AZ

Belə dostluqlara təcili son qoyulmalıdır: Psixoloq acı həqiqəti açıqladı

Amerikalı psixoloq Mark Trevers ən çox tükəndirən dostluq növünü açıqlayıb.

Hit.az-ın məlumatına görə, o, "Forbes" üçün yazdığı məqaləsində qeyd edib ki, bütün ağrılı dostluqlar gurultulu münaqişələr və ya dramlarla müşayiət olunmur, onlar mütləq xəyanət, qəddarlıq və ya açıq-aşkar hörmətsizliklə bağlı olmur. Psixoloqun sözlərinə görə, bəzən dostluq sadəcə tədricən səssiz bir boşluq hissinə çevrilir.

“Dostunuzla ünsiyyəti davam etdirə, ortaq xatirələri bölüşə bilərsiniz və zahirən hər şey qaydasında görünər. Amma görüşlərdən sonra sizi görmədiklərini hiss etmək, qəribə tənhalıq və ya emosional yorğunluq qalır. Əgər belə bir vəziyyətlə rastlaşmısınızsa, mümkündür ki, siz birtərəfli dostluq içindəsiniz. Bu, adətən qəbul edilən mənada mütləq abüziv və ya toksik münasibət deyil”, deyə psixoloq izah edib.

Onun əlavə etdiyinə görə, araşdırmalar göstərir ki, bu cür münasibətlər kifayət qədər yayğındır və xüsusilə tükəndirici olur. Çünki onlar açıq təhlükə siqnalları vermədən qarşılıqlı bağlılıq gözləntilərimizi pozur.

Dostluq əsasən qarşılıqlılıq üzərində qurulur. Birtərəfli dostluqda isə bu tarazlıq tədricən pozulur:

“Münasibətlərdə bir nəfər, çox vaxt bunu dərk etmədən, bütün görüşlərin təşəbbüskarı olur, daha çox dinləyir, özündən çox qarşı tərəfin ehtiyaclarına uyğunlaşır. Digər tərəf isə bərabər şəkildə geri vermədən fayda əldə edir. Belə dostluqları xüsusilə dolaşıq edən məqam bu incə qeyri-bərabərlikdir. Dost açıq şəkildə pis niyyətli olmaya bilər, amma emosional baxımdan əlçatmaz, yalnız özünə fokuslanmış və ya daim diqqəti yayınıq ola bilər”.

Sosial ağrı ilə bağlı tədqiqatlar göstərir ki, kənarda qalmaq və emosional etinasızlıq fiziki ağrı ilə eyni neyron yollarını aktivləşdirir. Görməməzlikdən gəlindiyini və ya lazımsız olduğunu hiss etmək stress və narahatlıqla əlaqəli olan ön singulat korteksində aktivliyə səbəb olur.

“Аçıq münaqişələrdən fərqli olaraq, emosional yoxluq sinir sisteminə konkret reaksiya hədəfi vermir; yalnız qeyri-müəyyən bir ayrılıq hissi yaranır. Bu qeyri-müəyyənlik psixoloji yükü artırır və onun işlənməsini çətinləşdirir, belə itkiləri açıq qırılmalardan daha ağır edir”, deyə psixoloq vurğulayıb.

Samir
 

Seçilən
51
hit.az

1Mənbələr