AZ

Sosial platformalarda yaş təsdiqetmə sistemi daha da sərtləşdirilməlidir – RƏY

Sosial platformalarda yaş təsdiqetmə sistemi daha da sərtləşdirilməlidir.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova deyib.

Onun sözlərinə görə, əgər 15 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi qanunla məhdudlaşdırılarsa, ilk nəzarət aləti texniki mexanizmlər olacaq:

"Bu, telefon nömrəsi, şəxsiyyəti təsdiq edən sənəd və ya valideyn razılığı üzərindən həyata keçirilə bilər. Ancaq reallıq göstərir ki, uşaqlar texniki məhdudiyyətləri aşmaqda kifayət qədər çevikdirlər. Valideynin məlumatları ilə hesab açmaq, yaşı böyütmək və ya alternativ platformalara keçmək riski həmişə qalacaq. Ona görə də təkcə platformalara məsuliyyət yükləmək effektiv nəzarət demək deyil".

Deputat bildirib ki, ikinci və daha real nəzarət xətti ailə üzərindən qurula bilər:

"Belə qanunlar faktiki olaraq valideyn məsuliyyətini artırır. Valideyn nəzarət proqramları, uşaqlar üçün ayrıca "uşaq profili" rejimləri və internet provayderlər üzərindən filtrasiya mexanizmləri bu modelin əsas dayaqları ola bilər. Azərbaycanda bu istiqamətdə hüquqi baza yaradılsa da, valideynlərin rəqəmsal savadlılığı hələlik ciddi məhdudiyyət olaraq qalır. Qanun olsa belə, valideyn bu mexanizmlərdən istifadə etmirsə, nəzarət formal xarakter daşıyacaq".

E. Akimova bildirib ki, məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması isə nisbətən daha asan tətbiq oluna bilər:

"Burada nəzarət birbaşa məktəb administrasiyasının və müəllimlərin üzərinə düşür. Telefonların dərs vaxtı yığılması, xüsusi dolablarda saxlanması və ya ümumiyyətlə məktəbə gətirilməsinin qadağan edilməsi texniki baxımdan mümkündür. Lakin bu da yalnız məktəb mühiti ilə məhdudlaşır və uşağın dərsdənkənar vaxtlarda sosial şəbəkələrə çıxışını tam aradan qaldırmır".

O qeyd edib ki, bu cür qadağaların əsas çətinliyi onların kağız üzərində deyil, real həyatda necə işləyəcəyidir:

"Aİ, Böyük Britaniya, İspaniya, Fransa və Avstraliya nümunələri göstərir ki, məsələ təkcə yaş həddini qanuna yazmaqla bitmir, əsas yük nəzarət mexanizmlərinin üzərinə düşür. Azərbaycan kontekstində də müzakirə məhz bu nöqtədə mürəkkəbləşir".

Milli Məclisin üzvü son günlər məktəblərlə bağlı yayılan xəbərlərin arxasında vaxtında görülməyən aqressiya və psixoloji sarsıntının dayandığını ifadə edib:

"Bütün bu hadisələr eyni problemin, yəni nəzarətsiz buraxılmış uşaqlığın və biganə münasibətin yekun və acı nəticələridir. Baş verən hadisələr isə, təəssüf ki, cəmiyyət tərəfindən keçici hal kimi qiymətləndirilir ki, bu da yanlışdır. Nəticədə məktəb də, ailə də, elə cəmiyyət də yalnız faciə baş verəndən sonra ayılır".

E. Akimova həmçinin bildirib ki, uşağın psixoloji vəziyyətinə biganə qalmaq, davranışındakı təhlükəli dəyişiklikləri görməmək cəmiyyət üçün böyük və real risk yaradır:

"Ümumiyyətlə, məktəblərdə təhlükəsizlik və profilaktika mexanizmləri gücləndirilmədən bu risklər və bu kimi xəbərlər davam edəcək. Burada söhbət bir uşağın, bir müəllimin, bir məktəbin taleyindən getmir, söhbət gələcək nəsli hansı nəzarət, hansı məsuliyyət və hansı dəyərlərlə böyütdüyümüzdən gedir".

Seçilən
12
2
far.az

3Mənbələr