Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində su borusunun partlaması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evləri, eləcə də heyvan sığınacağının həyəti su ilə dolub. Baku TV-yə açıqlama verən sakinlər bildiriblər ki, problemlə bağlı aidiyyəti qurumlara erkən saatlarda müraciət etsələr də, problem aradan qaldırılmayıb.
Sığınacağın sahibi və şikayətçi Yelena Smakina hadisənin təfərrüatı barədə deyib:
"Mən əvvəl hərbçi olmuşam. Pensiyaya çıxandan sonra bu sığınacağı yaratmışam. Burada 120 it var. Demək olar ki, onların hamısı köməyə ehtiyacı olan heyvanlardır. Səhər saat 8-də qonşu dedi ki, sənin ərazindən bizim həyətimizə su axır. Baxıb gördüm ki, boru partlayıb və hər tərəf su içindədir. Bununla artıq ikinci dəfədir ki, bu cür hal yaşanır. Dərhal su idarəsinə zəng etdim, hadisə ilə bağlı məlumat verdim. İdarədən gəlib suyu bağlayıb getdilər, problemi isə həll etmədilər. Heyvanlar suyun içində qalıblar".
Mövcud problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (ADSEA) bildirilib ki, su xəttində qəza baş verib. Problemin aradan qaldırılması üçün əraziyə su kanal idarəsinin əməkdaşları cəlb olunub.