AZ

Balaxanının yolu “Balaxanıneft”in mühafizəsi altında sıradan çıxarılır - FOTOLAR

Balaxanı bu gün Bakının ən abad qəsəbələrindən biridir. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə qəsəbədə aparılan genişmiqyaslı abadlıq işləri Balaxanını turistlər üçün cəlbedici məkana çevirib. Tarixi məhəllələr bərpa edilib, küçələr yenilənib, infrastruktur müasirləşdirilib. Dövlət başçısının diqqəti və nəzarəti ilə Balaxanıya yeni həyat verilib.

WhatsApp

BALAX.jpeg

Amma qəribə və düşündürücü bir mənzərə var: Prezidentin abadlaşdırdığı Balaxanıya aparan əsas yol bu gün bərbad durumdadır. Daha doğrusu, məqsədli şəkildə bərbad duruma salınıb.

Şəhər şosesindən Bakının Balaxanı qəsəbəsinə aparan əsas mərkəzi yol artıq nəqliyyat xətti deyil, məsuliyyətsizliyin və nəzarətsizliyin açıq vitrinidir. Yolun hər iki tərəfi gecə saatlarında ağır tonnajlı yük maşınları ilə daşınan tikinti tullantılarıyla doldurulub. Yağış yağan kimi bu tullantılar yuyularaq palçıq və gilli torpaq şəklində asfaltın üzərinə axır, yol faktiki olaraq keçilməz hala düşür.

Ekologiya.az-ın xəbərinə görə, Musavat.com-un çəkilişlərindən də aydın görünür ki, asfalt örtüyü sıradan çıxıb, palçıq gölməçələri, çala-çuxurlar yaranıb.

Balaxanı sakinləri üçün bu yol artıq sadəcə narahatlıq yox, gündəlik təhlükə mənbəyidir. Üstəlik, söhbət təkcə şəxsi avtomobillərdən getmir. Bu yol Balaxanıya işləyən avtobus marşrutlarının əsas hərəkət istiqamətidir. İctimai nəqliyyat palçıq içində hərəkət edir, sərnişinlərin həyatı risk altındadır.

Ən ciddi sual isə məhz burada ortaya çıxır: bu vəziyyət necə yaranıb və kimin nəzarəti altında baş verir?

Sözügedən ərazi “Balaxanıneft”in balansında olan sahədir. Ərazi mühafizə olunur, giriş-çıxışlar nəzarət altındadır, gecə-gündüz mühafizə xidməti fəaliyyət göstərir. Buna baxmayaraq, iri tonnajlı yük maşınları gecələr rahat şəkildə əraziyə daxil olur, tonlarla tikinti tullantısı boşaldır və heç nə olmamış kimi çıxıb gedir.

Bu, artıq adi səhlənkarlıq deyil. Bu, aylarla davam edən nəzarətsizliyə göz yumulmasıdır. Hətta prosesin səssiz razılaşma ilə baş verdiyi təəssüratı yaradır. Çünki bu qədər tullantının bir gecədə, bir nəfərin təşəbbüsü ilə atılması mümkün deyil. Söhbət 100 iriqabaritli yük maşını tullantıdan gedir.

Sakinlər bildirir ki, yağış yağan kimi yol tamamilə bağlanır. Avtobuslar palçığa batır, sürücülər təhlükəli manevrlərə məcbur qalır. Qəza riski artır, təcili tibbi yardım, yanğınsöndürmə və digər operativ xidmətlərin Balaxanıya gedişi sual altına düşür. Gecə saatlarında isə yol görünməz tələyə çevrilir.

Burada artıq təkcə yol problemi yoxdur. Bu, ekoloji hüquq pozuntusudur, ictimai təhlükəsizlik riskidir, dövlət əmlakına qarşı açıq laqeydlikdir. Tikinti tullantılarının açıq əraziyə, üstəlik, əsas yolun kənarına atılması qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

Bu halda haqlı suallar yaranır: “Balaxanıneft” bu vəziyyətə niyə susur? Şirkətin mühafizəçiləri nəyi və kimdən qoruyur? Gecələr əraziyə daxil olan yük maşınları kimin tapşırığı ilə hərəkət edir?

Bu suallar cavabsız qaldıqca palçığa batan təkcə Balaxanıya gedən yol deyil, həm də məsuliyyət anlayışıdır.

Mövzu diqqətdə saxlanacaq və “Balaxanıneft”in, Bakı Şəhər İcra Hakimiyyətinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini dərc etməyə hazırdır.

Seçilən
83
ekologiya.az

1Mənbələr