Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Partizani” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün fasiləsində əvəzlənib.
“Partizani” 23 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 23 oyunda 8 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 22 oyuna çıxıb, 4 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
