AZ

Liseydəki güllələnmə hadisəsi nəyi üzə çıxardı? - Həyəcan təbili

“Uşaqlar nə zaman şiddətə meyilli bir cəmiyyətdə böyüməyə başladı? Bir uşağın xəyalı nə zaman kimisə öldürmək oldu? Bir uşaq nə zaman bunun üçün plan qurmağa başladı? Keçmişdə də uşaqlarda şiddətə meyillilik var idi, lakin günümüzdə bir çox məqam bunu daha da artırır”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri psixoloq Ceyran Qədirova ötən gün “İdrak”  liseyində 10-cu sinif şagirdinin müəlliminə odlu silahdan atəş açması barədə danışarkən deyib. 

O bildirib ki, bir uşağın əlinə silah alıb müəlliminə yönəltməsi ailə, məktəb və sosial mühit üçbucağındakı ciddi psixoloji boşluqların nəticəsidir:

“Uşaqların xəyalı kimisə qətlə yetirmək deyil. Uşaqların çoxunun xəyalı şokoladdan ev, bitməyən dondurma, bol valideyn sevgisi, yaxşı ailə başçısı olmaq və s. idi, amma bu gün çox təəssüf ki, bu xəyallar zədələnib”.

Uşaqların xəyallarını zədələnməsini 4 əsas məqamla əlaqələndirən mütəxəssis  bildirib ki, ilk səbəb emosional tənzimləmənin olmamasıdır:

“Bir çox yeniyetmədə hazırda emosional partlayış var. Burada 2 variant var: a) ya uşaq tamamilə susur, emosiyalaını ifadə etmir; b) ya da həddindən artıq çox emosional reaksiya verir. Bu gün baş verən bir çox mənfi hadisənin altında emsoional partlayış dayanır. 

İkinci məqam isə ailə və ətrafın təsiridir. Çox təəssüf ki, genetik ən böyük faktor insanın ailədə öyrəndikləridir. Bəzən ailə o qədər çox “uşağım yaxşı geyinsin”, “yeməyi, yuxusu yerində olsun” deyir və onun psixoloji vəziyyəti ilə maraqlanmır. 

Əfsuslar olsun ki, uşqaqların təhsildə 5 alması ilə o qədər çox maraqlanırlar, amma onların psixoloji rifahı diqqətə alınmır. Bu da çox  böyük mənfiliklər gətirir”.

Psixoloqun sözlərinə görə, uşaqların xəyallarına təsir edən məsələlərdən biri də sosial medianın təsiridir:

“Burada neqativ oyunlar özünü göstərir. Övladlarınızın inkişaf çağında oynadığı bütün neqativ, şiddətə və zorakılığa meyilli oyunlar zorakılığın normallaşmasına, uşağın gördüyünü tətbiq etməsinə səbəb olur. Bu, nəinki uşaq üçün, böyüklər üçün də belədir. Görür, gördüyünü analiz etmədən gerçəkləşdirir. Sorğulamadan beynində verdiyi qərarı həyata keçirməyə çalışır. Bu, çox böyük mənfi hallara gətirib çıxarır.  

Dördüncü məqam isə təhsil müəssisəsinin sadəcə bizə elm təhsil və gələcəyi deyil, psixoloji davranışlarımızın da öyrənildiyi yer olmasıdır. Təhsil təkcə bizə oxuyub yazmağımıza, peşə təhsilinə malik olmağımıza səbəb olmur. Təhsil əvvəlcə uşaqların cəmiyyətə adaptasiyasını, valideyn olmadan özlərini idarə edə bilmələrini, eyni zamanda şüurlu bir gələcəyə addım atmasını öyrədir. Çox təəssüf ki, burada olan boşluqlar da özünü göstərir deyə belə hallarla qarşılaşırıq”.

C.Qədirova bir neçə sualla cəmiyyətə də müraciət edib:

“Biz harada səhv etdik ki, bir uşaq qəzəbini sözlə deyil, silahla ifadə etməyi seçdi?
Bir psixoloq olaraq soruşuram: Uşaqlarımızın cibindəki telefonun modelini bildiyimiz qədər, ürəyindəki ağrını bilirikmi? Onlara "imtahandan yüksək bal al" dediyimiz qədər, "insanlara hörmət et" deyirikmi?

Uşaq qəzəblənə bilər, amma əlinə silah almaq, vurmaq və ya qırmaq — bu, artıq idarə olunmayan bir deviant davranışdır. Bizim işimiz uşağın daxilindəki o qəzəbi hələ davranışa çevrilmədən görə bilmək və ona emosiyalarını idarə etməyi öyrətməkdir.

Unutmayın, idarə olunmayan qəzəb aqressiyaya, aqressiya isə faciəyə aparır”.

Billurə Yunus 
 

Seçilən
26
olke.az

1Mənbələr