AZ

“İşçi əmək kitabçasının təqdim edildiyi gündən etibarən 1 ay müddətində məhkəməyə müraciət edə bilər”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, müəllimlər də daxil olmaqla bütün əmək münasibətləri qanunla tənzimlənir və əmək müqaviləsinə yalnız hüquqi əsaslarla xitam verilə bilər. Müəllimlə əmək müqaviləsi onun öz təşəbbüsü, müqavilə müddətinin bitməsi, tərəflərin razılığı, müəssisənin ləğvi və ya ştat ixtisarı, eləcə də tərəflərin iradəsindən asılı olmayan hallar zamanı dayandırıla bilər. Bu əsaslar olmadan işdən azad edilmə qanunsuz sayılır. İşəgötürən müəllimi yalnız vəzifə öhdəliklərinin pozulması, əmək intizamına əməl edilməməsi, işə davamlı gəlməməsi, pedaqoji etikaya zidd davranış və şagirdlərin təhlükəsizliyini riskə atan hallar zamanı işdən azad edə bilər. Bu faktlar mütləq rəsmi sənədlərlə təsdiqlənməlidir.Əmək Məcəlləsinə əsasən, müəllimin işdən azad edilməsi hansı hallarda qanuni sayılır?Qanunsuz işdən çıxarılan müəllim hansı müddətdə və hara müraciət etməlidir?

Hüquqşünas Günel Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əmək mübahisələrində müddət məsələsi çox önəmlidir və bu müddəti ötürmək olmaz: “Müəllim qanuni əsas olmadan işdən azad edilərsə və əmək müqaviləsinə xitam verilərsə, bu halda məhkəməyə müraciət etmək hüququ var. Əmək mübahisələri üzrə işçi əmək kitabçasının təqdim edildiyi gündən etibarən 1 ay müddətində məhkəməyə müraciət edə bilər.

Bu cür hallarda iddia adətən inzibati məhkəməyə verilir. Səbəb ondan ibarətdir ki, müəllimlərin əmək müqavilələrinin xitamı Elm və Təhsil Nazirliyi (və ya müvafiq dövlət qurumu) tərəfindən həyata keçirilir və həmin orqan inzibati münasibətlərdə tərəf hesab olunur. Qanunsuz şəkildə əmək müqaviləsinə xitam verilmiş müəllim 1 ay ərzində inzibati məhkəməyə müraciət edə bilər.

Ümumiyyətlə, əmək mübahisələrində müddət məsələsi son dərəcə əhəmiyyətlidir; bu baxımdan 1 aylıq müddətin ötürülməməsi əsas şərtdir. Əmək Məcəlləsinə uyğun olaraq işçinin son iş günündə ona əmək kitabçası təqdim edilməli, işdən çıxarılma əmrinin surəti ilə tanış edilməli və son hesablaşma aparılmalıdır. Bu sənədlər işçinin son iş günündə təqdim olunmalı və müddətin hesablanması məhz həmin gündən başlayır. Əgər əmək kitabçası işdən çıxarıldığı gün təqdim edilməzsə, yaxud işçi əmrlə həmin gün tanış edilməzsə və sənədlər, məsələn, 10-15 gün sonra verilərsə, bu halda müddətin hesablanması əmək kitabçasının təqdim edildiyi və ya son haqq-hesabın aparıldığı gündən başlayır. Yəni işçi hüququnun pozulduğunu faktiki olaraq öyrəndiyi gündən etibarən 1 aylıq müddət hesablanır”.

Günel Əliyeva

“Bir daha qeyd edim ki, əmək mübahisələrində müddət məsələsi çox önəmlidir və bu müddəti ötürmək olmaz. Düzdür, bəzi hallarda üzrlü səbəblər olduqda məhkəmədən müddətin bərpası xahiş edilə bilər və vəkil tərəfindən bu barədə vəsatət qaldırılır. Lakin burada yekun qərar məhkəmənin mövqeyindən asılıdır. Məhkəmə səbəbi üzrlü hesab edərsə, icraata davam edir. Əks halda müddət bərpa olunmur və iddia təmin edilmir. Bu səbəbdən, qanunsuz işdən çıxarılan müəllimlər üçün əsas məsələ 1 aylıq müraciət müddətini qaçırmamaqdır”, -deyə hüquqşünas Günel Əliyeva vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
bizimyol.info

1Mənbələr