Türkiyə əhalisinin sayı 2025-ci ilin sonuna 86 milyon 92 min 168 nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 427 min 224 nəfər artım deməkdir. Vətəninfo.az xəbər verir ki, məlumat Türkiyə Statistika İnstitutunun (TÜİK) “Ünvana Əsaslanan Əhali Qeydiyyat Sistemi”nin (ADNKS) 2025-ci il üzrə nəticələrində əksini tapıb.
Rəsmi statistikaya görə, ölkə əhalisinin 43 milyon 59 min 434 nəfərini kişilər, 43 milyon 32 min 734 nəfərini isə qadınlar təşkil edir. Beləliklə, kişilər ümumi əhalinin 50,02 faizini, qadınlar isə 49,98 faizini təşkil edib.
ADNKS məlumatlarına əsasən, Türkiyədə yaşayan xarici vətəndaşların sayı da artıb. 2025-ci ildə xarici əhali əvvəlki ilə nisbətən 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfərə çatıb. Xarici əhalinin 49,3 faizi kişilərdən, 50,7 faizi isə qadınlardan ibarət olub.
Əhalinin illik artım tempi hər min nəfərə 5 nəfər təşkil edib. Bu göstərici 2024-cü ildə hər min nəfərə 3,4 idi.
Şəhər və rayon mərkəzlərində yaşayan əhalinin payı 93,6 faizə yüksəlib. Bu göstərici 2024-cü ildə 93,4 faiz idi. Kəndlərdə yaşayan əhalinin nisbəti isə 6,6 faizdən 6,4 faizə enib.
Məkan Ünvan Qeydiyyat Sisteminin (MAKS) tətbiqi ilə aparılan yeni təsnifata əsasən, Türkiyə əhalisinin 67,5 faizi sıx məskunlaşmış şəhərlərdə, 15,8 faizi orta sıxlıqlı şəhər ərazilərində, 16,8 faizi isə kənd yerlərində yaşayır.
2025-ci ildə Türkiyənin 33 vilayətində əhali azalması qeydə alınıb. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 40 vilayət təşkil etmişdi.
İstanbul əhalisi 52 min 451 nəfər artaraq 15 milyon 754 min 53 nəfərə çatıb. Bununla da İstanbul ölkə əhalisinin 18,3 faizini cəmləşdirib. İstanbuldan sonra Ankara (5 milyon 910 min 320), İzmir (4 milyon 504 min 185), Bursa (3 milyon 263 min 11) və Antalya (2 milyon 777 min 677) ən çox əhaliyə malik vilayətlər olub.
Ən az əhaliyə malik vilayət 82 min 836 nəfərlə Bayburt olub. Ondan sonra Tunceli, Ərdəhan, Gümüşhane və Kilis gəlir.
İstanbulun Esenyurt rayonu 1 milyon 3 min 905 nəfərlə Türkiyədə əhalisi 1 milyonu keçən ilk rayon olub. Sonrakı yerlərdə Qaziantepin Şahinbey, Ankaranın Çankaya və Keçiören, eləcə də Qaziantepin Şehitkamil rayonları qərarlaşıb.
Statistik göstəricilər əhali piramidasında struktur dəyişikliyinin davam etdiyini göstərir. Doğum və ölüm səviyyələrinin azalması fonunda yaşlı əhalinin payı artmaqda davam edir. Türkiyədə orta yaş həddi 2025-ci ildə 34,9-a yüksəlib. Bu göstərici kişilərdə 34,2, qadınlarda isə 35,7 olub.
Vilayətlər üzrə ən yüksək orta yaş 44 ilə Sinopda qeydə alınıb. Ən aşağı orta yaş isə 21,8 ilə Şanlıurfada müəyyən edilib.
Nikah vəziyyətinə dair məlumatlar göstərir ki, heç vaxt evlənməyən kişilərin nisbəti qadınlardan daha yüksəkdir, dul və boşanmış qadınların payı isə kişilərə nisbətən çoxdur.
İşlək yaşda olan əhalinin (15–64 yaş) payı 68,5 faizə çatıb. Uşaq əhalinin nisbəti azalaraq 20,4 faiz, 65 yaşdan yuxarı əhalinin payı isə artaraq 11,1 faiz olub.
Əhali sıxlığı ölkə üzrə hər kvadrat kilometrə 112 nəfər təşkil edib. Bu göstərici İstanbulda 2 943 nəfərlə ən yüksək olub. Ən aşağı əhali sıxlığı isə hər kvadrat kilometrə 11 nəfərlə Tuncelidə qeydə alınıb.