AZ

Şad gündə də, dar gündə də bir yerdə

Dünyada zirvədə olan Azərbaycan-Türkiyə qardaşlığının analoqu yoxdur. Ortaq tarixə söykənən qarşılıqlı münasibətlərlərini böyük Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrrinə və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun quran Azərbaycanla Türkiyə şad günlərdə də, dar günlərdə də hər zaman bir-birinin yanında olurlar.

Üç il bundan əvvəl qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycanın faciəni öz kədəri kimi qəbul etməsi və Türkiyəyə hər cür dəstək verməsi bunun əyani təsdiqidir. Prezident İlham Əliyev bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad etdiyini bildirib.

Ciddi humanitar sınaq və qardaş ölkənin yenilməz əzmi

Zəlzələnin miqyası çox böyük idi. Baş verənləri Türkiyə üçün ciddi humanitar sınaq kimi səciyyələndirən dövlətimizin başçısı “Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı”, - deyə bildirib.

Dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. Verilən məlumata görə, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub. Zəlzələ nəticəsində dəyən maddi ziyanın məbləği 150 milyard dollar həcmində dəyərləndirilir.

Belə genişmiqyaslı dağıdıcı zəlzələnin nəticələrini yalnız güclü dövlətlər aradan qaldıra bilərlər. Üç ilin yekunları göstərir ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bunu bacarıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına xitabən bildirib: “Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir”.

Faciə baş verəndən sonra təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. Onlardan 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün bu işlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ayrılıb.

İlkin mərhələdə bölgəyə 1 milyon çadır çatdırılıb ki, bu da təxminən 2,5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkan yaradıb. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edilib.

Türkiyə dövləti ənənəvi olaraq monolit və ümummilli ideyalara sadiq olan cəmiyyəti ilə fərqlənib. Qəhrəman türk xalqı miqyası çox böyük olan 6 fevral faciəsini də bir sınaq kimi qəbul etdi. Eyni zamanda, bütün dünya Türkiyə dövlətinin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın çətin məqamlarda xalqın yanında olduğuna şahidlik etdi. Bunu zəlzələ baş verən bölgələrdə həyata keçirilən bərpa işləri əyani şəkildə təsdiqləyir. Ötən 3 ildə zəlzələ bölgəsində 455 mindən çox tikilinin inşası tamamlanıb. Bölgənin bərpasını sürətləndirmək üçün 67 fərqli şirkətə Kahramanmaraşın 11 kəndində tikinti işləri aparmaq hüququ verilib. Türkiyənin şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum zəlzələnin üçüncü ilinə həsr olunmuş tədbirdə  bildirib  ki, bərpa prosesi əsasən ölkənin öz gəlirləri hesabına həyata keçirilib. Dost ölkələrin dəstəyinin olduğunu bildirən nazir əlavə edib ki, görülən işlərin təxminən 95 faizi Türkiyənin daxili maliyyə mənbələri hesabına gerçəkləşdirilib.

Azərbaycan xalqı Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı

Üç il bundan əvvəl qardaş ölkədən gələn zəlzələ xəbəri respublikamızda da böyük üzüntü ilə qarşılandı. “Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı. Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Faciə xəbəri gələndən dərhal sonra Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Bu, mənəvi-siyasi dəstəklə yanaşı, Azərbaycan yardıma birinci gələn və fəlakət bölgəsini son tərk edən ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dövlət xətti ilə texniki dəstək və humanitar yardımlar sonrakı günlərdə də ardıcıl şəkildə davam etdirilib.

Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarının çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Deyə bilərik ki, Heydər Əliyev Fondunun çağırışı ilə bu kampaniyaya bütün Azərbaycan cəmiyyəti qoşulub. Həmin günlərdə sadə bir azərbaycanlı ailənin zəlzələ bölgəsinə yorğan-döşək göndərməsini əks etdirən foto Azərbaycanda və Türkiyədə, eləcə də dünya mətbuatında manşetlərdə yerləşdirildi. Bəli, həmin günlərdə Azərbaycanda hər kəsin qəlbi Kahramanmaraşda, zəlzələdən zərər çəkmiş insanlarla bir yerdə döyünürdü. Bu, əsl qardaşlıq, doğmalıq hissi idi. Azərbaycanın qardaşlıq dəstəyi Türkiyə dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Qardaşlıq borcunun təzahürü - Kahramanmaraşda “Azərbaycan” məhəlləsi

Zəlzələdən sonra Kahramanmaraşda “Azərbaycan” məhəlləsi yaradılıb. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib: “Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir”.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması layihəsi 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanib.

Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin açılışı 2025-ci il 19 iyun tarixində Türkiyənin və Azərbaycanın dövlət başçılarının iştirakı ilə baş tutub. Məhəllənin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyektinin yaradılması da layihələndirilib. Məhəllədəki Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları isə 2024-cü il sentyabrın 11-də baş tutub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Mübariz ABDULLAYEV

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr