AZ

Suriya–Səudiyyə Ərəbistan strateji əməkdaşlıq sazişi imzalandı

Suriya və Səudiyyə Ərəbistanı ikitərəfli münasibətləri strateji əsasda yenidən qurmaq məqsədilə iqtisadi əməkdaşlıq sahəsində mühüm addım atıblar.

Turkustan.az xəbər verir ki,Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid Əl-Falihin rəhbərlik etdiyi nümayəndə heyəti bu məqsədlə Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı və Suriya rəsmiləri arasında görüşlər keçirilib və aviasiya, infrastruktur və maliyyə daxil olmaqla bir sıra strateji sahələrdə milyardlarla dollarlıq investisiya layihələri və müqavilələr üzrə razılıqlar əldə olunub.

Əl-Falih Suriyada iri layihələrin maliyyələşdirilməsi və iki ölkə arasında bank köçürmə kanallarının yenidən aktivləşdirilməsi məqsədilə “Elaf İnvestisiya Fondu”nun yaradıldığını elan edib. O, həmçinin tarixi iqtisadi əlaqələrin bərpası çərçivəsində Suriyanın Hələb şəhərində yerləşən iki hava limanının inkişafı layihələrinə ümumilikdə 7,5 milyard Səudiyyə riyalı (təxminən 2 milyard ABŞ dolları) həcmində sərmayə yatırılacağını bildirib.

Bu investisiyaların Suriyanın regional ticarət şəbəkəsində mövqeyini gücləndirməyi hədəflədiyi, eyni zamanda aviasiya sektorunda strateji dönüş yaratdığı qeyd olunur. İmzalanan müqavilələrə əsasən, tərəflər arasında tərəfdaşlıq çərçivəsində yeni bir aviaşirkətin yaradılması barədə razılıq əldə edilib.

Əl-Falihin açıqlamasına görə, Suriya Mülki Aviasiya İdarəsi ilə Səudiyyə Ərəbistanının aşağı büdcəli “Flynas” aviaşirkəti arasında imzalanan sazişə əsasən yaradılacaq “Flynas Syria” şirkətinin səhmlərinin 51 faizi Suriyaya, 49 faizi isə Səudiyyə Ərəbistanına məxsus olacaq. Yeni aviaşirkətin bu ilin son rübündə fəaliyyətə başlaması planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
5
turkustan.az

7Mənbələr