AZ

Pedro Sançes texnologiya baronlarına qarşı planını açıqladı

Pedro Sançes texnologiya baronlarına qarşı planını açıqladı

İspaniyanın Baş naziri Pedro Sançes sosial medianın bir növ "Vəhşi Qərb"ə və uğursuz bir dövlət modelinə çevrildiyini bildirərək, sosial şəbəkələrə və onların rəhbərlərinə qarşı 5 bənddən ibarət tədbirlər paketini elan edib.

Sançes "X"-də paylaşdığı videoda "Sosyal media, təəssüf ki, bir növ Vəhşi Qərbə, çökmüş bir dövlətə çevrilib" deyə bəyan edib. Sosial şəbəkə sahibləri üçün cinayət məsuliyyəti tətbiq ediləcəyini yenidən vurğulayan Sançes, bəzi tətbiqlərin cinayət fəaliyyətləri, pornoqrafiya və zorakılıq üçün sığınacaq rolunu oynadığını qeyd edib.

Çıxışı zamanı üzərində "Grok istifadəçiləri 11 gün ərzində X tətbiqində 23 mindən çoxu yetkinlik yaşına çatmayan şəxs olmaqla, 3 milyon cinsi məzmunlu görüntü yaradıb" yazılmış lövhəni nümayiş etdirən Sançes, sosial medianın insanları izlədiyini, məlumatlarını oğurladığını, nifrət və yanlış məlumat yaydığını iddia edib.

Sançes "Telegram"ın qurucusu və baş direktoru (CEO) Pavel Durovun İspaniya hökumətini tənqid edən mesajına toxunaraq bildirib: "Bu həftə demokratiyalarımızda bənzəri görülməmiş bir hadisə yaşandı. Bir texnologiya oliqarxı milyonlarla İspaniya vətəndaşının telefonuna sızaraq onlara nə düşünməli olduqlarını dedi".

Sançes tərəfindən açıqlanan 5 bəndlik plan aşağıdakıları əhatə edir:

1. Cinayət araşdırmaları: Xüsusilə uşaqlara təsir edən sosial media cinayətlərini araşdırmaq üçün prokurorluqla birgə fəaliyyət göstəriləcək.

2. Alqoritmlərin tənzimlənməsi: Razılıq olmadan məlumatlardan istifadə edən alqoritmlərin manipulyasiyası qanunla cəzalandırılacaq.

3. Cəza sanksiyaları: Texnoloji elita şirkətləri öz şəbəkələrindən qeyri-qanuni məzmunları silməkdən imtina etsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar.

4. Monitorinq mərkəzi: Rəqəmsal platformaların cəmiyyətdə parçalanmanı və nifrəti necə alovlandırdığını ölçmək üçün ilk "Nifrət və Qütbləşmə İzləmə Mərkəzi" yaradılacaq.

5. Yaş məhdudiyyəti: 16 yaşından kiçik şəxslərin girişini məhdudlaşdırmaqla ən həssas qruplar zərərli məzmunlardan qorunacaq.

Pedro Sançes bu addımları ilə bağlı qətiyyətli olduğunu vurğulayıb: "Bu texnoloji elitanın bir çox ölkədən daha çox pulu və hətta daha çox gücü olduğunu bilirik, lakin bizim qərarlılığımız onların ciblərindən daha güclüdür."

Seçilən
43
afn.az

1Mənbələr