AZ

Avaralıq cəriməsi kimlərə yazılır? Vəkil DANIŞDI

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir vətəndaşa “avaralıq” etdiyi iddiası ilə 20 manat cərimə yazılması müzakirələrə səbəb olub. Çünki cərimə olunan şəxsin sadəcə işsiz, lakin normal həyat tərzi sürən biri olduğu bildirilir.

Bu isə sual yaradır: “avaralıq” kimi kifayət qədər mücərrəd görünən anlayışın hüquqi əsası nədir və belə cərimə hansı hallarda tətbiq olunur?

Redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsi avaraçılıqla məşğul olmağa görə inzibati məsuliyyəti nəzərdə tutur:

"Həmin maddəyə əsasən, qeyd olunan 20-25 manat məbləğində cərimə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilir və bununla yanaşı, onlar inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılırlar. Avaraçılıq anlayışının nəyi ifadə etdiyi maddənin qeyd hissəsində dəqiqləşdirilib. Burada avaraçılıq dedikdə müəyyən yaşayış yeri olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi şəkildə xırda xuliqanlıq və ya dilənçilik yolu ilə dolanan şəxslər nəzərdə tutulur.

Eyni zamanda nəzərə almaq lazımdır ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər bu kateqoriyaya daxil edilmir. Yəni şəxsin istər dövlət, istərsə də özəl sektorda iş yeri olmadıqda, o, müvafiq qaydada işaxtaran və ya işsiz kimi qeydiyyatdan keçməlidir. Qeydiyyata alındıqdan sonra dövlət qurumları tərəfindən ona uyğun iş təklifləri təqdim olunur və bununla da inzibati xəta kimi qiymətləndirilə biləcək halların qarşısı alınmış olur".

Vəkil əlavə etdi ki, avaraçılıqla məşğul olma halı dövlət tərəfindən risk faktoru kimi qiymətləndirilir:

"Statistik müşahidələr göstərir ki, mütəmadi məşğulluğu olmayan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və xırda xuliqanlıq kimi hüquqpozmalarla daha tez əlaqələnə bilirlər. Bununla belə, tətbiq olunan pul cəriməsi yalnız əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə isə əsasən xəbərdarlıq tədbiri nəzərdə tutulur. İşin hallarından və şəxsin vəziyyətindən asılı olaraq, bu tədbirlər kifayət etmədikdə 10 günədək müddətə inzibati həbs tətbiq oluna bilər. Yəni Azərbaycan vətəndaşları üçün 20 manatlıq cərimə deyil, məhz xəbərdarlıq və zəruri hallarda qısamüddətli inzibati həbs tədbiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
redaktor.az

2Mənbələr