ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafata layiq görülmək böyük şərəf və dərin qürur hissi doğurur. Bu mükafat yalnız fərdi və ya institusional nailiyyətlərin deyil, eyni zamanda müdriklik, uzaqgörənlik, humanizm və insanlığa xidmət kimi ali dəyərlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Şeyx Zayedin formalaşdırdığı dövlətçilik fəlsəfəsi bu gün də aktualdır və müasir inkişaf modelinin əsas dayaqlarından biri kimi qəbul olunur.
Şeyx Zayed bin Sultan Al Nəhyayanın tarixi rolu təkcə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu olması ilə məhdudlaşmır. O, qısa müddət ərzində təbii sərvətlərin düzgün idarə olunmasına, insan kapitalının inkişafına və sosial rifahın təmin edilməsinə əsaslanan uzaqgörən siyasət həyata keçirərək regionda nümunəvi dövlət modelinin əsasını qoymuşdur. Onun üçün inkişafın mərkəzində insan amili dayanırdı və bu yanaşma bu gün də dövlət siyasətinin aparıcı xətti olaraq qalır.
Məhz bu möhkəm təməl üzərində formalaşan siyasət hazırda Şeyx Məhəmməd bin Zayed Al Nəhyayan tərəfindən uğurla davam etdirilir. Şeyx Məhəmməd atasının müəyyən etdiyi inkişaf, tərəqqi və davamlı müasirləşmə kursuna sadiq qalaraq, bu siyasəti müasir dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirir. Onun rəhbərliyi altında ölkə iqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və yaşıl enerji sahələrində mühüm nailiyyətlər əldə edir.
Eyni zamanda sosial siyasət, təhsil və səhiyyə sahələrinə göstərilən diqqət BƏƏ-nin davamlı inkişaf strategiyasının əsas komponentlərindəndir. Şeyx Məhəmmədin rəhbərliyi ilə həyata keçirilən islahatlar cəmiyyətin rifahının yüksəldilməsinə, gənclərin potensialının üzə çıxarılmasına və inklüziv inkişaf mühitinin formalaşdırılmasına xidmət edir. Bu yanaşma Şeyx Zayed irsinin yalnız qorunmadığını, eyni zamanda yeni mərhələyə daşındığını açıq şəkildə nümayiş etdirir.
Beynəlxalq müstəvidə də Birləşmiş Ərəb Əmirlikləri sülh, əməkdaşlıq və dialoq təşəbbüsləri ilə tanınır. Multikultural dəyərlərin təşviqi, dini və mədəni tolerantlığın qorunması Şeyx Zayedin əsas prinsiplərindən biri olmuşdur və bu xətt bu gün də ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan, Şeyx Zayed adına təsis olunmuş mükafatın insanlığa xidmət ideyasını ön plana çıxarması təsadüfi deyil.
Nəticə etibarilə, Şeyx Zayedin adını daşıyan mükafata layiq görülmək həm tarixi irsə ehtiramın, həm də gələcəyə yönəlmiş inkişaf strategiyasının təcəssümüdür. Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi ilə bu irs müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir və BƏƏ-nin sabit, güclü və innovativ dövlət kimi mövqeyi daha da möhkəmləndirilir. Bu siyasət yalnız bir ölkənin deyil, bütövlükdə regionun və beynəlxalq ictimaiyyətin inkişafına töhfə verən uğurlu model kimi dəyərləndirilir.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.