Düzdü, ağdamlılar artıq iki matçı geridə qoyub. Fevralın 1-də Misli premyer-liqasının 18-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Turan Tovuz"la qarşılaşan çempion 1:0 hesabıyla qalib gəlib, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya uduzub (1:2). Hələ komandanı qarşıda daha 5 matç gözləyir. Sizi həmin görüşlərin təqvimiylə tanış edirik.
10 fevral
Misli premyer-liqası, 19-cu tur
Şamaxı – Qarabağ
Şamaxı, şəhər stadionu. Saat 14.30.
14 fevral
Misli premyer-liqası, 20-ci tur
İmişli – Qarabağ
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
18 fevral
Çempionlar Liqası, pley-off, ilk oyun
Qarabağ – Nyukasl
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
21 fevral
Misli premyer-liqası, 21-ci tur
Neftçi – Qarabağ
Bakı, “Palms Sports Arena”. Saat 19.00.
24 fevral
Çempionlar Liqası, pley-off, cavab oyunu
Nyukasl – Qarabağ
Nyukasl, “Sent Ceyms Park”. Saat 00.00.
Yuxarıdakı siyahıda hansısa səhv yoxdu. "Qarabağ" Azərbaycan derbisində meydana çıxmağa məcburdu. Çünki "Neftçi" Çempionlar Liqasının pley-offunda “Nyukasl”la qarşılaşacaq əzəli rəqibə güzəşt etmədi. Bunu "Football-plus.az"a açıqlamasında ağdamlıların Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev də təsdiqlədi:
"Bəli, biz matçın təxirə salınması məqdədilə PFL-ə müraciət etmişdik. Lakin "Neftçi" bu təklifdən imtina etdi".
Niyə? Səbəbi "Neftçi"nin Media üzrə əlaqələndricisi Rüstəm Əfsərlidən eşidək:
"Komandanın hazırlıq planı var və oyunun təxirə salınması, başqa vaxta keçirilməsi hazırlıq planımıza mənfi təsir göstərə bilər. Komandanın qarşısında hədəf var. Buna görə də, düşünürük ki, ən doğrusu matçın təqvim üzrə planlaşdırılmış vaxtda keçirilməsidi".
Bilindiyi kimi, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov Misli premyer-liqasının 18-ci turunda “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransında qrafikin İngiltərə təmsilçisiylə üz-üzə gələcəkləri oyun üçün hazırlaşmağa uyğun olmadığını demişdi. Artıq vəziyyət daha qəlizdi!
Bununla yanaşı, "Neftçi"nin addımı çoxşaxəli müzakirələrə yol açıb. "Ağ-qaralar"ı qınayanlar da az deyil, haqlı sayanlar da. İş ondadı ki, belə hala ölkə futbolunda ilk dəfə rast gəlinmir. Belə ki, Azərbaycan klubları Avropada ölkəmizi təmsil edəndə dəfələrlə oyun təxirə salmaq xahişi olunub. Cəmi üç dəfə bu xahiş rədd edilib (sonuncu olan hadisə dördüncüdü).Və hər üç rədd cavabı “Neftçi”yə qarşı olub.
1. 2023-ün avqust ayında “Neftçi” “Beşiktaş”la cavab görüşü ərəfəsində müraciət elədi, “Kəpəz” rədd elədi. “Neftçi” həm “Kəpəz”ə məğlub oldu, həm də “Beşiktaş”a. Mövsümün sonunda da “Sumqayıt”dan cəmi 1 xal qalaraq Avropaya gedə bilmədi.
2. 2022-ci il. “Neftçi” “Rapid”lə oyun ərəfəsində təxirə salmaq üçün müraciət elədi, bu dəfə “Şamaxı” rədd elədi.
3. 2012-ci il. “Neftçi” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşəndə APOEL ilə oyundan qabaq İsrail komandası (“Hapoel”, Kiryat-Şmona – red.) ilə oyunu var idi (həmin komandanı keçə bilmədiyi üçün ÇL-ə yox, AL-ə getdi). Oyun ərəfəsində oyunu təxirə salmaq üçün müraciət elədi və “Qarabağ” təxirəsalma ilə bağlı heç bir problemin olmadığını bildirsə də, PFL-in sabiq rəhbərliyi buna razılıq vermədi.
Bəs, "köhlən atlar" matçın təxirə salınması üçün növbəti dəfə müraciət edə bilərmi? Və ya "Qarabağ" "Nyukasl"a qarşı ev oyununda sərfəli nəticə qazansa, "Neftçi"nin bu matçı təxirə salmağa razılıq verməsi, həmçinin qarşıdan gələn "Şamaxı" və "İmişli" ilə səfər matçlarının yerinin dəyişməsi mümkündümü?
Bu suallarla PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik:
"Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində qeyd olunur ki, avrokubokların 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyununun 1 dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündü. Lakin qarşı tərəfin razılığı olmalıdı. Bu prosesdə isə bir tərəfin razılığı olmayıb və nəticəyə əsasən də 21-ci turun oyun cədvəli açıqlanıb. Bundan sonra nələrin baş verə biləcəyi haqda yalnız ehtimallar üzərindən danışmaq olar. Bu da məqsədəuyğum deyil. Onu deyə bilərəm ki, "Qarabağ" oyun təxirə salınana qədər növbəti müraciəti edə bilər. Bu yöndə hansısa limit yoxdu".
Sonda daha bir vacib məqam: "köhlən atlar" martın 1-də çempionluq uğrunda mübarizə aparan “Sabah”ı qəbul edəcək. Yəni fevral bitəndən sonra da ağır mart başlayacaq.
KƏNAN BAHADIR