Son dövrlər beynəlxalq gündəmdə təhlükəsizliklə bağlı narahatlıqlar yenidən artmaqdadır. Xüsusilə ABŞ və İran arasında münasibətlərin gərginləşməsi, tərəflərin bir-birinə qarşı açıq təhdidlər səsləndirməsi diqqət çəkir. Bildiyimiz kimi, İranın nüvə obyektlərinin mövcudluğu bu gərginliyi daha da həssas müstəviyə daşıyır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi də artıq təkcə regional deyil, qlobal təhlükəsizlik riskləri yaradan amilə çevrilib. Müharibə fonunda nüvə obyektlərinin təhlükəsizliyi, radiasiya sızması ehtimalları dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən gündəmə gətirilib.
Redaktor.az mümkün radiasiya təhlükəsi zamanı insanların necə davranmalı olduğu, hansı qaydalara əməl etməsinin vacibliyi ilə bağlı araşdırma xarakterli xəbər hazırlayıb.
Beynəlxalq Radioloji Müdafiə Komissiyasının rəsmi veb saytının məlumatına görə, nüvə partlayışları zamanı insanların və ev heyvanlarının həyati təhlükəsizliyini təmin etmək üçün ciddi hazırlıq və düzgün reaksiyalar həyati əhəmiyyət daşıyır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, raket və ya kiçik portativ cihazla baş verə biləcək nüvə partlayışı qısa müddətdə kütləvi itkilərə səbəb ola bilər və ilkin 10 dəqiqə ərzində binanın mərkəzi və ya zirzəmisi kimi möhkəm sığınacaqlara daxil olmaq ən effektiv qorunma üsuludur. Tarixi nümunə olaraq, 6 avqust 1945-ci ildə Hirosimada, sıfır nöqtəsindən təxminən 170 metr məsafədə bir binanın zirzəmisində olan cənab Eizo Nomura atom bombalamasından sağ çıxıb və 1982-ci ildə 84 yaşında vəfat edib. Nüvə partlayışından sonra ilk 24 saat ərzində radiasiyaya məruz qaldığınızı düşünürsünüzsə, çirklənmiş geyim və ayaqqabıları çıxarmaq, açıq dəri sahələrini silmək və ya yumaq, eləcə də ev heyvanlarını sığınacaqdan uzaq bir otaqda saxlayaraq fırçalamaq və mümkün olduqda yumaq tövsiyə olunur. Hazır yemək, içki və dərmanlar istehlak üçün təhlükəsizdir və batareya ilə işləyən AM/FM radiolar vasitəsilə yenilənmiş təlimatları izləmək vacibdir.
ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinə görə, çöldə və ya qeyri-sabit binalarda olsanız, ən yaxın möhkəm binanın zirzəmisinə və ya daxili otağına daxil olmaq radiasiyadan qorunmağın ən etibarlı yoludur. Beton və torpaq divarlar radiasiyaya qarşı müdafiəni artırır, pəncərələrdən uzaq durmaq və mümkün olduqda pəncərəsiz otaq seçmək tövsiyə olunur.
Böyük Britaniyanın rəsmi media təşkilatı BBC bildirir ki, evdə yüksək dozada radiasiyaya məruz qalma riski minimaldır və ardıcıl qorunma yalnız fövqəladə hallarda tələb olunur. Yerli səhiyyə orqanlarının təlimatlarına əməl etmək və çölə çıxmaqdan çəkinmək əsas qorunma strategiyasıdır.
Rus saytına görə, "kalium yodid" tabletləri yalnız təcili hallarda tiroidi qorumaq üçün tövsiyə olunur, profilaktik istifadə isə sağlamlıq problemlərinə səbəb ola bilər. Xarici təsir dozasını azaltmaq üçün məsafə saxlamaq, aranıza ağır əşyalar qoymaq və radiasiyaya məruz qalma müddətini minimuma endirmək əsas prinsiplərdir.
Yaponiya hökumətinə məxsus rəsmi sayta görə, içəridə qalmaq həm çöldən gələn radiasiyadan, həm də inhalyasiya yolu ilə daxil olan daxili radiasiya dozasından qoruyur. Qida və içkilərin bişirilməsi prosesində radioaktiv maddələrin miqdarı azalır, beləliklə, insan sağlamlığı qorunmuş olur.
Nuriyyə NATİQQIZI