AZ

İsrail ABŞ nin İrana zərbə endirməsinə çalışır Netanyahunun Trampla təcili görüşü gözlənilir

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İsrail ABŞ-ni İranın raket proqramına təkbaşına zərbə endirməyə hazır olduğuni iddia edib. Bunu həmin proqramın İsrailin mövcudluğuna təhlükə yaratması ilə əlaqləndirib.

“AzPolitika” xəbər verir ki, bu haqda “The Jerusalem Post” qəzeti İsrail təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

"Biz amerikalılara dedik ki, İran ballistik raketlərlə bağlı qırmızı xəttimizi keçərsə, təkbaşına zərbə endirəcəyik", - deyə mənbələrdən biri qəzetə bildirib.

Amerikalı həmkarları ilə son görüşlərdə İsrail hərbi rəsmiləri onlara İrandakı raket istehsalı müəssisələrini məhv etmək üçün bir neçə plan təqdim ediblər. İsrail hərbi rəsmilərindən biri hazırkı anı İranın raket infrastrukturuna əhəmiyyətli bir zərbə endirmək və İsrailə, eləcə də qonşu dövlətlərə qarşı aktiv təhdidləri neytrallaşdırmaq üçün "tarixi fürsət" kimi təsvir edib.

Lakin İsrail rəsmiləri ABŞ-nin hücum edəcəyi təqdirdə İrana yalnız məhdud zərbələr endirəcəyindən və bunun əsas təhlükəni aradan qaldırmayacağından narahat olduqlarını bildiriblər: "Vaşinqton bir neçə hədəfi seçib vurandan sonra bunu uğur kimi bəyan edə, bunun nəticələri ilə məşğul olmağı isə İsrailə buraxa bilər”.

Yazıda qeyd olunur ki, fevralın 11-də İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-də Donald Trampla görüşməsi gözlənilir. Görüşdə Vaşinqtonun İranla nüvə sazişi üzrə davam edən danışıqları müzakirə ediləcək. İsrail Baş nazirinin ofisi vurğulayıb ki, "istənilən danışıqlar İranın ballistik raketlərinə məhdudiyyətləri əhatə etməlidir".

“Axios” nəşri isə qeyd edib ki, Netanyahunun ABŞ-yə səfəri təcili xarakter daşıyacaq. Çünki əvvəlcə bu görüş 18 fevrala planlaşdırılmışdı. Ağ Ev rəsmilərinin sözlərinə görə, İsrail tərəfi görüşün bir həftə əvvələ keçirilməsini istəyib.

İsrailin bu cür açıqlamalarla ABŞ-nin İrana ağır zərbələr endirməsinə, regionun yenidən qan gölünə çevrilməsinə çalışdığı istisna olunmur.

Qeyd edək ki, fevralın 6-da ABŞ və İran Omanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Hər iki tərəf danışıqları müsbət qiymətləndirib və əlavə məsləhətləşmələrə razılıq verib. Lakin mənbələr əsas fikir ayrılıqlarının qaldığını bildirir. Tehran uranın zənginləşdirilməsi ilə bağlı razılaşmanı, onu tam qadağan etmədən nəzərdən keçirməyə hazır olduğunu bildirib, lakin raket proqramı ilə bağlı danışıqları rədd edərək bunun "müdafiə məsələsi" olduğunu bildirib. Tramp isə bəyan edib ki, ABŞ üçün məqbul olan razılaşma İranın nüvə silahlarından tam imtinasını tələb edəcək.

İranın XİN başçısı əvəzində bəyan edib ki, İrana hücum olsa, Tehran Yaxın Şərqdəki ABŞ bazalarını vuracaq.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
azpolitika.info

1Mənbələr