AZ

Akademik Gövhər Baxşəliyeva: Azərbaycan Prezidenti alimlərimiz qarşısında strateji vəzifələr qoyub

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil olmaz.
Məhəmmədhüseyn Şəhriyar

Bakı, 9 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında və 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin milli kimlik və millətin varlığında rolundan, dilimizin müasir vəziyyəti, üzləşdiyi problemlərdən danışaraq onun yad təsirlərdən qorunmasını dövlətin və hər bir vətəndaşın milli borcu və vəzifəsi olduğunu vurğulayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında akademik Gövhər Baxşəliyeva söyləyib. O qeyd edib ki, hər bir dövlətdə ictimai şüurun milli-mədəni ənənələr və mənəvi dəyərlər üzərində formalaşması və inkişafı, təbii ki, ictimai və humanitar elmlərin vəzifəsidir. Burada məşhur alman filosofu Artur Şopenhauerin bir kəlamını xatırlatmaq yerinə düşər: “Bütün təbiət elmlərinin belə bir labüd çatışmazlığı var ki, onlar gerçəkliyi sırf obyektiv cəhətdən nəzərdən keçirir, onun subyektiv tərəfini isə yaddan çıxarırlar”. Dəqiq elmlərin “yaddan çıxardığı” həmin sübyektiv tərəf isə ictimai və humanitar elmlərin fəaliyyət sahəsidir. Bununla da sözügedən elmlər gerçəkliyin elmi şəkildə dərki istiqamətində mühüm funksiyanı yerinə yetirir, cəmiyyətdə elmi şüurun hakim mövqe qazanmasında ciddi rol oynayırlar.

Azərbaycan Prezidenti çıxış və müsahibəsi zamanı milli varlığımızın təminatı, Ana dilimizin saflığının qorunması, elmin inkişafı və müasir tələblərə uyğunlaşması ilə bağlı səsləndirdiyi fikirlər elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyub. Əslində Prezident qarşımıza bir proqram qoyub – elm və təhsilin vəhdəti, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanma, elmi potensialın bugünkü reallıqlarla ayaqlaşmaq zərurəti və s.

Dil hər bir xalqın milli kimliyinin qorunub saxlanılmasında ən mühüm amildir. Görkəmli rus pedaqoqu Konstantin Uşinskinin məşhur sözləri var: “Doğma dilini itirən xalq mövcudluğunu da itirir!”

Dövlətimizin başçısının müsahibəsində vurğulanan digər məsələlər elm və təhsilin inteqrasiyası, gənc kadrların təşviqi, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlıq və bunların günümüzdə dayanıqlı inkişafıdır.

Hər bir dövlətin inkişafının əsasında onun elmi, intellektual kapitalından düzgün istifadə etməsi və bütün bunların sayəsində əldə etdiyi yüksək nailiyyətlər durur. Dünyanın ən inkişaf etmiş dövlətlərinin bu gün iqtisadi-siyasi proseslərdə oynadığı fövqəlmissiyasını da təmin edən amil onların elmdə qazandığı nailiyyətlər və bunu ölkənin müxtəlif sahələrində müvəffəqiyyətlə tətbiq etmələridir.

Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, “XXI əsrdə yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq”. Bu fikir qloballaşan və elmi-texniki inqilabın ən yüksək mərhələsini yaşayan dünyamızda öz aktuallığını hər gün göstərir.

Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elm Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atıb.

“Xüsusi diqqət elmin təşkilində çevikliyin təmin olunmasına yetirilməlidir. Bu sahədə kök salmış bürokratik metodlardan imtina edilməli, elmi fəaliyyətin maliyyələşdirilməsində daha müasir və mütərəqqi formalardan istifadəyə üstünlük verilməlidir. Prezident İlham Əliyevin dəyərli nitqində qeyd etdiyi ən başlıca fikir – “müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir” bu gün biz alimlərin, tədqiqatçıların əsas elmi amalına çevrilməli, fəaliyyətimizdə istinadgah olmalıdır. Başlıca məqsəd elmimizin modernləşməsi, elm və təhsilin sıx inteqrasiyasıdır.

İnanırıq ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı və hazırda müstəqil ölkəmiz qarşısında duran ən ümdə vəzifə - “neft kapitalını insan kapitalına” çevirmək işində alimlərimiz öz sözünü deyəcək”, - deyə alim bildirib.

Seçilən
66
1
azertag.az

2Mənbələr