AZ

Dini icmaların tədbirlər keçirməsi qanunidir?

Binə qəsəbəsindəki məscidlərin birində baş tutan və on ikinci imamın mövluduna həsr olunan mərasim gündəm olub.

Bu, sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Mərasim zamanı çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılması geniş müzakirələrə gətirib çıxarıb. Hadisə ilə bağlı müxtəlif mövqelər səsləndirilir.

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, dini icmaların müxtəlif mövzularda tədbirlər keçirməsi təbiidir:

391567

"Lakin bu, qeydiyyatdan keçdiyi zaman nizamnamə və müvafiq icazə sənədlərində qanunla izn verilən həddə olmalıdır. Qeyri-ənənəvi bayram və tədbirlər keçirilərsə bununla bağlı aidiyyəti üzrə nəzarət edən qurum bu məsələ ilə bağlı məşğul ola bilər. İcmalar İslam dini üzrə qeydiyyata alınırsa, bu dinə uyğun da fəaliyyət göstərməlidirlər. İcma daxilində müvafiq ayin və ibadətlərin nizamlanmasına da Qafqaz Müsəlmanları İdarəsi nəzarət etməlidir".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda tarixən əsasları mövcud olmuş, xalqımızın milli, mənəvi dəyərlərinə, qanunlara zidd olmayan tədbir və ibadətlər keçirmək olar:

"Lakin xarici təsirlərin nəticəsində, batini mahiyyəti siyasi şüar xarakteri daşıyan, qeyri ənənəvi tədbir və ayinlər doğru deyil. İslam dinində firqələr, məzhəblər mövcuddur. Ölkəmizdə mövcud olan məzhəblərin bəzilərinin əlamətdar günlərində fərqli yönlər var. Hər halda, bu kimi tədbirlərdə təhrif və xurafata, eləcə də siyasi çağırışlara yol verilməməlidir. Əgər söhbət əsl İslamdan gedirsə, bu dində mövlud keçirmək əmri yaxud ənənəsi yoxdur. Heç bir peyğəmbər belə bir göstəriş verməyib".

Amma ilahiyyatçı vurğulayıb ki, sonralar təhriflər və xurafatların dinə qarşılaması nəticəsində mövludlar, matəmlər və digər məzhəb bayramları əlavə olundu:

"Buna baxmayaraq, dini tolerantlıq və multikultural dəyərləri, vəhdət ənənəsini nəzərə alaraq belə məsələlərdə diqqətli olmaq lazımdır. Hər kəs öz inancından doğan ibadət və ayinləri icra edərkən digərlərinin inancını da nəzərə almalı, hörmətlə yanaşmalıdır".

Günel

Seçilən
50
hit.az

1Mənbələr