AZ

Süni intellekt Azərbaycanın iqtisadi inkişaf modelində əsas aparıcı qüvvələrdən birinə çevrilə bilər

ain.az, Bizimyol saytına istinadən bildirir.

Son dövrlər qlobal siyasətdə və iqtisadiyyatda baş verən proseslər göstərir ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dövlətlərarası münasibətlərin və strateji tərəfdaşlıqların əsas sütunlarından biridir. İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair imzalanmış memorandum sıradan texniki sənəd deyil, daha geniş geosiyasi və geoiqtisadi məna daşıyan addım kimi qiymətləndirilməlidir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail uzun illərdir süni intellekt, yüksək texnologiyalar və innovasiya ekosistemi sahəsində beynəlxalq liderlərdən biri hesab olunur: “Startap mədəniyyəti, güclü elmi-tədqiqat bazası və dövlət–özəl sektor əməkdaşlığı İsraili süni intellekt sahəsində qabaqcıl mövqeyə çıxarıb. Azərbaycanın bu ölkə ilə süni intellekt istiqamətində əməkdaşlığa üstünlük verməsi təsadüfi deyil və ölkənin texnoloji inkişaf strategiyasının daha praqmatik mərhələyə keçdiyini göstərir”.

Əli Səlimov

İqtisadçı hesab edir ki, Azərbaycan üçün bu memorandum bir neçə mühüm strateji məqsədə xidmət edir: “İlkin olaraq, bu əməkdaşlıq ölkənin rəqəmsal transformasiya proseslərini sürətləndirmək baxımından əhəmiyyətlidir. Süni intellektin səhiyyə, nəqliyyat, kənd təsərrüfatı, enerji və dövlət idarəçiliyi kimi sahələrdə tətbiqi həm xərclərin optimallaşdırılmasına, həm də qərarvermə mexanizmlərinin daha səmərəli qurulmasına imkan yarada bilər. Xüsusilə, dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi idarəetmədə şəffaflıq və effektivlik baxımından yeni mərhələ aça bilər”.

Əli Səlimov qeyd edib ki, digər əsas məqam isə insan kapitalı ilə bağlıdır: “Memorandum çərçivəsində nəzərdə tutulan birgə tədqiqatlar və kadr hazırlığı proqramları Azərbaycanın gənc mütəxəssislərinin beynəlxalq təcrübəyə çıxışını genişləndirəcək. Bu da uzunmüddətli perspektivdə ölkədə texnoloji savadlı kadr bazasının formalaşmasına və beyin axınının qarşısının qismən alınmasına töhfə verəcək”.

Əli Səlimov bildirib ki, bu əməkdaşlığın regional aspektdə də diqqətçəkən tərəfləri var: “Yaxın Şərq və Cənubi Qafqaz kimi mürəkkəb və rəqabətli regionlarda texnologiya artıq klassik güc alətlərindən birinə çevrilməkdədir. Azərbaycan İsraillə süni intellekt sahəsində tərəfdaşlıq etməklə yalnız iqtisadi deyil, eyni zamanda strateji mövqeyini də möhkəmləndirir. Bu addım ölkənin regional proseslərdə passiv müşahidəçi deyil, yeni texnoloji çağırışlara adaptasiya olunan və onları fürsətə çevirən aktor kimi çıxış etdiyini göstərir”.

“İsrail və Azərbaycan arasında süni intellekt sahəsində imzalanan memorandum təkcə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidi deyil, həm də Azərbaycanın qlobal texnoloji trendlərə daha şüurlu və rasional inteqrasiya cəhdinin göstəricisidir. Əgər bu əməkdaşlıq real layihələr və institusional mexanizmlərlə dəstəklənərsə, süni intellekt Azərbaycanın iqtisadi inkişaf modelində əsas aparıcı qüvvələrdən birinə çevrilə bilər”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
icma.az

1Mənbələr