AZ

“Milli magistral yol” - Pul köçürmələri daha təhlükəsiz olacaq

Azərbaycanda kartdan-karta pul köçürmələri sahəsində yeni mərhələ başlayıb. Artıq “card to card” əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri qazandırır. Maraqlıdır, AÖS-ün üstünlükləri nədir? Bu sistem gündəlik pul əməliyyatlarını nə dərəcədə asanlaşdıracaq?

Maliyyə eksperti İsmayıl Məmmədov deyir ki, Ani Ödənişlər Sistemi (AÖS) müxtəlif banklardakı hesablar arasında pul köçürmələrini bir neçə saniyədə həyata keçirən milli ödəniş infrastrukturudur: “Onu ölkə daxilində işləyən, mərkəzləşdirilmiş "pul körpüsü" kimi təsəvvür edə bilərsiniz. Ən əsası, AMB tərəfindən idarə olunur və əməliyyatlar birbaşa bank kartları deyil, bank hesabları səviyyəsində aparılır. Deyək ki, əvvəllər "card to card" köçürməsi üçün pul, xarici və ya beynəlxalq kart şəbəkələrinin içindən keçməli idi. Bu, bəzən vaxt ala bilərdi və müəyyən riskləri də var idi. İndi isə bu əməliyyat AÖS adlı yeni, geniş və sürətli bir "milli magistral yol"a yönləndirilir. Yəni, pul köçürməsi birbaşa Azərbaycan daxilində, Mərkəzi Bankın nəzarəti altında və daha qısa marşrutla həyata keçirilir. Bu, prosesi daha sürətli, daha təhlükəsiz və banklar üçün daha səmərəli edir”.

“Əsaslı və müsbət dəyişikliklər gətirir”

Ekspert deyir ki, bu keçid banklar üçün əsaslı və müsbət dəyişikliklər gətirir: “İlk növbədə xərcləri azaldır. Mərkəzi Bank AÖS üzrə bu xidmətə görə banklardan xidmət haqqı tutmur. Əvvəlki xarici şəbəkələr üzrə xidmət haqqı ödənilirdi. Həmçinin, proseslər optimallaşdırılır. Yəni, birdən çox xarici tərəflə işləmək əvəzinə, bütün daxili köçürmələr üçün vahid bir milli sistemə keçid bankların daxili iş proseslərini sadələşdirir. Təhlükəsizliyin güclənməsi isə, ən kritik dəyişiklikdir. Köhnə sistemdə bank yalnız kart nömrəsini görürdü. AÖS-də isə əməliyyatlar hesab səviyyəsində aparıldığı üçün həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu, fırıldaqçılıq əməliyyatlarının anında aşkarlanmasına və kart məlumatlarının oğurlanması riskinin azalmasına kömək edir”.

Seçilən
15
publika.az

1Mənbələr