AZ

Azərbaycan–İran münasibətlərində strateji qonşuluq, balans və sülh prioritetdir » AzadMedia.az


Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Bu görüş bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və mehriban qonşuluğun möhkəmləndirilməsinə xüsusi önəm verir.
Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırlatması və yüksək səviyyəli təmasların intensivliyini vurğulaması qarşılıqlı etimadın artdığını təsdiqləyir. Xüsusilə, ötən il İran Prezidentinin Azərbaycana rəsmi səfərindən sonra münasibətlərin daha da inkişaf etməsi iki dövlət arasında siyasi dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirir.
Görüş zamanı dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibə və qarşıdurmalar davam etdiyi halda, Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanın ardıcıl və məsuliyyətli siyasətinin nəticəsidir. Bu sülh mühiti isə həm Azərbaycan, həm Ermənistan, həm də İran üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycanın yürüdülən xarici siyasətinin əsas prinsiplərindən biri balanslı və praqmatik yanaşmadır. Rəsmi Bakı regionda heç bir qarşıdurmanın tərəfi olmadan, bütün qonşularla qarşılıqlı hörmət və faydaya əsaslanan münasibətlər qurmağa üstünlük verir. Prezident İlham Əliyevin bölgədə yaranmış gərginliklərə dair narahatlığını ifadə etməsi və onların aradan qaldırılması üçün dəstəyə hazır olduğunu bildirməsi də bu balanslı siyasətin bariz nümunəsidir.
Görüş zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin xüsusi vurğulanması təsadüfi deyil. Azərbaycan–İran əlaqələri təkcə siyasi müstəvidə deyil, iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində də inkişaf edir. Müdafiə sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması isə regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz Nəsirzadənin İran Prezidenti Məsud Pezeşkianın salamlarını çatdırması və ölkəmizə göstərilən diqqəti xüsusi qeyd etməsi də iki dövlət arasında mövcud olan səmimi münasibətlərin göstəricisidir. İran Prezidentinin Azərbaycana və xüsusilə Xankəndiyə səfərlərini məmnunluqla xatırlaması regionda yeni reallıqların qəbul edildiyini və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq mühitinin formalaşdığını göstərir.
Bu gün Azərbaycan regionda etibarlı tərəfdaş, sülh təşəbbüskarı və sabitlik təminatçısı kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz həm milli maraqlarını qətiyyətlə qoruyur, həm də qonşularla sağlam münasibətlərin qurulmasına nail olur.
Azərbaycan–İran münasibətlərinin yeni mərhələyə qədəm qoyması regionda uzunmüddətli sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verəcək. Bu münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlara əsaslanaraq daha da möhkəmlənəcək.
Seçilən
16
1
azadmedia.az

2Mənbələr