ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-ın vitse-prezidenti ikinci dəfə ölkəmizə səfər edəcək. İlk dəfə 2008-ci ildə o zamankı vitse-prezident Dik Çeyni Azərbaycanda səfərdə olub. Ümumilikdə dünyanın nəhəng dövlətinin ikinci şəxsinin səfəri əlamətdar hadisədir”.
Bu barədə 525.az-a Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana qarşıdakı səfərini şərh edərkən deyib.
O bildirib ki, müstəqillik tarixində ABŞ-dan Azərbaycana bir neçə yüksək səviyyəli səfər həyata keçirilib. 1992-ci il fevralın 13-də ABŞ Dövlət katibi Ceyms Beykerin Bakıya qısa bir səfəri olub.
“ABŞ rəhbərliyinin region ölkələrinə səfərləri əhəmiyyətli hadisədir. Vensin səfər proqramı Ermənistanı və Azərbaycanı əhatə edir. Yəni Cənub Qafqaza səfər deyil, əgər belə olsaydı, Gürcüstana da gedərdi. Səfərin detalların bilməsək də, ən azı gündəlikdə Azərbaycan-Ermənistan məsələlərinin, xüsusilə “Tramp marşrutu”nun olacağı gözləniləndir”, - ekspert bildirib.
S.Məmmədov xatırladıb ki, ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsində çox müstəsna bir rolu oldu. 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitində Prezident Trampın şahidliyi ilə sülh sazişinin mətni paraflandı, eyni zamanda, Birgə Bəyannamə imzalandı: “Görünür, həm bu, həm regional məsələlər diqqətdə olacaq. İndi regionda gərginlik mövcuddur, bu mənada ABŞ-İran və s. regional mövzular müzakirə oluna bilər”.
Ekspert Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin dərinləşməsi ilə bağlı da müzakirələrin aparılmasını istisna etmir.
“Ümumi qiymətləndirəndə, bu, çox vacib bir səfərdir və Azərbaycanın uğurlarından biridir. O baxımdan ki, regiona sülh gətirən dövlət Azərbaycandır. Ermənistan bu proseslərə qoşulub, çünki döyüşlərdə məğlub olub, regiondakı sülhün müəllifi isə Azərbaycandır. Sülh prosesi irəliləməkdədir, ABŞ kimi nəhəng dövlət isə prosesdə yaxından iştirak edir. Əminəm ki, Devid Vens digər mövzuları, regional məsələləri, Azərbaycanla hərtərəfli münasibətləri, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşməsini müzakirə edəcək”, - ekspert söyləyib.
ABŞ-Azərbaycan müasibətlərinin perspektivinə toxunan S.Məmmədov deyib ki, Vaşinqtonun siyasətində son 10 ildə ciddi dəyişikliklər baş verir:
“Demokratların hakimiyyəti dövründə yumşaq desək, Azərbaycan-ABŞ münasibətləri o qədər də yaxşı vəziyyətdə deyildir. Azərbaycanı bir neçə siyahılara saldırlar, erməni lobbisinin təsiri altında müəyyən hərəkətlər oldu. Trampın birinci prezidentliyi dönəmində münasibətlər indiki qədər yaxın olmasa da, normal, stabil idi. Demokratların gəlişi ilə münasibətlər əsaslı şəkildə dəyişdi. İndi Tramp administrasiyası ilə əlaqələri yüksək səviyyədə hesab etmək olar. Amma gələcəkdə münasibətlərdəki varisliyin davam edib-etməyəcəyi və yaxud bu səviyyənin inkişaf edən xətt üzrə aparılması daha çox ABŞ-dan asılıdır, çünki Azərbaycanda xarici siyasət stabildir. Biz ABŞ-la bütün istiqamətlərdə münasibətlərin yüksək səviyyədə olmasında maraqlıyıq, bu, dəyişməyən xarici siyasət xəttimizdir. Vaşinqton bu münasibətləri davam etdirəcəksə, əlbəttə ki, Azərbaycan da onun daha da genişlənməsi istiqamətində səylərini artıracaq. Ümid edək ki, münasibətlərimiz bundan sonra yalnız müsbət istiqamətdə olacaq”.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.