AZ

Tarix bank binasının kölgəsində: Bir ev söküldü, bir yaddaş itdi

Şirəli Axundov küçəsi Lənkəran şəhərinin əsasən küçələrindəndir. Şəhər mərkəzinə yaxınlığı ilə seçilən küçə ilə üzbəüz "Dostluq parkı”, yol boyunca Lənkəran Xan Sarayı, Humanitar kollec, Gənclər mərkəzi, Regional Elmi Mərkəz kimi məşhur obyektlər yerləşir. Şəhər İcra Hakimiyyətinin binası da bu küçədədir. Vaxtilə bu məşhur küçədə Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi

 

Əbdül-Müslüm Maqomayev yaşayıb. O, görkəmli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin babasıdır. Böyük bəstəkar 1905-ci ildən 1911-ci ilədək pedaqoji və musiqi fəaliyyətini Lənkəranda davam etdirib. O, Lənkərandakı dördsinifli şəhər məktəbində, 1 nömrəli orta məktəbdə müəllimlik edib, həmçinin nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka ansamblı təşkil edib. Bəstəkar 75 nəfərlik orkestrə dirijorluq etməklə yanaşı, bacanağı Üzeyir Hacıbəyliyə Lənkəranda yayılmış yerli xalq mahnılarının toplanmasında da köməklik göstərib. 

 

Əbdül-Müslümün Lənkərandakı fəaliyyəti mədəniyyətin inkişafına mühüm töhfələr verib. Lənkəran teatr qrupunun Azərbaycan və rus dilində çıxışları "Bakı” qəzetinin "Müsəlman həyatı” məqaləsində xüsusi qeyd olunub. 

 

Xatırladaq ki, 1936-cı ildə Bakıda yaranan Dövlət Filarmoniyası da Müslüm Maqomayevin adını daşıyır.

 

Böyük bəstəkarın yaşadığı balaca, tarixi ev də yaşlı nəsil lənkəranlıların yaxşı yadındadır. Bəstəkarın yaşadığı evə vurulan "Bu evdə görkəmli bəstəkar Müslüm Maqomayev yaşamışdır (1906 - 1911)” sözləri yazılan xatirə lövhəsini də çox adam unutmayıb. Təəssüf ki, indi həmin taxta evdən əsər-əlamət qalmayıb. Xatirələrlə və mədəniyyətimizə töhfələrlə dolu o balaca evin yerində özəl banklardan birinin yeni, müasir binası ucalır. Ətrafda böyük bəstəkarın vaxtilə bu ərazidə yaşamasını göstərən nə bir xatirə lövhəsi, nə də barelyef var. Yerlə yeksan edilib sökülən ev kimi, sanki bəstəkarın xatirəsi də silinib. Kommersiya maraqları XIX əsrə məxsus evin, o cümlədən milli və mədəni dəyərlərin üzərindən xətt çəkərək izini də saxlamayıb. 

 

Təəssüf ki, heç bir qurum – nə böyük bəstəkarın yaşadığı evin yerində fəaliyyət göstərən bank, nə abidələrin qorunmasına cavabdeh kimi Mədəniyyət Nazirliyi, nə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti heç olmasa xatirə lövhəsinin əraziyə qaytarılması üçün təşəbbüs göstərib.

 

Məsələ ilə bağlı ərazidə özünə bina ucaltmış banka müraciət etdikdə sorğumuza cavab olaraq bildirildi ki, xatirə lövhəsinin qoyulması yaxın qohumların təşəbbüsü, müvafiq İcra Hakimiyyəti orqanın razılığı və göstərişi ilə təmin edilməlidir: "İcra orqanından müvafiq müraciət banka daxil olduğu təqdirdə, məsələyə tərəfimizdən baxılacaqdır”.

 

Mədəniyyət Nazirliyinə ünvanladığımız məktuba Aparat rəhbərinin müavini - sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfovun adından verilən yazılı cavabda qeyd edildi ki, Prezidentin 2009-cu il 19 avqust tarixli 444 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı”na uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Ekspert Komissiyası yalnız heykəltaraşlıq abidələrinin yüksək sənət meyarlarına, bədii yaradıcılıq, estetik tələblərə və ümumi görkəmə uyğunluğuna dair rəy verir: "Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əsasən barelyefin quraşdırılmasına razılığın verilməsi nazirliyin səlahiyyətləri xaricindədır”.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Rauf Axundovdan da oxşar cavabı aldıq: "Məsələyə münasibət bildirilməsi səlahiyyətimiz xaricindədir”.

 

Lənkəran şəhər İcra hakimiyyətinə ünvanladığımız sorğunun cavabında isə İctimai-siyasi və humanitar  məsələlər sektorundan bildirildi ki, ərazidə barelyefin qoyulması təşəbbüsü təqdirəlayiqdir: "Məktubunuz icra hakimiyyətinin başçısına təqdim olunub. Cənab başçı görkəmli bəstəkarın memorial lövhəsinin qoyulması ilə bağlı tədbirlərin görülməsi və bəstəkarın yaşadığı küçədə xatirəsini əks etdirən lövhənin qoyulması ilə bağlı tapşırıq verib. Hazırda xatirə lövhəsinin hazırlanması ilə bağlı sifariş verilib”. İH rəsmisinin sözlərinə görə, hazırlıq işləri bir qədər vaxt aparacaq: "Bu işləri həyata keçirməyə bir az vaxt lazım olacaq. Lövhənin vurulacağı yerdə abadlıq işləri də görüləcək. Hesab edin ki, bu məsələ artıq müsbət həllini tapıb”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov qeyd etdi ki, əslində bu cür məsələlər hər bir vətəndaşı narahat etməlidir: "Təəssüf ki, ümumilikdə abidələrin bərpası işinə nəzarət zəifdir. Abidələr sökülür, dağıdılır, yerində müxtəlif obyektlər tikilir. Görkəmli bəstəkarın yaşadığı ərazidə də onun barelyefi və ya xatirə lövhəsi vurula bilərdi. Ev sökülübsə və yerində bank fəaliyyət göstərirsə belə, ərazidə Müslüm Maqomayevin orada yaşaması ilə bağlı bir xatirə qorunub saxlanmalı idi. Bu, vacibdir. Yoxsa belə laqeyd münasibət mədəni dəyərlərimizin dağılmasına gətirib çıxarır…” 

 

Mənbə: "Kaspi" qəzeti

 

Seçilən
21
milliyol.az

1Mənbələr