AZ

Ehtiram Quliyevin bacarmadığı “Baba”ya AFFA-nın da gücü çatmayacaq?

«Turan Tovuz»da hərc-mərclik baş alıb gedir yenə.

Tam əsəbilik hökm sürür.

Ehtiram Quliyev yoxdur ortalıqda bu aralar. Hara itib, gərək bilənlərdən soruşaq.

Bilməyənlərə isə onu deyək ki, komandanın özündə anarxiyadır. İdarə Heyətinin sədri işin bu tərəfinə qarışmır.

Daha doğrusu, Kurban Berdiyev onu yaxın buraxmır. «Baba» araya necə hündur sədd çəkibsə, Quliyev o həndəvərdə görünməyə ürək və ya risk eləmir.

Rusiyalını «Turan»a urcah edənlərdən nətəhər çəkinirsə, əlinin üstündə bir əlin də olmasından hamının xəbər tutmasından əndişə keçirir.

Bu da bir dərddir. Kütlə səni klubun əsl sahibi kimi tanıyır, özün isə bilirsən ki… Sən o sən deyilsən.

Balıq, adətən, başdan iylənir. Təəssüf ki, burada o baş da başqa başdır. Bir az fərqli işləyir. Emosional və fəndgirdir.

Üzdə görünən, göz qabağında olan həmiş baş Kurban Berdiyevdir. Adam rəsmən qorxu içindədir.

Narahatdır. Keçənilki kimi uğursuz olmaq təhlükəsinin başı üzərində sıxlaşmasının, qapa təbəqə yaratmasının fərqindədir artıq. Odur ki, hərəkətlərinə, sözlərinə fikir vermir daha.

Ondakı bu hal Yunis Hüseynova da keçib. Berdiyevin əsas köməkçisi demək olar hər oyunda sarı vərəqə alır.

Aldığın kartların sayı hesablansa, həmkarları arasında çempionatın «liderlik qoltuğu»na əyləşər.

«Kəpəz»lə kubok matçında hər ikisi texniki zonadan uzaqlaşdırıldı. Öncə yardımçısı, bir az keçmiş «Baba»nın özü.

Bu kimi hallara Azərbaycanda nadir hallarda rast gəlinir. Nədənsə o da Berdiyev və «sağ əli»nin başına gəlir, adətən.

Çün 74 yaşlı bu rusiyalı gəldiyi gündən bəri hakimlər tərəfindən simpatiya ilə qarşılanıb. Əvvəlki komitə sədrinin, Frank de Blekerin zamanında ona «gözün üstdə qaşın var» deyilmirdi.

Ötən mövsüm dəfələrlə şahidi olmuşduq ki, «fit sahibləri» Tovuz təmsilçisinə necə rəğbətlə yanaşır. «Turan» bir çox hallarda məhz onların köməkliyi ilə 3 xal qazanırdı.

Adını «ədalət qoruyucusu» sayanların hesabına Berdiyev bu komandanı avrokuboklara aparmağa yaxın idi, ən axırıncı məqamda ilahi ədalət öz hökmünü oxudu - Premyer Liqada dördüncü yer Ehtiram Quliyevi və «Baba»nı Biləcəridən o tərəfə keçməyə qoymadı.

Cari sezonda vəziyyət nisbətən dəyişib, Əliyar Ağayev kimi «Turan»a tərəfkeşlik edən hakimlərin sayı azalıb.

Düzdür, Elçin Məsiyev sonuncu turda «Qarabağ»a qarşı oyunda yenə «hoqqa» çıxartdı,amma bu, «Turan»a smpatiyadan çox, ev sahiblərinə antipatiyadan irəli gələn bir şeydir.

Belə ki, tovuzluların hücumçusu İbrahima Vadji 32-ci dəqiqədə “Qarabağ”ın müdafiəçisi Mateus Silvaya qarşı sərt oynasa da, hakim ona qırmızı vərəqə göstərmədi.

Maraqlıdır ki, Məsiyev epizodu izləmək üçün VAR monitoruna baxmağa da getmədi. Əksinə, “Qarabağ”ın əleyhinə cərimə zərbəsi təyin elədi.

Bu qərar isə Qurban Qurbanovu özündən çıxardı. O, sərt şəkildə hakimə etirazını bildirdi.

ib. Bu qərar isə Qurban Qurbanovu özündən çıxarıb. O, sərt şəkildə hakimə etiraz edib.

Dediyimiz kimi, ötən sezondan bəri «Turan»ın oyunlarında rəqiblərin əleyhinə belə yanlış qərarlar çox olub.

Aşıq gördüyünü çağırar - Berdiyev belə qənaətə gəlib ki, hakimlər bu cür istənilən epizodlarda, istənilən oyunda onlara qahmar çıxmağa borcludur.

«Baba»nın «Kəpəz»lə qarşılaşmada referi Əli Əliyevin qərarına sərt təpgi göstərib, dördüncü hakimə çiyin və böyrü ilə zərbə endirməsi bu mənada təbii hadisədir.

Öyrəşib buna. Cəzasızlığa əminlik hissi olmasaydı, qətiyyən belə davranmazdı. Aldığı qırmızı vərəqənin də Berdiyevi ayıldacağına, bundan sonra özünü yığışdıracağına inanmaq çətindir.

Biz o günü görmək üçün hələ çox gözləməliyik. Bunun daha tez baş verməsi üçün mütləq surətdə AFFA prosesə ciddi qarışmalı, hakimlərin klublar arasında ayrı-seçkilik etməsinə hallarını araşdırmalıdır.

Məgər federasiyanın marağında deyil ki, hansı «fit sahibi»nin verdiyi şübhəli qərarın arxasında kimin və ya nəyin dayandığını bilsin?

Kurban Berdiyev keçən mövsüm o qədər yöndəmsiz hərəkətlərə yol verdi, ağzından söyüşlər çıxdı, gəl ki, bir dəfə texniki zonadan kənara atılmadı.

Əlbəttə, daim bağışlandığını görən baş məşqçi hakimə çiyin də atar, başqa şey də edər.

Əgər AFFA onu təmsil edən hakimin sabah Berdiyev tərəfindən təpik altına salınmasını istəmirsə, indi ona elə sərt cəza kəsməlidir ki, nəinki səbəbkar, ətrafındakılar və başının üstündəkilər də özünü birkərəmlik yığışdırsın.

Səməd Paşayev

Seçilən
11
sportinfo.az

1Mənbələr