BAKI, 8 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı tam orta məktəb və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, Bakı Ali Neft Mektəbində, Şimal-qərb RM tərəfindən Qəbələ rayon Bum qəsəbə uşaq bağçasında və Qəbələ Atıcılıq Klubunda, Şimal RM tərəfindən Şabran rayonu, Pirəbədil kənd tam orta məktəbində, Aran RM tərəfindən Ucar rayon Qaracallı kənd 1 nömrəli və Yevlax rayon Hürüuşağı kənd tam orta məktəblərində, Gəncə RM tərəfindən Qazax şəhər F.Şamoyev adına 4 nömrəli tam orta məktəbində, Qazax rayon Ağköynək kənd Ş.Çobanov adına tam orta məktəbində, Gəncə şəhər 48 nömrəli körpələr evi-uşaq bağçasında, Muğan RM tərəfindən Salyan rayon Dayıkənd kənd tam orta ümumtəhsil məktəbində, Qarabağ RM tərəfindən Beyləqan şəhər 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.