AZ

"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürünşeirləri

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Əlisəmid Kürün şeirlərini təqdim edir.

Şair Əlisəmid Kür1954-cü il fevralın 8-də Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini (1976) fərqlənmə diplomu ilə bitirib. C.Cabbarlı adına Teatr Muzeyində elmi işçi (1981-1982), AzTV-də ştatdankənar müxbir (1982-1984), “Azəbaycanfilm” kinostudiyasında rejissor assistenti (1984-1990), Azərbaycan Yazıçılar Birliyinini ədəbi təbliğ bürosunda şıbə müdiri (1989-1991),Azərbaycan Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetinin baş redaktoru (1991-1994) olub. 2014-2024-cü illərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Ə.Kürün ilk şeirləri müxtəlif qəzet və jurnallarda, ədəbi almanaxlarda dərc edilib. “Rəngli kölgələr” (1989), “…Və qırx tanış üz” (şarjlar kitabı, 1991), “Kentavr” (1997), “Qan-tər içində” (2000), “Çaylar məcrasından çıxanda” (2004), “Sonuncu dua” (Təbriz, 2013), “Tənha kentavr” (2023) kitablarının müəllifidir. Şeirləri bir çox dünya dillərinə tərcümə edilib.

Ə.Kür bir çox ölkələrdə poeziya festivallarında Azərbaycanı təmsil edib. 1992-ci ildə Antalya şəhərində keçirilən Poeziya Törənində “Qızıl çələng”lə təltif edilib. Bir çox beynəlxalq mükafatlara, “Vektor” Beynəlxalq Elm Mərkəzinin (2003) və Rəsul Rza Beynəlxalq mükafatına (2004) layiq görülüb.

2025-ci il oktyabrın 13-də vəfat edib.

ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ

Çəkilib uzaqdan baxdım özümə, -

Gördüm görkəmim dəyişib,

Üst-başım tamam köhnəlib,

Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan

Xəbərim olmayıb üzümə düşən qırışdan.

Yaman inanmışam arvad sözünə:

«Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran

O şux, o kür adam mən deyilmişəm.

Adamlar dəyişir havalar kimi

İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər,

Odu eee… yanımdan atlanıb keçir.

Ürək qızdırdığım, çörək kəsdiyim

Qəfildən üstümdən atlanıb keçir.

Mən koram. – Sən hara baxırsan, Tanrım!

Sənin də oyunun yamandan yaman.

Haqqın tərəzisi qurulan vaxtı

Kiminə taxt verdin, kiminə palan.

Çəkilib uzaqdan özümə baxdım, -

bir də üzə gülüb,

arxamca daş atanlara.

Yol üstə ilan tək qıvrılanlara…

Başımın üstündə qovğalar kimi

Bu yağış adamlar külək adamlar –

Bu payız oğlanlar, bu qış gözəllər

Bu külək oğlanlar, kələk oğlanlar…

Bu payız gözəllər, bu xəzəl qızlar

Dayanıb yolumda qovğalar kimi –

Adamlar dəyişir havalar kimi –

Niyə dəyişmədin, Cəfərin oğlu?!

1997

KENTAVR

Bir gecə vağzalın yanından keçəndə şəhərdə

qəfildən işıqlar söndü.

Kürəyində yük daşıyan

adamlar mənə Kentavrları xatırlatdı…

Bir də qulaqlarıma at kişnərtisi gəldi…

Dərdin arxasınca dördnalla çapan

Bədəni at, başı adam.

Bu yarıat, yarıadam

Qaçmağı hallı adam

hara gedir, Yaradan?!

Sözünün dalında dağ kimi durub,

Hər gün bu sevdayla döyüşə gedir,

Dalına atdığı şələyə baxmır.

Xəndəyə yıxılmır, dərəyə baxmır

Özüylə söyüşə-söyüşə gedir.

At kimi yeriyir qəmin üstünə

Çapır, dördnala çapır,

Hara gedir qəm gətirir

Bir gün çörək tapır,

bir gün də tapmır.

“Mersedes” gözəllər keçir yanından

Vaxtı yox onlara gözucu baxa.

Faytona qoşulmuş ata boylanır,

Bu yarıat, yarıadama

ana boylanır,

ata boylanır.

Kentavr şəhərdən baş aça bilmir,

Dəyənək qorxusu çıxmır canından.

Bu köçkün kentavr,

qaçqın kentavr

Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,

Göydə Allah qovur, yerdə bəndəsi

Kəpənək yuxusu qaçıb gözündən

Hələ kütə gedir onun kündəsi.

- Hara qaçırsan, Kentavr?

Kimdən qaçırsan, Kentavr?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

söyüşə-söyüşə.

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar – döyüşə!

1996

TAXTA QAPI, DƏMİR QAPI

Dərd döydü taxta qapımı

Tez durub qapını açdım.

Salam verdim, əl tutmadım

Yaxşıca bir süfrə açdım.

- Gec gəlmisən, dərd qardaşım,

Gəl, sənin payından yeyək.

Qol-boyun olaq səninlə,

lap oxuyaq, mahnı deyək.

İçməyə bir şey tapılar,

Keç otur yuxarı başda.

Ömrün baharı tez keçdi

Gəlib çıxmısan bu qışda.

Geymisən dəmir çarığı,

Minmisən dəmir atını.

Dərd, sənə dərd göstərəcəm

Döyəcəm dəmir qapını.

XƏNCƏR ÇƏKSƏN TAMAHINA

Duz basıb dərd yarasına

Çıxarsan mərd arasına.

Əyilərsən ağrısına

Diz çökərsən günahına.

Şah oğlu şah olsan belə

Nəfsin varsa, qulsan elə.

Başından tac düşməz yerə

Xəncər çəksən tamahınam.

…Nə baxırsan xana, bəyə

Geç də olsa gəl tövbəyə.

Dizin-dizin dur növbəyə, -

Qoy xoş getsin Allahına.

MƏHƏMMƏDƏ SARI DAĞ YERİYİRDİ

Dağlar adam dili bilir, -

adamlar unudub daşın dilini,

ağacın dilini, quşun dilini.

Ağaclar danışır adam diliylə, -

quşlar dil-dil ötür yarpaqlarla,

yarpağın öz dili, quşun öz dili.

Bizə elə gəlir çaylar danışmır,

Söz deyir qabaran sular, -

çaylar məcrasından çıxanda

söz deyir,

dənizdə boğulana göz dəyir;

Biz duymuruq, eşitmirik…

Dağlara lal kimi baxma, -

lalın dilini anası bilər,

Dərdin göyçəyini Sonası bilər…

Qul dili bilirdi Süleyman,

Onda çöl diriydi, çəmən diriydi.

Tanrıya bağlıydı bu əhdi-peyman

Məhəmmədə sarı dağ yeriyirdi…

2004

AĞI

Dəli çayların axarı

suların səsindən bəlli.

Mən keçdim,

Sən keçəmmədin.

Torpağım heeey!

Sirri kor quyu dibində,

Dərdi üzündən bəlli.

Dəlisi ağıllı kimi,

ağıllısı dəli kimi

Millətim heeey!

Tapdaq altda gözü qalan

ocaq külündən bəlli.

Qorxağı qaçmağından,

İgidi ölümündən bəlli.

Məmləkətim heeey!

Yurdu talan olanım

İndi həsrətlə qol-boyun.

Ulayım qurdtək, ulayım

Millətim heeey!

Məmləkətim heeey!

Nə atmısan özünü

həsrətin qucağına.

Leysan yağışı düşüb

könlünün ocağına.

Fələk səni qarğıyıb

özü düşüb həvəsdən.

Canında bir qorxu var -

canın çıxır qəfəsdən.

Sənin qayğına qallam,

Ey əlahəzrət zaman.

Ürəyim bombolomboş,

Salam, boşluğa salam.

DƏNSİZ DƏYİRMAN DAŞLARI

Fırlanır dəyirman daşı

Baxıram, başım fırlanır.

Fırlanır dünya başıma

Torpağım, daşım fırlanır.

Saçı-saqqalı ağarmış

Sığal çəkmə alt daşına, üst daşına.

Un ələnmir üst-başına.

Dənsiz dəyirman daşları qəm ələyir,

Dərd üyüdür ömrün qışına.

Bu çərxi-dövran daşları

Dəyir, bir-birinə dəyir.

Dənsiz dəyirman daşları

Yeyir, bir-birini yeyir.

Acıdı dəyirman daşları

Dən gözləyir əvvəl-axır.

Tanrı dinmir, Tanrı susub

Çörəyimiz daşdan çıxır.

Seçilən
15
1
kulis.az

2Mənbələr