Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verildiyi kimi, "Qarabağ" və "Neftçi" futbol klublarının rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, bu məsələyə iki tərəfdən yanaşmaq olar:
"Birinci tərəf ondan ibarətdir ki, azarkeşlər arasında yarana biləcək gərginliyin qarşısının alınması normal və anlaşılandır. Bu yolla mümkün insidentlərin qabağı alınır. Belə addımlar nadir hal deyil və dünyanın bir çox ölkəsində tətbiq olunur. Xüsusilə aşağı yaş qrupları üzrə keçirilən yarışlarda gərginlik gözlənilirsə, bu cür tədbirlərin görülməsi normal qarşılanmalıdır. Hətta uzun müddət böyüklər arasında keçirilən oyunlarda da bu təcrübədən istifadə olunub.
Mən özüm də xatırlayıram ki, bir vaxtlar Azərbaycan çempionatında “Neftçi” və “Xəzər Lənkəran” kimi böyük komandalar arasında gərginlik səbəbindən qarşılıqlı azarkeş qadağaları tətbiq edilirdi. “Xəzər Lənkəran” azarkeşləri “Neftçi”nin meydançasına buraxılmırdı, eyni şəkildə “Neftçi” azarkeşləri də Lənkəranda oyunu tribunadan izləyə bilmirdilər. Bəzi hallarda isə azarkeşlər çox kiçik qruplar halında buraxılırdı, sonradan isə bu tamamilə dayandırıldı. Yəni belə hallar mümkündür və təhlükəsizlik baxımından bu cür addımların atılması normaldır. Amma bunu faciə kimi qiymətləndirmək də doğru olmaz. Əgər azarkeşlər bir-birlərinə qarşı ağır hərəkətlər etməyəcəklərsə, dava-dalaş olmayacaqsa, tribunalar arasında qarşıdurma yaşanmayacaqsa, qarşı komanda azarkeşlərinin eyni məkanda olması tamamilə normaldır, hətta müsbət haldır. Əksinə, bu, oyunlara və ümumilikdə idmana həyəcan qatır".

Ekspert əlavə etdi ki, azarkeşlər tribunada çılğın, emosional, fəal olmalıdırlar.
"Müəyyən gərginlik, qarşılıqlı atmacalar, şüarların səsləndirilməsi, pankartların açılması oyuna marağı artıran amillərdir. Bu baxımdan, belə hallara normal yanaşmaq lazımdır. Zaman-zaman təhlükəsizlik tədbirləri çərçivəsində məhdudiyyətlər tətbiq oluna bilər, lakin daha məqsədəuyğun olan variant azarkeşlərin iştirakı ilə, sadəcə prosesi düzgün idarə etməklə problemi həll etməyə çalışmaqdır", - deyə Kənan Məstəliyev qeyd etdi.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.