“Rəhim Rəhimli özü özünü məhv etdi. Onun ölümündə heç kimi günahkar görmürəm. İnsan gərək özü özünü idarə edə bilsin”
Musavat.com bildirir ki, bu sözləri Əməkdar artist, müğənni Almaz Ələsgərli mərhum həmkarı Rəhim Rəhimli barədə “Kanal S” TV-nin efirində danışarkən deyib.
Almaz Ələsgərli bir zamanlar yaxın dostluq etdiyi həmkarından sonradan uzaqlaşmasının səbəbini isə bu cür açıqlayıb:
“O vaxtlar biz təzə-təzə sənətə başlayanda bir yerdə idik, dostluq edirdik. Bir-birimizin evinə gedib gəlirdik, mahnılarımızı oxuyurduq. Amma Rəhim sonra çox dəyişildi. Mən onda bu dəyişikliyi görəndə uzaqlaşdım. Nə qədər istədim Rəhimə deyim ki, bəlkə qayıdasan? Amma artıq böyük olmuşdu, ona nə deyə bilərdim ki? Son dəfə görəndə də gördüm ki, nəsə yaxşı deyil. Vəziyyətindən heç gözüm su içmədi. Dedi ki, qara ciyərində problemlər çıxıb, mən də dedim ki, Allah şəfa versin. Amma nəsə hiss edirdi”.
Xatırladaq ki, müğənni Rəhim Rəhimli 2022-ci il sentyabrın 30-da, 45 yaşında vəfat edib. Onun ürəktutmadan keçindiyi bildirilirdi.