AZ

Ağ Evdə ÜÇLÜ anlaşmanın 6 AYI – Vensi Bakıya gətirən HƏDƏF

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 9-10 fevral tarixlərində Ermənistana, daha sonra isə 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlaması zamanı məlumat verib. O Vensin çərşənbə axşamı Vaşinqtona qayıdacağını deyib.

Səfərin mövzusu barədə heç bir açıqlama verilməyib. ABŞ Dövlət Departamentinin məlumatına görə, səfərdə onu dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək. Azərbaycana və Ermənistana səfərdə məqsədin prezident Donald Trampın sülh təşəbbüslərini və TRIPP layihəsini təşviq etmək olduğu bildirilir.

Vens

Ağ Evə yaxın mənbələr səfərin Azərbaycan-Ermənistan münasibətlərində son dövrlər müşahidə olunan diplomatik proseslər fonunda həyata keçirildiyini bildirir. Vaşinqton bölgədə gərginliyin azalması, kommunikasiya xətlərinin açılması və uzunmüddətli sülhün təmin olunması istiqamətində tərəflərlə dialoqu davam etdirmək niyyətindədir.

Məlum olur ki, Vens öncə İrəvana gedəcək. Səfər qrafikinin hansısa önəmi varmı? Niyə birinci İrəvan?

İstənilən halda, ən mühüm olan – Trampın şəxsi təşəbbüskarlığı, onun Güney Qafqazla bağlı sülh gündəliyinə sadiq qalmasıdır. Bu isə Rusiyanın regionla bağlı yeni pozucu planları önündə yetərincə etibarlı zəmanət sayıla bilər.

Yeri gəlmişkən, fevralın 8-də Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və ABŞ prezidentin ilə üçlü bəyanatın imzalanmasının 6 ayı tamamlanıb. Bu müddətdə Azərbaycan Prezidenti İlham Əliyev Misirdə, Davosda, Əbu-Dabidə ABŞ və Ermənistan rəhbərləri ilə dəfələrlə bir araya gəliblər.

Keçən 6 ayın əsas yekunu nədir? Bakı və İrəvan böyük sülhə nə dərəcədə yaxınlaşıb, yolun harasındayıq? Zəngəzur dəhlizi (TRIPP) layihəsi lazımi sürətlə irəliləyirmi? Rusiyanın bölgəyə müdaxilə imkanları nə dərəcədə ciddi olaraq qalır?

Paytaxt.org bildirir ki, deputat Elşad Musayev Musavat.com-a deyib ki, Vensin səfərə İrəvandan başlaması “Tramp yolu” ilə bağlıdır:

“Çünki bu razılaşma Vaşinqtonla İrəvan arasında imzalanıb. Ona görə də bu məsələdə başqa səbəblər və versiyalar axtarışına çıxmağın əleyhinəyəm. Nəzərə almaq lazımdır ki, Ermənistan yolun idarəçiliyini ABŞ ilə birgə həyata keçirəcək, 99 il müddətinə bir Amerika şirkəti icarəyə götürəcək. Azərbaycan qarşısında öhdəlik odur ki, Naxçıvana quru keçidimiz maneəsiz təmin olunacaq. O baxımdan, bu günlərdə ABŞ şirkətinin mühəndisləri İrəvanda oldu və məsləhətləşmələr aparıldı. Vensin də səfərə İrəvandan başlaması məhz dəhlizin açılmasının siyasi-iqtisadi və texniki tərəflərini müzakirə etmək, prosesi sürətləndirmək məqsədi daşıyır. Nə qədər ki, Rusiyanın başı qarışıqdır, Zəngəzur koridorunun açılması daha sürətli həyata keçirilməlidir”.

Elşad

Deputat qeyd edib ki, Rusiyanın regiona müdaxilə imkanları xeyli dərəcədə azalıb və Tramp Amerikasının Cənubi Qafqazda fəallığına qarşı hər hansı müqavimət gücü qalmayıb:

“Bu da ötən ilin avqustunda imzalanmış sənədlə bir daha təsdiqini tapdı. Artıq sülh mətni paraflanıb, yekun sazişin imzalanmasına hazırlıq gedir. Məncə, bu ilin sonuna qədər prosesə yekun vura bilərik. Sadəcə, Ermənistan ona kimi konstitusiyaya dəyişiklik etməlidir. Erməni tərəfi yeni konstitusiya mətninin gələn ay, yəni marta hazır olacağını açıqlayıb. O deməkdir ki, seçkilərdən az sonra referendum keçiriləcək və Azərbaycanın məlum tələbi nəzərə alınacaq. Vaşinqtonda 8 avqustda cənab Prezident İrəvana sonuncu “ev tapşırığı”nı verdi və hesab edirəm ki, oyun seçkilərindən sonra bu gözləntimiz reallaşacaq. Ondan sonra yekun sülh sənədini imzalamaq üçün heç bir əngəl qalmayacaq və tarixi saziş bağlanacaq”.

Zəngəzur

Siyasi icmalçı Asif Nərimanlıya görə, səfər iki ştrix üzrə qiymətləndirilə bilər:

“Birincisi, ABŞ 18 il sonra regiona yenidən xüsusi diqqət ayırır, ikincisi, ABŞ Cənubi Qafqaz siyasətinə ənənəvi Tiflis xətti yox, Bakı-İrəvan xətti üzrə yanaşır. Hər iki ştrix Zəngəzur dəhlizi (TRİPP) üzərində birləşir və bu layihə ABŞ-ın təkcə regionda Rusiya və İrana qarşı mövqelərini gücləndirmir, eyni zamanda, Orta dəhliz marşrutu ilə Mərkəzi Asiyaya çıxışa – Çindən Avropaya uzanan xəttə nəzarət etmək, Avrasiyadakı ambisiyaları cilovlamaq imkanı qazandırır. 2008-ci ildən sonra ABŞ-dan Cənubi Qafqaza yüksəkranqlı məmurun gəlişi bu kontekstdə diqqət çəkir”.

Onun fikrincə, Vensin gündəliyində iki məsələ xüsusi yer tutur:

“Vaşinqton anlaşmalarına əsasən Bakı-İrəvan xəttində sülh gündəliyinin inkişaf etdirilməsi: ABŞ vasitəçilik etdiyi prosesin məntiqi sonluğunu görmək istəyir və istisna deyil ki, səfərdən sonra Azərbaycan və Ermənistan arasında qarşılıqlı əlaqələrin güclənməsi (ticarət əlaqələrinin genişlənməsi, tranzit imkanlarından yararlanma və s.) istiqamətində addımlar intensivləşə bilər. TRİPP (Zəngəzur dəhlizi) layihəsinin praktiki icrasını sürətləndirmək: bu, ABŞ üçün Cənubi Qafqazda – Orta dəhlizdə mövcudluq, eyni zamanda, Mərkəzi Asiya ilə əlaqələr baxımından vacibdir. Əslində Vensin regiona səfəri Vaşinqtonun Bakı-İrəvan sülh prosesinin və regional kommunikasiyaların zamini olduğunu yerində nümayiş etdirmək kimi də oxuna bilər”.

Seçilən
202
paytaxt.org

1Mənbələr