AZ

Mən “Neftçi”yə azarkeşlikdən niyə imtina etdim?

Son aylar futboldan söz düşəndə “Qarabağ”a azarkeşlikdən “Neftçi”yə keçəcəyimi demişdim.

Bunun xüsusi səbəbləri haqda danışmayacağam, amma qərarımın özüm üçün ciddiyyətini anlamaq üçün öncə “Neftçi”nin bu mövsümdəki çox bəyəndiyim yeni formasını haradan əldə edə biləcəyimlə maraqlandım.

“İnşaatçılar” metrosu həndəvərində bir ünvan dedilər. Amma oradan öyrəndim ki, ümumiyyətlə, şəhərdə klub komandalarının orijinal formaları satılmır.

Bu isə formaların sifarişini yerinə yetirən gərək ki, “Adidas”ın Bakıdakı nümayəndəliyinin qadağasıdır, hətta “dublikat”ının satışı belə külli miqdarda cərimə cəzası ola bilər və sairə. İddialar nə dərəcədə doğrudur bilmirəm, hər halda “Neftçi”nin formasını o gündən axtarmağı dayandırdım…

Picture

“Neftçi” bizim uşaqlığımızın klubudur. Hansı ki, SSRİ çempionatında uduzanda çox üzülər, qələbə qazananda isə sevincimizin həddi-hüdudu olmazdı. Az qala hər məhəllənin öz Ponomaryovu (İqor), Maşallahı (Əhmədov), İsgəndəri (Cavadov), hətta Səmədi (Qurbanov) vardı.

Hamı onu da bilir ki, o zamanlar (mən 80-ci illərin əvvəlini deyirəm) “Ararat”la oyunlar bir başqa həngamə olardı. Bakıda və ya İrəvanda oynamalarının intriqaya təsiri yox idi, bu qarşılaşmalar ərəfəsi və sonrası böyük mərəkələr, hətta davalar olardı. Yəqin ki, bunun bir səbəbi də məsələn, ukraynalılardan ya da ruslardan fərqli olaraq, həm Azərbaycanın, həm də Ermənistanın yüksək liqada bir klubla təmsil olunması idi.

Bu qarşılaşmalar ayrı hekayələrdir, əminəm ki, gürcülər bu barədə çox gülməli qısametrajlı filmlər çəkərdilər. Doğrudur, “Neftçi”nin adı bir neçə kinomuzda, teletamaşalarda, hətta “Mozalan”da xatırlanıb, adətən də uduzduğu üçün lağa qoyulub. Uduzmaqdan söz düşmüşkən, qonşumuz bir qadın vardı, deyirlər, “Neftçi” uduzanda evlərində yemək bişirməzmiş. Klub qol vuranda isə gedib həmin futbolçunu ekrandan öpərmiş. Belə “Neftçi”, belə azarkeşlər vardı…



“Neftçi”nin SSRİ liqasında heç vaxt bizi sevindirəcək uğuru olmadı. Müstəqilliyin ilk illərindəki gərginliklər, Qarabağ savaşı və qaçqın həyatı futbolla əvvəlki kimi maraqlanmağa imkan vermədi. Yaddaşımı təzələmək üçün “Neftçi”nin statistikasına baxıram, futbol azarkeşliyimdə illərlə davam edən boz və boş səhifələr var. Məsələn, “Neftçi”nin 1997-ci ildə Çempionlar Liqasında ilk Azərbaycan klubu kimi iştirakını xatırlamıram. Eləcə də “Qarabağ”ın da o illərdəki Avropa səviyyəsindəki oyunlarını…Amma istənilən halda, o da faktdır ki, “Qarabağ”ın parlamasına qədər “Neftçi” ölkənin əsas klubu olaraq qalırdı.

Sonrası bəllidir. “Neftçi”nin hücumçusu olmuş Qurban Qurbanov (1996–1998, 2001–2003, 2003–2005) məşqçilik karyerasına “Neftçi”də başladı (2005–2006). 2008-ci ildən isə “Qarabağ”ın sükanı arxasındadır. İndi zaman dəyişib: “Neftçi” bir şəhərin klubu olaraq qalır, “Qarabağ” isə bütün Azərbaycanın qürurudur.

“Neftçi”nin fevralın 21-də “Qarabağ”la keçirəcəyi oyunun ertələnməsi üçün Ağdam klubunun müraciətinə “yox” cavabı futbolla maraqlananlar arasında ciddi müzakirələr doğurub. “Neftçi” rəhbərliyi hesab edib ki, bu oyunun təxirə salınması onların “əvvəlcədən planlaşdırılmış hazırlıq prosesi və qarşıya qoyulan hədəflərə” uyğun deyil. Hamı deyir ki, bu imtina “Neftçi”nin hüququdur. Doğrudur. Amma bu inandırıcı və səmimi mövqe deyil axı… Ortada plan var, amma o planın adı “Qarabağ”ın hazırkı sıx qrafikindən sui-istifadədir.

Ümumiyyətlə, son turlarda “Qarabağ”ın yorğunluğundan istifadə etmək istəyənlər göz önündədir. Zatən

Picture

“Qarabağ”la oyun milli çempionatda istənilən klub üçün əlavə motivasiyadır. “Neftçi”yə qalib gəlməklə “Qarabağ”ı məğlub etmək arasında ciddi fərq var.

Ona görə aşkar hiss olunur ki, məhz klubun “pley-off” qarşılaşmalarına hazırlığı “Qarabağ”ı “taxtdan yıxmaq istəyənlər” üçün fürsət kimi görünür. Bu isə ən azı idman prinsiplərinə ziddir.

Qurban Qurbanov dünən “Şamaxı”ya qarşı ölkə kuboku oyunundakı məğlubiyyətdən sonra “Neftçi”nin imtinasına münasibət bildirib.

Deyib ki, altı gündə üç oyun keçirəcəkləri səbəbindən “Nyukasl”la vacib matçdan öncə çempionat oyununun təxirə salınması onlara böyük kömək ola bilərdi.

“Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. ‘Neftçi’nin özü ilə oyunun ya yerini dəyişmişik, ya da təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur”.

Əslində isə bu açıqlamada hər şey var. Əsas xətt də odur ki, “Neftçi” “Qarabağ”a kömək etmək istəməyib. Bu qədər net. “Neftçi” ukraynalı yeni baş məşqçi gətirib və ümid edir ki, mövsümün sonunda ilk üçlükdə olacaq.

“Neftçi” lap çempion da ola bilər. Eləcə də “Sabah” da, “Turan” da. Amma bu qələbəni belə cılız gedişlərlə etməmək lazımdır. “Qarabağ”ı son uğuruna görə təbrik etməyənlər sırasında “Neftçi” də vardı. Bu da çox şey deyir…

“Qarabağ”ı təkləmək, onun uğuruna paxıllıq etmək Azərbaycanın uğuruna sevinməmək deməkdir. Ona görə də “Qarabağ”ın uğurlarına sevinməkdə davam edənlərin tərəfində qalmaq lazımdır…

Nazim SABİROĞLU

Seçilən
23
sportinfo.az

1Mənbələr