AZ

Vaşinqtondan Bakıya “insan haqları” mesajı: məqsəd nədir? Elçin Mirzəbəyli

Gununsesi saytına istinadən ain.az xəbər verir.

ABŞ Konqresinin aparıcı üzvü ölkənin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində “vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə” çağırıb. Nümayəndələr Palatasının üzvü, palatanın Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, demokrat Ceyms Makqovern fevralın 6-da vitse-prezidentə ünvanlandığı məktubu dövlət katibi Marko Rubioya da göndərib.

Konqresmen məktubunda Tramp administrasiyasının strateji diplomatiyasının siyasi məhbusların azadlığa çıxmasında uğur qazandığını qeyd edir, Belarusda Sergey Tixanovskinin, Ales Bialistskinin, Mariya Kalesnikovanın adlarını vurğulayır.

“ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycan hökumətinin acınacaqlı insan hüquqları göstəriciləri sənədləşdirilib. Azərbaycana səfəriniz və vəzifənizin imkanlarından yararlanaraq vicdan məhbuslarının azadlığa buraxılmasına çalışmağa çağırıram”, – məktubda deyilir.

Maraqlıdır, ABŞ Konqresinin aparıcı üzvünün vitse-prezidentə ünvanladığı bu çağırış Azərbaycan hökuməti üçün hansı siyasi mesajı ifadə edir?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb.

O bildirib ki, ABŞ Konqresinin üzvü, Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri Ceyms “Jim” Makqovernin müraciətinin mahiyyətini anlamaq üçün onu regional sülh prosesinin həssas mərhələsi, Tom Lantos Komissiyasının son dinləmələri və Makqovernin həmin dinləmələrdə sərgilədiyi mövqe fonunda qiymətləndirmək vacibdir:

“ABŞ-nin Vitse-prezident səviyyəsində səfərlər, adətən, strateji, təhlükəsizlik, enerji, regional sabitlik kimi məsələləri əhatə edir. Makqovern isə məktubu ilə bu gündəliyi dəyişdirərək əsassız iddialara yönəltməyə çalışır. Hazırda regionda əsas məsələ Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Bu mərhələdə Azərbaycanın qərəzli iddialarla “insan haqları problemi olan ölkə” kimi təqdim edilməsi Ermənistan daxilində revanşist qüvvələrin arqumentlərini gücləndirir, Azərbaycan üzərində siyasi təzyiq fonu yaratmaq niyyəti güdür, sülh gündəliyini arxa plana keçirilməsinə xidmət edir. Bu baxımdan, Makqovernin müraciəti yalnız hüquqi çağırış deyil, siyasi avantüradır. Azərbaycan üçün istənilən hüquqi məsələ ölkənin Konstitusiyası və qanunvericiliyi çərçivəsində həll olunur”,- deyə o, həmçinin qeyd edib.

O, eyni zamanda deyib:

“Xarici siyasi fiqurların bu proseslərə müdaxilə xarakterli çağırışları isə suverenlik prinsipi baxımından qəbuledilməzdir. Azərbaycan insan haqları mövzusunda dialoqa açıqdır. Lakin bu dialoq erməni diasporunin tezisləri, selektiv dinləmələr,siyasi etiketləmə üzərində deyil, hüquqi və institusional mexanizmlər üzərində aparılmalıdır. Makqovernin məktubu Azərbaycan hökuməti üçün aydın siyasi mesaj verir: Vaşinqtondakı müəyyən dairələr Azərbaycanla münasibətlərdə “insan haqları” mövzusunu əsas təzyiq alətinə çevirmək niyyətindədirlər və yüksək səviyyəli diplomatik təmasların gündəliyinə bu xətti daxil etməyə çalışırlar. Bu, eyni zamanda, Tom Lantos Komissiyasının erməni diaspor təşkilatları ilə birlikdə keçirdiyi birtərəfli və qərəzli dinləmələrdə müşahidə olunan xəttin davamıdır”.

Elçin Mirzəbəyli son olaraq bildirib ki, insan haqları mexanizmlərinin legitimliyi onların universal tətbiqi ilə ölçülür:

“Lakin Komissiyanın Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr göstərir ki, burada universal yanaşmadan çox, seçilmiş siyasi tezislərin tribunaya çıxarılması baş verir. Dinləmələrdə əsas söz sahibləri, əsasən, erməni diaspor təşkilatları ilə bağlı olan şəxslər, hüquq müdafiəçisi adı altında çıxış edən lobbi təmsilçiləri və birtərəfli məlumat təqdim edən dairələr olur. Bu müzakirələrdə: Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılar, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün taleyi, Xocalı soyqırımı, Qarabağda məhv edilmiş şəhərlər, kəndlər, məscidlər, qəbiristanlıqlar ümumiyyətlə xatırlanmır. Bu isə artıq obyektiv hüquq müzakirəsi yox, siyasi çərçivələnmiş selektiv gündəlikdir. Makqovernin çıxışlarında tez-tez istifadə olunan “etnik təmizləmə”, “Artsax xalqı”, “geri qayıdış hüququ” kimi ifadələr birbaşa erməni diasporunun ictimai rəyə sırımağa çalışdığı qərəzli, əsassız siyasi leksikonun pərdələnmiş elementləridir.

Makqovernin vitse-prezidentə ünvanladığı müraciət humanitar ritorika ilə təqdim olunsa da, onun siyasi konteksti, zamanlaması və əvvəlki fəaliyyətlərlə bağlılığı bu addımın daha geniş məqsədə xidmət etdiyini göstərir. Bu Azərbaycanın beynəlxalq imicinə təsir göstərmək, sülh prosesinin fonunda siyasi təzyiq mühiti formalaşdırmaq və ABŞ diplomatiyasının gündəliyinə birtərəfli iddiaları daxil etmək cəhdidir”.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
icma.az

1Mənbələr