AZ

“Korintians”ın 2-ci uğuru - İCMAL

Flamenqo - Korintians 0:2 (0:1)
Flamenqo: Rossi, Varela, Leo Ortis, Leo Pereyra, Aleks Sandro (Lukas, 81), Pulqar, Jorjinyo (De la Krus, 81), Plata (Everton, 81), De Arraskaeta (Bruno Enrike, 69), Karraskal, Pedro (Lukas Paketa, 51).
Korintians: Uqo Souza, Mateuzinyo, Qustavo Enrike, Qabriel Paulista (Andre Ramalyo, 83), Mateus Bidu, Andre (Pereyra, 77), Ranyele, Karrilyo (Qarro, 61), Breno Bidon (Çarls Riqon, 83), Depay (Kayo Sezar, 77), Yuri Alberto.
Qollar: Qabriel Paulista, 26 (0:1). Yuri Alberto, 90+7 (0:2).
Vərəqələr: Breno Bidon, 43. Depay, 55. Qabriel Paulista, 64. Pereyra, 90+3 - sarı. Karraskal, 45+7 - qırmızı.
Hakim: Rafael Kleyn.
1 fevral. Brazilia. 71244 tamaşaçı.

Braziliyada A seriyasının startından sonra 2026-cı il mövsümünün ilk titulu sahibini tapdı. Ölkə Superkubokunun qalibi müəyyənləşdi. Son çempion “Flamenqo”nun ölkə çempionatında ötən mövsümü 13-cü yerdə başa vuran “Korintians”a qalib gəlmək şansı yüksək dəyərləndirilirdi. Lakin nəticə proqnozların əksinə oldu.

Neytral meydanda - paytaxt Braziliadakı “Nasyonal Mane Qarrinça” stadionunda keçirilən oyunda “Flamenqo” topa 58 faiz sahib oldu və qapıya zərbələr planında rəqibini 14:9 hesabıyla üstələdi. Ancaq “Korintians” qapıya dəqiq zərbələr üzrə 4:3 hesabıyla öndə oldu. Dorival Juniorun çalışdırdığı ölkə kubokunun son sahibi effektli oyunla yadda qaldı. 26-cı dəqiqədə Qabriel Paulista san paululuları hesabda önə keçirdi. Rio de janeyrolular buraxılan qola tezliklə cavab vermək istəsələr də, buna nail ola bilmədilər. Onların hərəkətlərində tələskənlik diqqətdən qaçmırdı. Bu, həm real qol imkanları yaratmağa mane olur, həm də ölkə çempionunun bəzi oyunçularında əsəbiliyə səbəb olurdu. Elə ikinci amilə görə sol cinah yarımmmüdafiəçisi Karraskal fasilə ərəfəsində rəqibə qarşı kobudluq etdi və birbaşa qırmızı vərəqə aldı.

Başqa sözlə, Filipe Luisin komandası ikinci hissədə on nəfərlə mübarizə aparmalı oldu. Baş məşqçinin əvəzləmələrlə oyunda dönüş yaratmaq istəyi baş tutmadı. Ona görə ki, rəqib arxa xətdə çox yaxşı oynadı. Son dəqiqələrdə müdafiəni unudaraq böyük qüvvə ilə hücuma atılan “Flamenqo”nu Yuri Alberto da cəzalandırdı. Hücumçu komandasının 2:0 hesablı qələbəsini təmin etdi. Beləliklə, “Korintians” turnirdə 2-ci uğurunu reallaşdırdı. Qeyd edək ki, 9-cu dəfə keçirilən Braziliya Superkubokunda ən çox qalib gələn komanda 3 qələbə ilə “Flamenqo”du. “Qremio”, “Atletiko Mineyro”, “Palmeyras” və “San Paulu” hərəyə bir dəfə superkuboka sahib çıxıblar.

Seçilən
73
1
football-plus.az

2Mənbələr