
Filippində tüğyan edən "Penya" tropik fırtınası güclü yağışlar, sel və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində 12 nəfər həyatını itirib.
Milli mətbuata açıqlama verən Filippin Mülki Müdafiə Ofisinin sözçüsü Cuni Kastilyo fırtınanın yol açdığı şiddətli yağış, daşqın və sürüşmələr səbəbindən ölənlərin sayının artdığını bildirib. Hadisə bölgələrində axtarış-xilasetmə tədbirləri davam edir.
Filippin Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasından verilən məlumata görə, tropik fırtına 455 mindən çox insana mənfi təsir göstərib. Təhlükəsizlik tədbirləri çərçivəsində 16 528 ailə yaşayış yerlərindən təhlükəsiz bölgələrə təxliyə edilib.
Qeyd edək ki, hər il orta hesabla 20 tayfun və tropik fırtınanın təsirinə məruz qalan Filippin, həmçinin tez-tez baş verən zəlzələlər və aktiv vulkanlar səbəbindən dünyada ən çox təbii fəlakət yaşayan ölkələr sırasında yer alır. "Penya" fırtınası infrastrukturun sıradan çıxmasına və kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.