AZ

Azay Quliyev müəllimin güllələnməsi hadisəsinə münasibət bildirib

AzVision.az xəbər verir ki, bu barədə Azay Quliyev özünün facebook səhifəsində paylaşım edib. O bildirib ki, “İdrak” liseyinin 10-cu sinif şagirdinin ov tüfəngi ilə müəllimini güllələməsi son dərəcə ağır, yolverilməz və cəmiyyəti sarsıdan hadisədir. Bu fakt liseydə uzun müddətdir mövcud olan, lakin lazımi səviyyədə həllini tapmayan sistemli problemləri açıq şəkildə üzə çıxarır.

Hadisə göstərir ki:
1. Liseydə təlim-tərbiyə, psixoloji müşahidə və nəzarət mexanizmləri lazımi səviyyədə deyil. Məktəb yalnız bilik öyrədən deyil, eyni zamanda davranış, məsuliyyət və dəyərlər formalaşdıran əsas ictimai institutdur. Bu hadisə göstərdi ki, bu təhsil müəssisəsində şagirdlərin psixoloji durumu, davranış dəyişiklikləri və risklər vaxtında müşahidə olunmur, yaxud bu siqnallara lazımi reaksiya verilmir. Əminəm ki, aidiyəti dövlət qurumları hadisəni hərtərəfli və prinsipial şəkildə araşdıracaq, məsuliyyət daşıyan bütün şəxslərə hüquqi qiymət veriləcəkdir.

2. Məktəb–valideyn münasibətləri və əməkdaşlıq mexanizmləri səmərəli deyil. Hadisə məktəb və ailə arasında davamlı, açıq və məsuliyyətli əməkdaşlığın zəif qurulduğunu göstərir.

3. Valideyn nəzarətinin və məsuliyyətinin zəifləməsi və ya olmaması bu cür problemlərə yol aça bilər. Çünki bu hadisə valideynin övladlarının psixoloji vəziyyətini və davranışlarını yetərincə dərk etmədiyini göstərir.

4. Yeniyetmələrin sosial media və rəqəmsal manipulyasiyaya yüksək dərəcədə açıq olması. Hadisə bir daha sübut edir ki, bəzi yeniyetmələr aqressiyanı adiləşdirən, zorakılığı qəhrəmanlıq kimi təqdim edən kontentə və psixoloji manipulyasiyalara asanlıqla məruz qalırlar. Bu cür rəqəmsal və ya alqoritmik özbaşınalıq real təhlükəsizlik probleminə çevrilib. Son aylarda bu məsələni Milli Məclisdə bir neçə dəfə qaldırmışam və hesab edirəm ki, təxirəsalınmaz və sistemli addımlar atılmasa, bu cür təsirlər daha ağır faciələrə yol aça bilər.

5. Məktəblərdə real təhlükəsizlik boşluqları mövcuddur. Şagirdin odlu silahla məktəb ərazisinə daxil ola bilməsi təhlükəsizlik qaydalarına ya əməl olunmadığını, ya datəhlükəsizlik mexanizminin yetərli olmadığını sübut edir. Bu hal məktəblərin fiziki təhlükəsizliyinin, giriş-çıxış nəzarətinin və təhlükəsizlik protokollarının təcili şəkildə yenidən qiymətləndirilməsini zəruri edir.

6. Ov tüfəngləri və digər odlu silahların nəzarətsiz qalmasının qarşısını almaq üçün mövcud qanunvericilik yenidən nəzərdən keçirilməli, silahların saxlanması və istifadəsi ilə bağlı tələblər sərtləşdirilməli, qaydaları pozan şəxslərə qarşı daha ağır hüquqi tədbirlər görülməlidir.

7. Bu cür arzuolunmaz hadisələrin təkrarlanmaması üçün yalnız nəticə ilə deyil, səbəblərlə də mübarizə aparılmalıdır. Cinayətin motivləri, törədilmə şəraiti və psixoloji amillər dərindən araşdırılmalı, təkcə “İdrak” liseyində deyil, ölkə üzrə bütün təhsil müəssisələrində ciddi profilaktik, maarifləndirici və nəzarət tədbirləri həyata keçirilməlidir.

AzVision.az

Seçilən
18
1
azvision.az

2Mənbələr