AZ

Kiyevdə kritik infrastruktur alternativ enerji mənbələrinə keçirilib

Ukraynanın Kiyev vilayətində bütün kritik infrastruktur alternativ enerji mənbələrinə keçirilib.

"Far.Az"un məlumatına görə, bu barədə vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik "Telegram" kanalında bildirib.

"Energetika ilə bağlı vəziyyət çox mürəkkəb olaraq qalır. Düşmən əhalini işıqsız və istiliksiz - insanın təməl ehtiyaclarından məhrum qoymağa çalışaraq energetika və istilik infrastrukturu obyektlərinə sistemli hücumlarını davam etdirir. Bu zərbələrin nəticələri hiss olunur: ümumi sistemdə elektrik enerjisi getdikcə azalır və yaxın günlərdə kəskin qıtlıq qalmaqda davam edəcək və hiss olunacaq", - deyə o qeyd edib.

Kalaşnikin sözlərinə görə, vilayətin bütün kritik infrastrukturu – qazanxanalar, su təchizatı obyektləri, xəstəxanalar sıravi istehlakçılara əlavə vaxt qazandırmaq üçün alternativ enerji mənbələrinə keçirilib.

"Kombinə enerji qurğuları, generatorlar, günəş elektrik stansiyaları işləyir. Paylanmış enerjini sistemli şəkildə artırırıq", – deyə Kalaşnik əlavə edib.

Xatırladaq ki, fevralın 7-si gecə Rusiya qoşunları Ukraynaya hava hücumu edib. Ölkənin müxtəlif bölgələrindəki İES-lər hədəfə alınıb. Ukraynanın energetika naziri Denis Şmıqal Burştın və Dobrotvor İES-lərində partlayışların baş verdiyini bildirib. Ukraynanın qərbindəki Rovno şəhərində, ölkənin mərkəzi hissəsindəki Vinnitsa və Yelizavetqradda da bir sıra partlayışlar qeydə alınıb. Lvov və Rovno vilayətlərində kritik infrastruktur obyektləri zədələnib.

Seçilən
32
far.az

1Mənbələr