AZ

Uşaqların daxili dünyasını qorumaq: rəqəmsal dövrdə ortaq məsuliyyətimiz

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əbülfəz SÜLEYMANLIProfessor [email protected]

Son illərdə məktəb mühitində baş verən zorakılıq və aqressiv davranışlar artıq ayrı-ayrı ölkələrin problemi deyil, qlobal miqyasda müşahidə olunan ciddi sosial-psixoloji risklərdən biridir. ABŞ, Almaniya, Finlandiya və Fransa kimi ölkələrin təcrübəsi göstərir ki, bu tip hadisələrin arxasında ailə münasibətləri, rəqəmsal mühitin təsiri, psixoloji dəstək mexanizmlərinin zəifliyi və sosial dəyərlərin aşınması kimi kompleks amillər dayanır.

Əfsuslar olsun ki, son günlər Bakıda baş verən talehsiz insident də göstərdi: qlobal dünyada heç bir ölkə bu proseslərdən tam sığortalanmayıb. Bu hadisə bizi bir daha düşünməyə vadar edir: biz uşaqların daxili dünyasını nə dərəcədə tanıyır və qoruyuruq?

Bu gün uşaqlar və yeniyetmələr əsasən sosial şəbəkələr və kompüter oyunları vasitəsilə “sosiallaşırlar”. “TikTok”, “Instagram”, “YouTube” və onlayn oyun platformaları onlar üçün sadəcə əyləncə deyil, davranış və dəyər formalaşdıran bir “virtual məktəbə” çevrilib. Burada gördükləri münasibət formaları, konfliktlərin həll üsulları və güc modelləri zamanla real həyata köçürülür.

Elmi araşdırmalar göstərir ki, davamlı aqressiv və rəqabətə əsaslanan məzmuna məruz qalmaq empatiyanı zəiflədir, impuls nəzarətini azaldır və emosional tarazlığı pozur. “Like”, “reytinq” və “level” üzərində qurulan sistemlər uşaqlarda asılılıq və davamlı təsdiq ehtiyacı yaradır. Bu isə səbirsizlik, frustrasiya və aqressiv reaksiyalara zəmin hazırlaya bilir.

Məhz bu risklər fonunda son illərdə bir sıra ölkələrdə ciddi tənzimləmə təşəbbüsləri gündəmə gətirilir. Avstraliyadan başlayaraq bəzi Avropa ölkələrində sosial medianın 16 yaşdan aşağı uşaqlar üçün məhdudlaşdırılması, yaş təsdiqi mexanizmlərinin gücləndirilməsi və ekran asılılığının azaldılması istiqamətində hüquqi addımlar atılır. Bu yanaşmalar göstərir ki, inkişaf etmiş cəmiyyətlər problemi təkcə fərdi məsuliyyətə buraxmır, institusional səviyyədə həll yolları axtarır.

Hadisədən sonra sosial mediada bəzi istifadəçilərin “sərt tərbiyə” çağırışları da diqqət çəkdi. Halbuki bu günün uşaqları elmi ədəbiyyatda “Z” və “Alfa” nəsli adlandırılan, rəqəmsal mühitdə formalaşan, yüksək həssaslığa və emosional geribildirim ehtiyacına malik bir nəsildir. Bu nəslə qorxu və təzyiq üzərində qurulan münasibət modeli pedaqoji baxımdan düzgün deyil. Sərt üsullar müvəqqəti itaət yaratsa da, uzunmüddətli perspektivdə psixoloji zədələr, özgüvən itkisi və aqressiya riskini artırır.

Digər mühüm məsələ müəllim nüfuzunun zəifləməsi və cəmiyyətdə “pulla hər şeyin həll olunması” düşüncəsinin yayılmasıdır. Maddi imkanların əsas sosial kapital kimi təqdim edilməsi əxlaqi və hüquqi çərçivələrin kölgədə qalmasına səbəb olur. Bu tendensiyalar uşaqların dəyər sisteminə mənfi təsir göstərir, hörmət və məsuliyyət anlayışlarını zəiflədir. Nəticədə konfliktlər dialoqla deyil, güc və təsir vasitəsilə həll edilməyə meyilli olur.

Bu risklərin qarşısının alınmasında məktəb psixoloqlarının rolu həlledicidir. Davranış dəyişikliklərini vaxtında aşkar etmək, risk qruplarını müəyyənləşdirmək və sistemli dəstək göstərmək onların əsas missiyasıdır. Məktəb psixoloqları artıq formal “tərbiyəçi” funksiyası ilə kifayətlənməməli, müasir metodlara yiyələnmiş, fərdi müşayiət və risk analizi aparan peşəkar mütəxəssislərə çevrilməlidirlər. Onlar sistemin kənarında deyil, mərkəzində dayanmalıdırlar.

Eyni zamanda müəllim namizədlərinin ali təhsil dövründə uşaq və yeniyetmə psixologiyası, emosional inkişaf və konfliktlərin idarə olunması sahəsində daha dərindən hazırlanması vacibdir. Müasir müəllim yalnız bilik ötürən deyil, həm də şagirdin psixoloji təhlükəsizliyini qoruyan sosial liderdir.

Valideynlərin rolu isə bütün bu proseslərin əsas dayağıdır. Effektiv nəzarət qadağa və təzyiq üzərində deyil, açıq dialoq, empatiya və qarşılıqlı etibar üzərində qurulmalıdır. Maddiyyata əsaslanmayan mənəvi dəyərlər sistemi ilk növbədə ailədə formalaşır. Uşaq valideyninə güvənirsə, problemlər gizlədilmir, vaxtında paylaşılır və sağlam şəkildə həll olunur.

Məktəb rəhbərliyi də bu prosesdə daha fəal mövqe tutmalıdır. Uşaqların elmi, mədəni və mənəvi inkişafı üçün elm və ədəbiyyat xadimləri ilə görüşlərin təşkili, müsbət rol modellərinin təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, bir sıra ölkələrin təcrübəsi göstərir ki, 16 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsinin müəyyən çərçivələr daxilində tənzimlənməsi də müzakirə olunmalı məsələlər sırasındadır. Bu cür yanaşmalar qadağa məqsədi daşımamalı, uşaqların psixoloji rifahını və sağlam inkişafını qorumağa yönəlmiş balanslı mexanizmlər kimi nəzərdən keçirilməlidir.

Nəticə etibarilə, Bakıda baş verən hadisə qlobal risklərin yerli təzahürüdür. Əsas vəzifəmiz hadisələrdən sonra reaksiya vermək yox, onları doğuran səbəbləri vaxtında müəyyən etmək və preventiv mexanizmlər formalaşdırmaqdır.

Uşaqların təhlükəsizliyi yalnız kamera və mühafizə ilə təmin olunmur. Əsl təhlükəsizlik sağlam dəyər sistemi, güclü psixoloji dəstək və funksional ailə-məktəb əməkdaşlığı ilə mümkündür.

Bu sahədə məsuliyyət ailənin, məktəbin, psixoloji xidmətlərin, medianın və dövlət qurumlarının koordinasiyalı və davamlı fəaliyyətini tələb edir. Risk faktorlarının erkən mərhələdə müəyyənləşdirilməsi, elmi əsaslara söykənən monitorinq sistemlərinin qurulması və preventiv müdaxilə mexanizmlərinin institusional səviyyədə tətbiqi xüsusi əhəmiyyət daşıyır. Yalnız belə çoxsəviyyəli və sistemli yanaşma vasitəsilə uşaqların psixoloji rifahını qorumaq, zorakılıq və sosial risklərin qarşısını vaxtında almaq və onların sağlam, empatik və sosial cəhətdən yetkin fərdlər kimi formalaşmasını təmin etmək mümkün ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
525.az

1Mənbələr