AZ

Balans pozulur: Dünyanı nüvə fəlakəti gözləyir…

Əgər ABŞ Strateji Nüvə Silahlarının Məhdudlaşdırılması (SNT) müqaviləsinin uzadılmasına razılıq verməsə, son 50 ildə ilk dəfə strateji nüvə silahlarının balansı pozula və ona nəzarət mexanizmləri dağıla bilər.

Belə ki, 2011-ci ildə imzalanan bu anlaşmaya əsasən Rusiya və ABŞ 1550 strateji nüvə başlığından çox başlığa malik ola bilməz.

Ekspertlər deyir ki, indi bu say arta bilər. Bu nüvə silahlarının sayını artıra və onlara nəzarəti mümkünsüz edə bilər.

Diqqət çəkən məqam ABŞ-nin Çinin də anlaşmaya qoşulmasına israr etməsidir. Belə ki, Çin nüvə başlıqlarını sürətlə artırır. ABŞ 2030-cu ilə qədər Çinin 500 başlığa çatacağını düşünürdü amma Çin artıq ötən il 520 başlıq səviyyəsinə çatıb. Çin 2030-cu ilə qədər 1500 başlıq səviyyəsinə çata bilər.

Qabil
Qabil Hüseynli

Mövzunu NOCOMMENT.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, SNT müqaviləsinin uzadılmaması qlobal təhlükəsizlik sistemində çox təhlükəli bir boşluq yarada bilər:

“Bu anlaşma onilliklər ərzində strateji nüvə balansını qoruyan əsas mexanizmlərdən biri olub və məhz onun sayəsində ABŞ ilə Rusiya arasında qarşılıqlı məhvetmə riski nəzarətdə saxlanılıb. Müqavilə qüvvədən düşərsə, tərəflərin nüvə başlıqlarının sayını artırmasının qarşısında real maneə qalmayacaq və silahlanma yarışı yenidən sürətlənəcək.

Məsələ təkcə Vaşinqton və Moskva ilə məhdudlaşmır. Dünya artıq ikiqütblü nüvə sistemindən çıxaraq daha mürəkkəb və idarəolunması çətin bir mərhələyə keçir. Çinin nüvə potensialını sürətlə artırması bu prosesin əsas risk faktorlarından biridir. Rəsmi Pekin uzun müddət məhdud və müdafiə xarakterli nüvə doktrinasına sadiq qaldığını iddia etsə də, real rəqəmlər bu xəttin dəyişdiyini göstərir. ABŞ-nin Çini razılaşmaya cəlb etmək israrı da məhz bu narahatlıqdan qaynaqlanır, lakin Çinin yaxın perspektivdə öz nüvə strategiyasını beynəlxalq nəzarət mexanizmlərinə bağlaması real görünmür.

Nüvə silahlarına nəzarət sistemi dağılarsa, beynəlxalq münasibətlər daha qeyri-sabit və daha təhlükəli fazaya keçəcək. Regional münaqişələr fonunda strateji balansın pozulması yanlış hesablamalar riskini artıracaq və bu, lokal böhranların qlobal fəlakətə çevrilməsi ehtimalını yüksəldəcək”.

Atilla Rzasoy

Seçilən
81
nocomment.az

1Mənbələr