdirilməsinə rəng qatacağını təxmin etmək olar:

“Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər cəmiyyətin müxtəlif seqmentləri arasında münasibətlərin qurulub, inkişaf etdirilməsini zəruri edir. İki ölkə liderinin münasibətlərin normallaşdırılmasına dair söylədikləri kifayət qədər pozitiv mühitin formalaşdırılması üçün səylərin sərfərbər edilməsinə çağırışdır. Təbii ki, cənab İlham Əliyevin qeyd etdiyi vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin intensivləşdirilməsi, eləcə də, bundan əvvəlki müsahibə və çıxışlarında xüsusi vurğuladığı etimad quruculuğu ilə bağlı fikirləri hər iki ölkənin cəmiyyətlərinin ayrı-ayrı seqmentləri arasında münasibətlərin qurulmasını, intensivləşdirilməsini və inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan, ilk baxışda təxmin etmək olar ki, diaspor qurumları arasında təmaslar da bu prosesə əlavə rəng qata bilər. Amma burada çox həssas bir məqam var. İngilislərin belə bir deyimi var: "zərər vermə". Hazırda iki dövlət arasında sülh quruculuğu prosesi kifayət qədər kövrəkdir. Burada bir çox həssas məqamlar var ki, onların hamısını nəzərə almaq lazımdır. Xüsusilə də, erməni cəmiyyətində bu tipli təmaslar birmənalı qarşılanmır. Hələ də cəmiyyət daxilində müəyyən revanşist əhval-ruhiyyədə olan qüvvələr var ki, onlar da müxtəlif kanallar vasitəsilə Ermənistanın siyasi hakimiyyətinə qarşı təzyiq və təsir üçün istifadə olunurlar. Bu cür mövzular üzərindən Nikol Paşinyanı dövlətə xəyanətdə belə ittiham edirlər. Bu, onu göstərir ki, bir qədər mümkün neqativ halları nəzərə almaqla bu addımları atmağa ehtiyac var. Diaspor da həmin o həssas məqamlardan biridir. Uzun müddət Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin bir növ havadarları, işğalçılıq siyasətinin effektiv həyata keçirlməsini həyata keçirən erməni diaspor təşkilatları olub. Bu günün özündə də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları Ermənistanla bağlı birmənalı mövqeyə malik deyillər. Erməni diaspor təşkilatları daha çox Azərbaycanla düşmənçilik, qonşu dövlətlərə basqı hərəkətlərinə rəvac verəcək yanaşma sərgiləyir və ən sərt mövqedə Nikol Paşinyanın üzərinə getməyə çalışır. Düzdür, Ermənistan Baş naziri mümkün zərbələrdən yayınmağa çalışır. Baş nazir Fransada, Əbu-Dabidə olarkən erməni diaspor təşkilatları ilə görüşüb. Ən azından dövlətin konkret olaraq Azərbaycanla sülh quruculuğu prosesindəki marağı və işləri barədə söhbət açır. Amma yenə də, həmin qüvvələr öz məqsədlərindən bir addım olsun geri çəkilmirlər. Xüsusən də, Ermənistanın ideoloji xəttinin ana qayəsini təşkil edən "Böyük, dənizdən-dənizə Ermənistan" kimi ütopik fikirlər üzərində öz fəaliyyətlərini qurmaqla yanaşı Ermənistanı növbəti siyasi uçuruma sürükləməyə cəhd edirlər".

A.Allahverənov söyləyib ki, bu baxımdan diasporun etimad quruculuğu prosesində iştirakı ülvi niyyətlə mümkün ola bilsə, ümumi prosesə təsir göstərə bilər:

"Amma əksər ölkələrdəki erməni diasporları barədə bunu demək mümkün deyil. Ona görə də, düşünürəm ki,  burada hansısa ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələrin qurulması və o görüşlərin keçirilməsindən danışarkən, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində çox ciddi uğurların əldə olunması mütləqdir. Məhz bundan sonra həmin uğurların növbəti mərhələdə digər sahələrə də proyeksiya olunmasına nail olmaq olar. Xüsusilə də, iki ölkənin cəmiyyətləri arasında və bir qədər də coğrafiyanı genişləndirərək müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında münasibətlərə həmin uğurları transformasiya edərək ümumi prosesə müsbət təsir göstərmək mümkündür. Bunun üçün xaricdə fəaliyyət göstərən diaspor təşkilatları öz fəaliyyətlərini Ermənistanın siyasi hakimiyyəti ilə bir unison şəkildə, paralel qurmaqla yanaşı, Ermənistanın sülh quruculuğu ilə bağlı müəyyən etdiyi strateji kursa uyğun olaraq fəaliyyətlərini təşkil etməlidirlər. Belə olan halda, diasporlar arasında görüşlər mümkün ola bilər. Buna aparan yol isə yol hələ çox uzaqdadır. Düşünürəm, ona qədər iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində növbəti çox vacib addımların atılmasına və birgə nailləyətlərin əldə olunmasına çalışmaq lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
modern.az

1Mənbələr