AZ

Fransalı sabiq nazirin ailəsi Epşteyn qalmaqalında

Fransalı sabiq nazirin ailəsi Epşteyn qalmaqalında

Fransa Milli Maliyyə Prokurorluğu ölkənin keçmiş mədəniyyət naziri Jak Lanq və onun qızı Karolinə qarşı amerikalı maliyyəçi Ceffri Epşteynlə birgə çirkli pulların yuyulması şübhəsi ilə təhqiqata başlayıb.

AFN.az xəbər verir ki, bu barədə məlumat "Le Figaro" qəzetində dərc olunub.

İstintaqın başlanmasına səbəb ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə açıqladığı sənədlər əsasında "Mediapart" agentliyinin apardığı araşdırma olub. Məlumata görə, şübhəlilər Epşteynlə birlikdə Virciniya adalarında qeydiyyatdan keçmiş "Prytanee LLC" şirkətinə şərik olublar, həmçinin Mərakeşdə 5,4 milyon avroluq daşınmaz əmlak sövdələşməsində iştirak ediblər. İddia edilir ki, sənət əsərlərinin alışı ilə məşğul olan həmin şirkətin hesablarına 1,4 milyon dollar vəsait daxil olub. Bundan əlavə, Epşteynin vəsiyyətində Karolin Lanqa 5 milyon dollar miras qoyduğu bildirilsə də, o, bu məsələdən xəbərsiz olduğunu iddia edir.

Mətbuatda yayılan xəbərlərdən sonra Karolin Lanq Kino Prodüserləri İttifaqının rəhbəri vəzifəsindən və digər postlarından istefa verib. ABŞ Ədliyyə Nazirliyinin fayllarında Lanq ailəsinin adı ümumilikdə 673 dəfə qeyd olunur. Keçmiş nazir Jak Lanq isə Epşteynlə kinorejissor Vudi Allen vasitəsilə tanış olduğunu bildirərək, onun cinayət əməllərindən məlumatı olmadığını vurğulayıb. Faktla bağlı sabiq nazir rəhbərlik etdiyi Ərəb Dünyası İnstitutunun əsas maliyyə himayədarı olan Fransa Xarici İşlər Nazirliyinə izahat vermək üçün çağırılıb.

Xatırladaq ki, 2019-cu ildə həbsxanada intihar edən Ceffri Epşteyn azyaşlıların cinsi istismarı və insan alveri şəbəkəsi qurmaqda ittiham olunurdu. Onun ətrafında bir çox ölkələrin yüksək vəzifəli şəxsləri, məşhur iş adamları və ulduzların olduğu məlumdur.

Seçilən
40
afn.az

1Mənbələr