ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdaş rayonunda 38 yaşlı kişi velosiped sürərkən yıxılıb, xəstəxanaya aparılarkən isə vəfat edib. Qeyd edilir ki, ölən şəxs epilepsiyadan əziyyət çəkirmiş.
Bəs epilepsiya xəstələri velospied sürə bilərmi? Bu xəstələr nələrə diqqət etməlidirlər?
Həkim-nevroloq Rəna Abbasova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, epilepsiya xəstələrində hansısa bir məşğuliyyət, fiziki aktivlik tam məhdudlaşdırılmır:
"Onlar velosiped sürməklə, idmanla və s. məşğul ola bilərlər. Amma bu, müəyyən nəzarətdən sonra olmalıdır. İlk olaraq xəstə öz xəstəliyini, tutmaların xarakterini, tutmaların necə olmasını bilməlidir. Ümumiyyətlə, bu xəstələr öz xəstəlikləri haqqında məlumatlı olmalıdırlar. Bəzilərində aura olur, yəni epilepsiya tutmamışdan qabaq hiss edirlər ki, tutma ola bilər. Bu zaman onlar müəyyən tədbirlər görə bilirlər. Xəstələr uzun müddət həkim nəzarəti altında olmalıdırlar"
Həkim elektroensefaloqrafiya müayinəsindən də danışdı:
"EEQ müayinəsində ocaqların tapılması, xəstənin nəzarət altında olması, tutmaların sayı və azalması, eləcə də dərman müalicəsindən sonra tutmaların hansı tezlikdə baş verməsi vacib şərtlərdir. Əgər xəstədə uzun müddət tutma olmursa, yəni xəstəliyin proqnozunda yaxşılaşma varsa, bəli, xəstə velosipeddən istifadə edə bilər. Ancaq bu zaman bəzi şərtlərə əməl olunmalıdır. İlk növbədə təhlükəsizlik şərtlərinə əməl olunmalıdır. Xəstə uzaq yerlərə tək velosipedlə getməməlidir. Ən azından qoruyucu dəbilqə, dizlik, dirsəklik istifadə olunmalıdır. Xəstə çox təhlükəli yerlərdə velosiped sürməməlidir və daimi həkim nəzarəti altında olmalıdır. Söhbət bütün epilepsiya xəstələrindən gedir ki, daim nəzarət altında olmalıdırlar. İlk üç-beş il ərzində heç bir tutma olmursa və ensefaloqramma müayinəsində heç bir ocaq qeyd olunmursa, bir il ərzində xəstələrin dərmanını azaldıb, kəsə bilirik. Lakin bəzi xəstələr səhlənkarlıq edirlər. 5–6 ay dərman qəbul edir, heç bir tutması olmur, o zaman xəstə düşünür ki, sağalıb və özü həkimə demədən dərmandan imtina edir. Nəzarətsiz olan müalicə hallarında xəstədə tutma təkrarlana və belə ağır nəticələr də verə bilər".
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.