AZ

Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! Olmazmı?

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

“Qarabağ”ın bu ay ağır oyun qrafiki var. Həm kubok, həm çempionat, həm də Çempionlar Liqasının pley-off mərhələsində ev və səfər oyununa çıxacaq.

Mia.az xəbər verir ki, fevralın 21-də “Neftçi” “Qarabağ”ı qəbul edir. Oyun saat 19.00-da olacaq. Bundan sonra “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün İngiltərəyə getməlidi və orada fevralın 24-dən 25-nə keçən gecə oyuna çıxacaq. Bütün bunlara qədər milli çempionatın daha 2 oyunu və “Nyukasl”la ev oyunu da var.

Yəni, gördüyünüz kimi, vəziyyət gərgin oyunların tablosunu yaradır.

Bunları nəzərə alan “Qarabağ” “Nyukasl”la həlledici oyun ərəfəsində yorulmamaqçün Neftçi”ylə oyunun təxirə salınmasını “Neftçi”nin özündən və PFL-dən xahiş edib. Birincilər xahişə rədd cavabı verib.

Hələ bundan əvvəl mətbuat konfransında jurnalistlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan bu barədə soruşanda o, elə də üstündə durmamışdı sualın. Sonrakı günlərdə də tövrünü dəyişmədi Qurbanov. Görünür, belə məsələlərin müzakirəsinin və həllinin ona aid olmadığını anlayacaq dərəcədə tədbirli və ehtiyatlı adamdı. Düz edir. Onun işi komandanı hazırlayıb meydana çıxarmaqdı.

“Qarabağ” rəhbərliyi isə əl çəkmir. “Neftçi” “yox” desə də, müxtəlif instansiyalara müraciət etməklə, premyer liqa oyununun təxirə salınmasına nail olmaq istəyir. İşin gözünə bir az da vətənpərvərlik notlar salmaqla usdufca aranı qarışdırır, emosional müstəvi yaradır, amma məncə, düz eləmir.

Çünki, əvvəla “Neftçi”ylə illərin intriqası var: iki klubun arazkeşləri belə oyunlarda bir-birinə aman vermir. Hələ dünənə kimi “Qarabağ” iki ayağını bir başmağa dirəyib, Suraxanıda “Neftçi”nin bazasına məxsus ərazini “Akademiya tikmək” adıyla əlinə keçirmək istəyirdi.

“Qarabağ” bundan əvvəllərdə də klublardan belə xahişlər edib, amma sonra ona güzəşt edən klubları heç “uf” demədən, şans vermədən məğlub edib. Yəni, adamlar realist, işini görür, sentimentallıq etmir.

Məsələn, elə bu yayda “İmişli”ylə ev oyunu üçün Qubaya gedəcəkdilər, amma avroliqa oyunu ərəfəsində olduğu üçün “İmişli”ni öz ayağına gətirdilər, Suraxanıya, burada öz meydançalarında da məğlub edib yola saldılar Qubaya. Güzəşt etdimi “Qarabağ” onların ayağına gələn komandaya? Yox. Çünki bu oyundu, burada hərənin öz qaydaları və prinsipləri var.

Eləcə də “Neftçi”. Niyə adamlar öz prinsiplərindən vaz keçsinlər? Komandaya təzə baş məşqçi gəlib, gecə-gündüz adam arı kimi işləyib komandasını bir yerlərə gətirmək istəyir. Lap elə uduzacaq bəlkə də “Qarabağ”a ayın 21-də. Amma prinsipləri ilə uduzacaq. Ruh yüksəkliyini, içindəki övkəni və üsyanı qoruyaraq uduzacaq. Niyə komandanın rəqabət və barışmazlıq ruhunu sındırmağa çalışırsınız ki?

Niyə hər dəfə “Qarabağ” deyəndə adamın ağlına futboldan daha çox siyasət gəlsin ki?

Ayağını dirəyən “Neftçi”ni niyə siyasətçilərin əliylə susdurmağa cəhd edirsiniz?

“Qarabağ”ı anlayıram. Bu komandanın ölkə futbolu adına verdiyi töhvələrin də fərqindəyəm. Hər zaman uğurları bol olsun!

Eyni zamanda, onu da bilirəm ki, adamlar futbol oynayaraq həm də pul qazanırlar. Bu işin əsas qırılma nöqtəsi də elə budu. “Neftçi” də qazanmaq istəyir. Onun qazancı həm də küskün azarkeşini sevindirmək, ölkə ictimaiyyətinin təqdirini qazanmaqdı. Bu oyun təbii ki, “Neftçi” üçün sonuncu avantaj, yaxud “ölüm-qalım” məsələsi deyil. Turnir cədvəlindəki yerinə də çox təsir etməyəcək. Amma əvəzində bir klubun iradəsinin təntənəsi və azarkeşi qarşısında əsgəri salama bərabər duruşu olacaq.

Bu çəkişmə hazırda elə bir mərhələdə və emosiyaların tarıma çəkildiyi məqamdadı ki, mən hətta düşünürəm ki, əgər oyun baş tutsa, “Neftçi” qələbəni özünə şərəf məsələsi saya bilər.

Digər tərəfdən, bu çəkişmənin hazırda pərdə arxasında qalan çox maraqlı tərəfi də var: “Sabah” futbol klubu. Unutmusunuz onu deyəsən. Bu dartışmada ən qazanclı tərəf əslində odu. 12 ildən sonra “Qarabağ”ı turnir cədvəlinin ikinci pilləsinə endirən və artıq 2 turdu, yuxarı qalxmağa imkan verməyən “Sabah”. “Qarabağ”ın premyer liqada büdrəməsindən ən çox o, faydalanır. Mən bu ikilinin arasında bundan sonra ola biləcək bütün intriqaları səbrsizliklə gözləyirəm. Bu intriqaya “Neftçi”nin və hazırda turnir cədvəlində 3-cü yerdə olan “Turan-Tovuz”un da qoşulması xoşuma gəlir və məncə, bütün bunlar bu ilki Premyer Liqa mövsümünü çöx rəngləndirir.

Düzünü desəm, “Qarabağ”ın “Neftçi”ylə oyundan niyə bu qədər çəkindiyinin səbəbi mənə tam aydın deyil. “Qarabağ” kimi iddialı komanda üçün belə oyun qrafiki problem olmamalıdı. “Qarabağ”ın iştirak etdiyi Avropa çempionatlarında oynayan komandaların da öz ölkəsində eynilə belə fasiləsiz iş qrafiki var. 12 dəfə ardıcıl premyer liqanın qalibi olan komanda üçün “yoruluruq”, deyə oyunları təxirə salmaq, yaxud komandaları ayağına gətirtmək, əslində çox ayıbdı. Özü də son aylarda “Qarabağ” demək olar ki, çox az səfər oyunu keçirib. “Turan-Tovuz” da yanvardan Bakıda müvəqqəti yerləşdiyi üçün daha Tovuza da getmirlər.

Üstəlik, gəlin baxaq: məgər əsas heyətdən başqa, ikinci heyəti yoxdurmu “Qarabağ”ın? Var. O heyət oynasın “Neftçi”ylə. Bu illər ərzində ikinci heyətini doğru-düzgün formalaşdıra bilməyibsə Ağdam klubu, “Neftçi” neyləsin?

Çox istəyirəm ki, “Neftçi” bu məsələdə dirənsin.

Araya siyasət girməsin.

Əgər “Qarabağ” üçün Avrokubok oyunu belə mühüm əhəmiyyət daşıyırsa, “Neftçi” ilə oyundan qoy, özü imtina etsin.

Texniki məğlubiyyət alsın. 3 xalı da versinlər “Neftçi”yə.

Olmazmı?

Bir qərar verilsin artıq. Yoxsa, bir də gördünüz, “Nyukasl” özü imtina etdi “Qarabağ”la oynamaqdan.

Zülfiyyə Mustafayeva

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
mia.az

1Mənbələr